Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:10

Ukraynanın ‘hərbi cani’ adlandırdığı şəxs avtomobil partlayışında həlak olub


Rusiyanın işğalında olan Zaporojye AES-də
Rusiyanın işğalında olan Zaporojye AES-də

Ukraynada işğal olunmuş Enerqodarda avtomobilinin partlaması nəticəsində Zaporojye Atom Elektrik Stansiyası təhlükəsizlik xidmətinin əməkdaşı Andrey Korotki həlak olub.

Rusiya Federasiyasının İstintaq Komitəsi hadisənin “təhlükəli üsulla törədilmiş qətl” kimi araşdırıldığını bildirib.

Komitə bildirir ki, oktyabrın 4-də Korotkinin avtomobilinə əldəqayırma partlayıcı qurğu yerləşdirilib.

Korotkinin maşını yola çıxdıqdan az sonra partlayıb. O xəstəxanaya aparılarkən keçinib.

Ukrayna Baş Kəşfiyyat İdarəsi (GUR) Korotkini “hərbi cani” və “kollaborasionist” adlandırır.

GUR-un məlumatında deyilir ki, “Korotki atom-elektrik stansiyasının işçilərinə, habelə müvəqqəti işğal olunmuş Enerqodarın mülki əhalisinə qarşı repressiyalarda iştirak edib”.

Məlumatda deyilir:

"Zaporojye AES-in zəbt edilməsindən sonra Korotki Rusiya işğalçıları ilə əməkdaşlığa başlayıb, onlara stansiya əməkdaşlarının şəxsi məlumatları olan siyahını verib və ukraynayönlü vətəndaşların kimliyini açıb. O müntəzəm şəkildə Rusiya ordusuna dəstək verən tədbirlər keçirib. Putinin Vahid Rusiya partiyasının üzvü olub”.

Rusiya ictimai palatasının üzvü Vladimir Roqov deyib ki, Korotki Enerqodarın Rusiya tərəfindən təyin edilmiş şəhər sovetinin sədri olub.

İstintaq Komitəsinin məlumatına görə o AES-də təhlükəsizlik idarəsinin buraxılış xidməti qrupunun rəisi işləyib.

Bundan əvvəl Zaporojye vilayətində Rusiya qoşunları tərəfindən işğal edilmiş Berdyansk şəhərində avtomobil partlayışı nəticəsində Çerniqov rayonunun hakimi Vitali Lomeyko həlak olmuşdu.

Ukrayna kəşfiyyatının məlumatına görə avtomobil oktyabrın 2-də Liski mikrorayonunda, limanın yaxınlığında partlayıb.

Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsindən sonra Lomeyko Berdyanskda qalaraq Rusiya işğalçıları ilə əməkdaşlıq edib.

Bu da iddia olunur ki, Lomeyko işğal olunmuş ərazilərdəki ukraynalıların repressiyalarında və onlara qarşı cinayətlərdə iştirak edib.

Rusiya işğalçıları ilə əməkdaşlıq edən Ukrayna məmurlarının həlak olması haqqında məlumatlar bundan əvvəl də verilib.

Ukrayna adətən bu ölümlərə görə məsuliyyəti öz üzərinə götürmür.

XS
SM
MD
LG