Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:37

Zelenski Ukraynalı uşaqların zorla köçürülməsi üzrə AŞ qətnaməsini alqışlayır


Ukraynalı ailə
Ukraynalı ailə

Ukrayna prezidenti Vladimir Zelenski aprelin 27-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Rusiyanın ukraynalı uşaqları zorla köçürməsinin soyqırıma bərabər olduğunu bildirən qətnaməni alqışlayıb.

Qətnamədə uşaqların Ukraynaya təhlükəsiz qayıtmasına çağırış edilib və əlavə edilib ki, uşaqların köçürülməsinə dair sənədləşdirilmiş sübutlar “soyqırımın beynəlxalq tərifi ilə üst-üstə düşür”.

Zelenski bu qərarı “Rusiya və onun liderlərini məsuliyyətə cəlb etməyə” kömək edəcək mühüm qərar kimi qiymətləndirib. O, videomüraciətində bildirib ki, bu məsələ belə yüksək beynəlxalq təşkilat tərəfindən ilk tanınmadır.

20 minə yaxın uşaq

Zelenski onu da qeyd edib ki, praktiki olaraq, bu qərar Rusiya və onun rəsmilərinin, o cümlədən terrorçu dövlətin başçısının Ukraynaya qarşı soyqırımı siyasətinə görə cavab verməsi yönündə aparılan qlobal işə əhəmiyyətli dərəcədə kömək edəcək. "Ukraynalı uşaqların deportasiyası Rusiyanın xalqımızın kimliyini silmək, ukraynalıların mahiyyətini məhv etmək cəhdinin düşünülmüş elementlərindən biridir. Bu, Rusiya rəsmilərinin qəsdən törətdiyi soyqırımı cinayətidir", – deyə əlavə edib.

Prezident Kiyevin Rusiya tərəfindən ölkədən çıxarılmış ukraynalı uşaqların hamısının geri qaytarılması üçün bütün səviyyələrdə işi davam edəcəyini vurğulayıb.

Ukraynanın əlində 20 minə yaxın ukraynalı uşağın Rusiyanın müxtəlif bölgələrinə aparıldığını göstərən məlumatlar var.

İlk dəfə amerikalı tədqiqatçılar minlərlə ukraynalı uşağın Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərinə köçürülməsi haqda məlumat yayıb.

Fevralın 14-də dərc olunmuş hesabatda ən azı 6 min ukraynalı uşağın saxlandığı 43 düşərgə və digər obyektləri müəyyən etdiklərini bildiriblər. Eyni zamanda, əsas məqsədin uşaqları “yenidən öyrətmək” və rusiyayönümlüyə çevirmək olduğunu da açıqlayıblar.

Moskvanın arqumenti

Beynəlxalq Cinayət Məhkəməsi (BCM) martın 17-də uşaqların “qanunsuz deportasiya” edildiyini əsas gətirərək, Rusiya prezidenti Vladimir Putin və Moskvanın Uşaq Hüquqları Üzrə Komissarı Mariya Lvova-Belovanın hərbi cinayətlərdə ittiham olunması ilə bağlı həbs qərarı çıxarıb.

Moskva isə bildirib ki, ukraynalı uşaqların Rusiyaya təhvil verilməsi, müharibə zonasında tərk edilmiş uşaqları qorumağı hədəfləyən humanitar kampaniyadır.

Ötən ay Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlıq etmədiyindən axtarış qərarı mənasızdır.

Qərarda bildirilir ki, deportasiya edilmiş uşaqlara rus dilini, mədəniyyəti və tarixini yenidən öyrətməklə “ruslaşdırılması”na sübutlar var.

Ukrayna kimliyini məhv etmək

AŞPA-nın qətnaməsində deyilir ki, ukraynalı uşaqların köçürülməsi “aydın şəkildə planlaşdırılmış və sistemli şəkildə təşkil edilmişdir”. Burada məqsəd “onların Ukrayna kimliyini və xüsusiyyətlərini məhv etməkdir”.

AŞPA BMT və Qızıl Xaç Cəmiyyətinin sözügedən uşaqlar haqqında məlumat toplaması üçün onlara giriş icazəsi verməyə çağırıb.

Qeyd edək ki, Rusiya ötən il Ukraynaya hərbi təcavüzə başlayandan Avropa Şurasından çıxarılıb. Avropada insan haqlarının monitorinqi və müdafiəsi məqsədilə yaradılan bu qurumun 46 üzvü var.

XS
SM
MD
LG