Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:28

Ukrayna televiziyası müharibə dövründə: birlik, yoxsa propaqanda?


Oleksandr Tkaçenko
Oleksandr Tkaçenko

Ukrayna televiziyası illərlə kanalların müxtəlifliyi ilə seçilib. Əsas kanallar xəbərləri özlərinin müstəqilliyini önə çəkərək, yaxud da nəzarətində olduqları zəngin adamların və onların siyasi müttəfiqlərini maraqlarına uyğun təqdim ediblər. Ancaq müharibə hər şeyi kökündən dəyişdirib.

2022-ci ilin fevralında Rusiyanın tammiqyaslı hücuma başlamasından bəri ölkənin əsas kanalları tamaşaçılara eyni kontenti təqdim edir. Telekanallar sutka boyu translyasiya edilən və Birləşmiş Xəbər Telemarafonu adlanan bu kontenti yüksək rütbəli dövlət rəsmiləri ilə koordinasiyalı şəkildə hazırlayırlar.

İlk vaxtlar Telemarafon Rusiyanın Ukraynanı məğlub etmək cəhdinə qarşı müdafiənin bir hissəsi kimi görülürdü. Ancaq 17 ay sonra dövlətin mediaya təsiri və nəzarəti ilə bağlı narahatlıq artmağa başlayıb.

İnformasiya siyasəti naziri dəyişdirilir

İyulun 20-də Prezident Volodimir Zelenski Baş Nazir Denıs Şmıhaldan Mədəniyyət və İnformasiya Siyasəti Naziri Oleksandr Tkaçenkonu “dəyişdirmək haqda düşünməyi” xahiş edib. Tkaçenko Telemarafonu kurasiya edən əsas şəxsdir. Bir neçə saat sonra Tkaçenko istefa ərizəsini yazdığını və bunu Zelenskinin təklifindən öncə etdiyini deyib.

Tkaçenko aylardır ki, vətəndaş cəmiyyətinin tənqid obyektinə çevrilib. İctimaiyyət sonuncu dəfə onu nazirliyin xərcləmələri, xüsusən də dövlət dəstəyilə film və teleserial çəkilişləri ilə bağlı planlara görə tənqid edib.

Tkaçenkonun istefası hələ parlamentin təsdiqindən sonra qüvvəyə minəcək. Onun getməsinin Telemarafona necə təsir edəcəyi hələlik bilinmir.

Prezident Zelenskinin 2022-ci il martın 19-da imzaladığı sərəncamla ölkədə hərbi vəziyyətlə bağlı “birləşmiş informasiya siyasəti” tətbiq olunub. Zelenski yeni siyasəti "milli təhlükəsizlik məsələsi” adlandıraraq Telemarafonun "strateji kommunikasiya üçün vahid informasiya platforması” olduğunu deyib.

Ukrayna qanunlarına görə, hökumət müharibə zamanı media qurumları üzərində nəzarəti ələ keçirə, onların işini dayandıra və hərbi senzura tətbiq edə bilər. Hökuməti dəstəkləyənlər Prezident Zelenski və komandasının media siyasətinin çox yumşaq olduğunu deyirlər.

“Rusiya ordusunun Kiyev üzərinə yeridiyi ilk dövrlərdə Ukraynanın əsas telekanallarının birləşməsi nəinki zərurət, hətta ölkənin parçalanmış media dünyasında möcüzə kimi görülürdü”, – “BBC Monitoring”in Kiyev ofisinin baş təhlilçisi Yana Lyuşnevskaya AzadlıqRadiosuna müsahibəsində deyib.

Hökumət həm işi koordinasiya edir, həm də...

Təşəbbüsün tərəfdarları deyirlər ki, Rusiyanın kütləvi dezinformasiya yayması, bir çox jurnalistlərin Kiyevi tərk etməsi, cəld və səhih informasiyanın çətin tapılması fonunda Telemarafon canlı translyasiyanın davam etməsini və Ukrayna dövlətçiliyinin qorunub saxlanmasını təmin edib.

Telemarafon heyətinin ortaya qoyduğu müharibə dövrü yayım formuluna hava hücumları barədə təcili həyəcan siqnalları, orduya ianələr üçün QR-kodlar, Rusiyanın itkilərini göstərən məlumat və xəritələri əks etdirən təhlillər, vətənpərvər kliplər və s. daxildir.

Tənqidçilər deyirlər ki, hökumət təkcə bəzi mühüm media qurumlarını Telemarafondan çıxarmayıb, həm də təşəbbüsə qoşulan kanalların işini koordinasiya etmək və maliyyələşdirməklə onların üzərində dövlət nəzarəti təmin edib.

Tkaçenko isə bunu inkar edir. "Mənim nəzarət edə biləcəyim böyük xəbər otağı yoxdur. Öz jurnalistləri və redaktə ənənələri olan altı kanal var… Altı saatlıq növbə sistemi də onların muxtariyyətini əks etdirir”, – o, AzadlıqRadiosuna deyib.

XS
SM
MD
LG