Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:16

Ukraynada səfərbərlik prezidentlə silahlı qüvvələr arasına nifaq salır


Dnepropetrovsk vilayətində Rusiyanın Ukraynaya hücumu fonunda Ukrayna ordusu üçün işə qəbul elanı
Dnepropetrovsk vilayətində Rusiyanın Ukraynaya hücumu fonunda Ukrayna ordusu üçün işə qəbul elanı

2022-ci ilin fevralında Rusiya Ukraynaya hücum edərkən ukraynalılar orduya yazılmaq üçün sıraya düzülmüşdülər. Bu, həm Qərb dünyasına ilham vermiş, həm də Rusiyanın gözləntilərini puça çıxarmışdı. İki il sonra, dəhşətli səngər savaşı gedərkən uzun zamandan bəri döyüş meydanında irəliləyişin olmaması, on minlərlə əsgərin öldürülməsi orduya həvəsi azaldıb.

Yeni əsgərlərin azlığı Ukraynanın Rusiya hücumundan müdafiəsi üçün ciddi təhlükədir. Əhalisi Ukraynadan üç dəfə çox olan Rusiya canlı qüvvə itkisinə məhəl qoymadan döyüş meydanına yeni hərbçiləri, o cümlədən məhbusları göndərməyə davam edir.

Kiyev yaranmış problemi çözməkdən ötrü yeni çağırışçıların yaş limitini azaltmağı və səfərbərlikdən yayınanlara qarşı sərt tədbirlər görməyi təklif edib. Ancaq dirənişdən çəkinən hökumət sözügedən təklifi açıq müdafiə etməyə çəkinir, buna ordu rəhbərlərinin, ekspert və millət vəkillərinin qərar verməsinə çalışır.

"Bolşevik taktikası"

Milad gecəsi Ukrayna hökuməti, axır ki, səfərbərliyə dair çoxdan gözlənilən qanun layihəsini parlamentə təqdim edib. Layihə bəzi müxalif millət vəkillərinin tənqidi ilə üzləşib.

"Holos" partiyasından seçilmiş Solomiya Bobrovska dekabrın 27-də AzadlıqRadiosunun Ukrayna xidmətinə müsahibəsində deyib ki, qanun layihəsi təqdim edilərkən elə düşünülüb ki, "heç kimin xəbəri olmasın". O bunu "bolşevik taktikası" adlandırıb.

Qanun layihəsi prezident Volodimir Zelenskinin deyil, baş nazir Denis Şmıhal və müdafiə naziri Rustem Umerovun adından təqdim edilib. Bəzi ekspertlər bunu prezidentin öz yüksək reytinqinə xələl gəlməsindən rahatsız olması ilə əsaslandırır.

"Prezident önə çıxaraq məsuliyyəti öz üzərinə götürməli və bu [qanunun] nədən qaçılmaz olduğunu izah etməli olan dövlət adamı kimi davranmadı", - hüquqşünas və fəal Hennadiy Druzenko AzadlıqRadiosuna belə deyib.

Prezident Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujni ilə
Prezident Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujni ilə

Hökumətə güvən daha çox azalıb

Druzenko deyir ki, qanun layihəsinin təqdim edilməsi və ictimaiyyətin qəzəbini öz üzərinə götürməsi ona görə hökumətə həvalə edilib ki, hökumətə inam onsuz da aşağıdır və daha aşağı düşmə ehtimalı azdır. Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KIIS) keçirdiyi sorğunun nəticələrinə görə, ukraynalıların yalnız 26 faizi hökumətə güvən ifadə edib. Halbuki ötən ilin dekabrında həmin göstərici 52 faiz idi. Rusiyanın tammiqyaslı hücumunun ardınca Zelenskinin populyarlığı çox yüksəlmişdi. Bu, Rusiya xüsusi qüvvələrinin paytaxtın yaxınlığına çatdığı halda da Kiyevi tərk etməkdən boyun qaçırmasından qaynaqlanırdı. Ötən ilin sonlarında Ukraynanın Rusiya ordusunu geri çəkilməyə məcbur etməsi də öz rolunu oynamışdı. KIIS-in o dövrdə keçirdiyi sorğunun nəticələrinə görə, ukraynalıların 84 faizi Zelenskiyə etimad ifadə etmişdi. İndi bu göstərici 62 faizdir.

Reytinqi hələ yüksək olsa da, yenidən prezident seçilmək istəsə, güvənin davamlı azalması Zelenskiyə problemlər törədə bilər. Bu yaz Ukraynada prezident seçkiləri keçirilməli idi, ancaq ölkədəki hərbi duruma görə seçki ertələnəcək. Zelenski səfərbərliyə dair qanun layihəsinin təqdimatından bir neçə gün öncə, dekabrın 19-da keçirdiyi mətbuat konfransında Ukrayna ordusu rəhbərliyinin, əlavə olaraq, daha 500 min əsgər çağrılmasını təklif etdiyini bildirib. O, belə böyük sayla bağlı açıqlama istədiyini də dilə gətirib. Bundan bir neçə gün sonra Silahlı Qüvvələrin Baş komandanı general Valeri Zalujnı mediaya bildirib ki, daha çox əsgər həddindən artıq uzun müddət döyüşən əsgərlərin yükünü azaltmaq, eləcə də qarşıdakı il ərzində gözlənilən itkiləri kompensasiya üçün tələb olunur.

"Əlyandıran kartof"

Zalujnı Baş Qərargahın qanun layihəsi ilə bağlı Müdafiə Nazirliyi ilə məsləhətləşdiyini, amma ordunun qanunvericilik təşəbbüsü göstərmək yetkisi olmadığından yekun versiyanı hökumətin tərtib etdiyini də söyləyib.

Druzenkonun fikrincə, prezident administrasiyası və ordu qanun layihəsinə görə məsuliyyəti "əlyandıran kartof kimi" bir-birinin üstünə atacaq.

"Avropa həmrəyliyi" blokunu təmsil edən millət vəkili İrina Friz də AzadlıqRadiosuna müsahibəsində deyib ki, Zelenski öz populyarlığını qorumaqdan ötrü qanun layihəsi ilə özü arasında məsafə saxlamağa çalışır.

Parlament sədrinin birinci müavini və "Xalqın xidmətçisi" partiyasının keçmiş sədri Oleksandr Korniyenko bu iddianı rədd edib və qanun layihəsinin ordu ilə birlikdə hazırlandığını vurğulayıb. Yeni qanun layihəsi çağırışçıların yaş limitini 27-dən 25-ə endirməyi, əlilliyi yüngül olanlara hərbi xidmətlə bağlı güzəştin ləğvini, rəqəmsal çağırış vərəqələrinin leqallaşdırılmasını, habelə çağırışdan yayınanların daşınmaz əmlak almaq və ya satmaq kimi maliyyə əməliyyatları aparmaq imkanlarının məhdudlaşdırılmasını nəzərdə tutur. Səfərbərliyə görə məsuliyyətin çox hissəsi də yerli hökumətlərin üzərinə qoyulur.

Kiyevin mərkəzində Müstəqillik Günü hərbi paradının məşqi
Kiyevin mərkəzində Müstəqillik Günü hərbi paradının məşqi

Çağırış bildirişləri üçün mobil əlavədən istifadə edilməyəcək

Ekspertlər deyirlər ki, yerli məmurlar da öz populyarlıqlarından narahat olduqlarından bu işi həvəssiz görə bilərlər. Rəqəmsal İnkişaf naziri Mixaylo Fyodorov da tez-tələsik bildirib ki, hökumətin hazırladığı və milyonlarla ukraynalının telefonlarına endirdiyi "Diia" adlı super mobil əlavə çağırış bildirişləri göndərmək üçün istifadə edilməyəcək. Müxalifətçi millət vəkilləri qanun layihəsindəki ayrı-ayrı məqamları, özəlliklə çağırışdan yayınanların maliyyə əməliyyatlarının qarşısının alınması ilə bağlı bölümü tənqid ediblər. Bəzi ekspertlər ilkin oxunuşu yanvarın 14-dən öncə olacaq qanun layihəsinin bu ayın sonunadək qəbul edilə biləcəyini deyir. Ukraynada yaşı 18-lə 60 arasında olan kişilərin ölkədən çıxması yasaqlanıb. Di gəl, bəzi insanlar sərhədçilərə və digər məmurlara rüşvət verərək ölkədən çıxa bilir. Bəziləri də satın alına bilən tibbi sənədlərlə çağırışdan yayınır. Çağırış bildirişlərinə məhəl qoymayanlar da var. Ukraynalı kişiləri orduya cəlb edilməsindəki çətinliklər polisi vadar edir ki, çağırışdan yayınanları küçədəcə yaxalasın. Bunların sosial mediada sürətlə yayılması isə hökumətə mənfi münasibəti gücləndirir. Ukrayna Elmlər Akademiyası Sosiologiya İnstitutunun direktoru Yevhen Holovaha deyir ki, yayda keçirilən sorğuda ukraynalıların üçdə biri ölkəni qorumaq üçün silaha sarılmağa hazır olduğunu bildirsə də, reallıqda insanlar çağırış bildirişi alarkən fərqli davrana bilərlər.

"Qeyri-müəyyənlikdən xəstələnirlər"

Holovaha yay əks-hücumunun uğursuz olmasının ukraynalılar arasında bədbinliyi artırdığını söyləyir. Onun sözlərinə görə, ölkə rəsmiləri və media ictimaiyyətdə gerçəkçi sayılmayacaq uğur gözləntisi formalaşdırmışdı. O, çağırış prosesi ədalətli və şəffaf görünərsə, orduda xidmət etmək istəyənlərin sayı daha çox olacağını da vurğulayıb: "İnsanlar nə üçün orduya çağrıldığını, xidmət müddətini, nə qədər pul qazanacağını, ailələrinə nə qədər pul çatacağını, qayıtdıqdan sonra nə baş verəcəyini bilmək istəyirlər. Onlar qeyri-müəyyənlikdən xəstələnirlər. Bütün bu stresslər, həm fiziki, həm də psixoloji xəstəliklərin çoxu onların qeyri-müəyyənlik ortamında yaşamasından qaynaqlanır". Ötən il əzizlərinin ordudan tərxis edilərək yeni əsgərlərlə əvəzlənməsini istəyən qadınların bir neçə dəfə etiraz nümayişləri olub. Ölkədəki hərbi vəziyyət üzündən ictimai etirazlar qadağandır.

Zelenski ictimaiyyətin səfərbərliklə bağlı narazı olduğu məsələləri çözməyə çalışıb və ötən il korrupsiya ittihamları fonunda bir neçə regional hərbi çağırış idarəsi rəhbərini vəzifəsindən azad edib. O, eyni zamanda, Baş Qərargahdan ordudan tərxis planını təqdim etməsini istəyib. Yeni qanun layihəsi və onunla bağlı məsuliyyətin kimin üzərində olması ətrafında debat Zelenski ilə Zalujnı arasında gərgin olduğu deyilən münasibətləri daha da gərginləşdirə bilər.

Ötən ay parlamentin Müdafiə komitəsi sədrinin müavini, Zelenskinin partiyadaşı Maryana Bezuhla açıq şəkildə Zalujnını tənqidə tutaraq 2024-cü ilin savaş planını açıqlamadığı halda, onun daha böyük səfərbərlik tələb etdiyini söyləyib. Bəziləri onun bu çıxışını prezident administrasiyasının mesajı kimi qəbul ediblər.

Ancaq ekspertlər xalq arasında prezidentdən daha populyar olan Zalujnının vəzifəsindən azad edilməsinin prezident administrasiyasına ziyan verə biləcəyini dilə gətirirlər.

Holovaha deyir ki, ukraynalılar ölkələrinin müharibədə qazandığı qələbələri Zalujnı ilə assosiasiya edirlər.

Demokratik Təşəbbüslər Fondunun araşdırma direktoru Oleksiy Haran deyir ki, Zalujnının qovulması "ilk növbədə Zelenski üçün məğlubiyyət demək olacaq".

XS
SM
MD
LG