Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:58

'Partlamağa hazır qarışıq': Ukrayna cəbhədəki döyüşçü böhranını çözməyə çalışır


Ukraynalı kişiləri hərbi xidmət üçün gecə klublarından çıxarırlar: İnsanlar nə düşünür?
Gözlə

No media source currently available

0:00 0:00:59 0:00

Ukraynalı kişiləri hərbi xidmət üçün gecə klublarından çıxarırlar: İnsanlar nə düşünür?

Ukraynada hərbi komissarlıq əməkdaşları son günlər müxtəlif yerlərə gedərək orduda xidmət üçün qeydiyyatdan keçməyən kişiləri axtarıblar. Onlar uzun mübahisələrdən sonra bu ilin yazında qəbul olunan son dərəcə ziddiyyətli hərbi səfərbərlik qanununu icra etməyə çalışıblar.

Bəzi hallarda dramatik nəticələr olub. Oktyabrın 11-də "Okean Elzı" qrupunun konsert verdiyi Kiyev İdman Sarayının çıxışında çəkilən videoda hərbi komissarlıq əməkdaşları səkidə mülkigeyimli bir kişini sürüyür, baxanlarsa "Ayıb olsun!" deyə qışqıraraq etiraz edirlər.

AzadlıqRadiosunun Rusiya/Ukrayna/Belarus Masasının redaktoru Stiv Quttermanın radionun Ukrayna Xidmətinin və CurrentTimeTV-nin əməkdaşlarının hazırladığı materiallardan yararlanıb yazdığı məqalədə deyilir ki, olub-bitənlər Ukraynada iki dünyanın toqquşmasına danılmaz örnəkdir. Min 200 kilometrlik cəbhə xətti boyunca gedən qanlı döyüşlər artıq dördüncü ilinə yaxınlaşsa da, savaşın sonu görünmür. Üstəlik, ölkənin hər yerində şəhər və kəndlərə raket və dron hücumları olsa da, həyat, hətta gecə həyatı davam edir.

Oleksiy Haran
Oleksiy Haran

Döyüşən əsgərlərlə mülki şəxslər arasında təzad

"Ölkənin yarısı ağlayır, yarısı da sevincdən atılıb-düşür", - Kiyevdəki Demokratik Təşəbbüslər Fondunun araşdırma direktoru, siyasi elmlər professoru Oleksiy Haran AzadlıqRadiosunun Ukrayna xidmətinə belə deyib. O bu sözlərlə cəbhədə döyüşən əsgərlərlə müharibə dövründə nisbətən qayğısız həyat sürən mülki şəxslər arasındakı təzada diqqət çəkmək istəyib.

Moskvanın amansız hücumlarına duruş gətirməyə çalışan Ukrayna ciddi çətinliklərlə üz-üzədir. Tezliklə Donbasdakı iri şəhərlərdən biri havada üstün Rusiya qoşunlarının əlinə keçə bilər. Rusiyanın enerji infrastrukturuna hücumları qışı daha da ağırlaşdıracaq. ABŞ-də keçiriləcək prezident seçkiləri və Aİ üzvləri ilə fikir ayrılıqları fonunda Qərbin dəstəyinin gələcəyi də dumanlıdır.

Ancaq Kiyevdə yaşayan siyasi təhlilçi Oleksiy Koşel deyir ki, hərbi komissarlıq əməkdaşlarının reydləri "inanılmaz miqyasa çatıb". Cəbhə xəttində canlı qüvvə çatışmazlığı Kiyevin çözməyə çalışdığı və nəticələri cəbhə xəttindən çox uzaqlara yayılan ağır problemlərdən biridir. Üstəlik, indiki halda Ukraynanı ən istəmədiyi şey cəmiyyətin parçalanmasıdır.

Londondakı Kral Kollecinin Savaş Araşdırmaları Bölməsinin baş mühazirəçisi Rut Deyermond deyir ki, "nəhəng insan və texnika itkiləri bahasına çox cüzi irəliləyiş əldə etməsi" fonunda canlı qüvvə məsələsi Rusiyada da problemdir. Ancaq onun sözlərinə görə, Rusiyada bu problem özünü Ukraynadakından daha az kəskin büruzə verir.

Yerli sakin Dnepropetrovsk vilayətində Ukrayna ordusuna qəbul elanının yaxınlığında velosiped sürür.
Yerli sakin Dnepropetrovsk vilayətində Ukrayna ordusuna qəbul elanının yaxınlığında velosiped sürür.

"Cəbhədə yetərincə adam yoxdur – bu, danılmaz gerçəkdir. Heç istisnasız, bütün birliklərdə heyət qıtlığı var", - ukraynalı hərbi təhlilçi Pavlo Narojnıy AzadlıqRadiosuna belə deyib.

"Gerçəkdə orada beş-yeddi nəfər ola, ya olmaya"

O öz arqumentini əyani təsvir etmək üçün ön xəttə gördüklərini paylaşıb. "Bizim bir müşahidə postumuz, yaxud müdafiə məntəqəmiz var. 30 nəfər postda olmalıdır, ancaq gerçəkdə orada beş-yeddi nəfər ola, ya olmaya… 30-40 rus da hücum edir. Bu beş-yeddi adam 30-40 nəfərin hücumunun önünü kəsməlidir, axı yetərincə adam yoxdur. Sadəcə, adam yoxdur – adamlar bitib-tükənib", - Narojnıyın sözləridir.

"Ukrayna ordusu heç vaxt Rusiya kimi əhalisi daha çox olan və rəhbərliyi öz müharibə məqsədləri üçün hər cür itkiyə hazır düşmənə qarşı rəqəm oyununu uda bilməz", - Böhran Qrupunun Ukrayna üzrə baş təhlilçisi Saymon Şleqel (Simon Schlegel) elektron poçtla göndərdiyi şərhində belə yazıb.

Bu, Rusiyanın 2022-ci ilin fevralında başlatdığı tammiqyaslı müdaxilənin birinci ilində narahatlıq mövzusu deyildi. Başlanğıcda "könüllülər səfərbərlik idarələrinin qarşısında uzun növbələr yaradır, çox vaxt öz texnikalarını gətirir, öz təlimlərini də özləri təşkil edirdilər", - Şleqel deyir. Ancaq ötən il "könüllülərin bol axını qurudu".

Səfərbərlik qanunu rəqəmləri artırmaq üçün bu il görülən tədbirlərin bir hissəsidir. Qanun yaşı 25-60 arasında olan kişilərin ordunun tabeliyindəki səfərbərlik mərkəzlərində, mülki inzibati idarələrdə, yaxud hökumətin mobil tətbiqi sayılan "Reserve+"də öz şəxsi bilgilərini yeniləməsini tələb edir.

Zorakılıq videoları hərbi komissarlıq əməkdaşları ilə bağlı suallar yaradır.
Zorakılıq videoları hərbi komissarlıq əməkdaşları ilə bağlı suallar yaradır.

"Bu Kiyevin hansı ehtiyata güvənə biləcəyini daha yaxşı nümayiş etdirdi. Bəlkə, 3.7 milyon çağırışçıdan ibarət həmin ehtiyat qüvvə Kiyevin bu il səfərbər etməyə ümid bəslədiyi …200 min əsgərdən daha böyükdür. Göründüyünə görə, yaydan bəri orduya yazılanların sayı da artıb", - Şleqelin sözləridir.

Di gəl, səmərəli təlimlə bağlı maneələrdən tutmuş, vətəndaşların rüşvət və digər fırıldaq yollarla hərbi xidmətdən yayına bilməsinə şərait yaradan korrupsiyayadək çox sayda problem var.

İnsanları hərbi xidmətdən çəkindirən amillər də yox deyil. Onlardan biri də yeni səfərbərlik qanununun ordu sıralarından tərxis və ya rotasiya qaydalarını əks etdirməməsidir. Potensial çağırışçılar indi döyüş xəttində olan, 2022-ci, yaxud 2023-cü ildən bəri aramsız döyüşməli olan əsgərlər kimi orduya yazılacaqları halda, bir daha oradan sağ çıxmayacaqlarından təlaşlanırlar.

Fərarilik halları da artmaqdadır. "Ukrainska Pravda" onlayn qəzetinin oktyabrın 15-də Baş Prokurorluğa istinadla dərc etdiyi reportajda bu ilin yanvar-sentyabr aylarında 18 min 300-ə yaxın fərarilik halının qeydə alındığı yazılır. Bu, ötən ilin eyni dövründəkindən dörd dəfə çoxdur. Reportajda deyilir ki, xidmət yerini icazəsiz tərketmə halları da xeyli artıb.

"Vəhşi səfərbərlik"

Kişiləri zorla orduya aparmaq, yaxud qeydiyyatdan keçməyə məcbur etmək – buna bəzən "vəhşi səfərbərlik" də deyilir. Belə səfərbərlik yeni qanunun qəbulundan xeyli əvvəl də baş verirdi. Tammiqyaslı müharibənin ilk ili başa çatandan bəri hərbi komissarlıq əməkdaşlarının çağırış vərəqələrini aqressiv, hiyləgər, bəzən də zorakı yollarla təqdim etməsinin görüntüləri internetdə tez-tez paylaşılırdı.

Ukraynanın canlı qüvvə problemi ağırlaşdıqca ictimai dartışmalar da çoxalır. Kiyevdə yerləşən Razumkov Mərkəzinin iyunun sonlarında keçirdiyi rəy sorğusunda respondentlərin yarıya yaxını – 46 faizi hərbi xidmətdən yayınmanın ayıb olmadığını, 29 faizi isə ayıb olduğunu deyib.

Ukraynalı musiqiçi və siyasətçi Svyatoslav Vakarçuk
Ukraynalı musiqiçi və siyasətçi Svyatoslav Vakarçuk

Konsertin çıxışında keçirilən reyd Ukrayna üçün bu həssas vaxtda insanların duyğularına toxunub.

"Okean Elzı"nın solisti, rok ulduzu və keçmiş millət vəkili Svyatoslav Vakarçuk 2019-cu ildə "Holos" (Səs) müxalifət partiyasını yaradıb.

Hərbi komissarlıq əməkdaşları ilə mülki şəxslər arasındakı qarşıdurmanın görüntüləri internetdə viral olub. Hərbi xidmət və cəbhədə canlı qüvvə sayının artırılmasının üsulları ilə bağlı fərqli düşünən tərəflərin hər ikisinin reaksiyaları səslənməyə başlayıb.

"Onlar fərq qoymadan hamını aparırlar. Özü də onları hara göndərirlər – ölümə? Bu, məncə, yanlışdır", - Ukraynanın şimalında yerləşən Çerniqov şəhərinin bir sakini AzadlıqRadiosuna belə deyib.

Başqa bir Çerniqov sakini onunla razılaşmayıb: "Mən düşünürəm ki, bu, hər bir kişinin borcudur. Mən 2015-ci ildən bəri xidmət etmişəm. İki müharibədə vuruşmuşam. Məncə, bu, hər bir ukraynalı kişinin borcudur".

Narojni deyir ki, səfərbərliyin dinamikası dəyişməsə, gələcək çox qorxunc görünür: "Gedişat dəyişməzsə və bu mənfi trend sürərsə, ölkəmizi də itirəcəyik, xalqımızı da".

XS
SM
MD
LG