Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:34

Astaralılar Ukraynadakı müharibədən narahatdırlar


Asən Həşimli
Asən Həşimli

Rusiyanın Ukraynaya hücumu Azərbaycanın cənub rayonlarında da narahatlıq yaradıb. Bu bölgədən olan yüzlərlə ailə vaxtilə Ukraynaya köç edib. Orada vətəndaşlıq alanlar da var.

"Mərmidən qorunmaq üçün zirzəmidə qalırlar"

Astara şəhər sakini Asən Həşimli Ukraynada yaşayan yüzə yaxın həmyerlisini tanıdığını söyləyir: "Mənim iki qaynım oradadır. Nikolayevka şəhərində yaşayırlar. Mərmidən qorunmaq üçün zirzəmidə qalırlar. Üç-dörd ailə bir yerdə yaşayır".

O, qohumlarına Azərbaycana gəlmələrini məsləhət görüb: "Dedilər ki, belə ağır vəziyyətdə vətəndaş olduqları ölkəni tərk etmək istəmirlər".

Astara rayonu Pensər kənd sakini İntizar Mürsəlov da Ukraynada yaxınlarının yaşadığını bildirir: "WhatsApp-la gündə bir dəfə danışırıq. Xarkov şəhərindədirlər. Çölə çıxmırlar. Dua edirik".

"Ərzaq qıtlığı var"

Rayonun digər sakini Səttar Hüseynov isə Ukraynada yaşayan qohumlarının ərzaq qıtlığı ilə üzləşdiklərini deyir: "Əlaqə saxlayırıq. Müharibənin ilk günündən zirzəmidə yaşayırlar. Ərzaq qıtlığı var".

Ukraynada ümumilikdə nə qədər Azərbaycan vətəndaşının olduğu rəsmən açıqlanmayıb. Media orqanlarında bu rəqəm bir neçə yüz min göstərilib.

Xatırlatma

Bu il fevralın 24-də Rusiya Ukraynaya yeni hücuma başlayıb. Ondan üç gün əvvəl Rusiya Ukrayna ərazisində separatçı "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası"nın müstəqilliyini tanımışdı. Altı il əvvəl isə Ukraynanın bir hissəsini –Krımı ilhaq etmişdi. Bu ölkəyə qarşı sanksiyaların ilkin mərhələsi onda başlamışdı.

Son hücumdan sonra isə Rusiyaya qarşı Qərb və başqa bəzi ölkələrin sanksiyası daha da genişləndirilib. Azərbaycan sanksiyalara qoşulmur.

XS
SM
MD
LG