Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:18

Türkmənistanda zəlzələ qurbanları, məktəb təmiri üçün ianələr necə yığılır


Türkmənistanda tədbir
Türkmənistanda tədbir

Türkmənistanda dövlət təşkilatında işləməyin öz çətinlikləri var. Məmurlar tez-tez işçilərə hökumətin dəstəklədiyi müxtəlif xeyriyyə işləri və layihələrinə pul ödəməyi, paradlara qatılmağı, küçələri təmizləməyi əmr edirlər.

Bu yaxınlarda işçilər aylıq maaşlarının böyük hissəsini keçmiş prezident Qurbanqulu Berdiməhəmmədovun xeyriyyə fonduna ödəməyə məcbur ediliblər. Pulun Türkiyədə baş verən zəlzələnin qurbanları üçün toplandığı iddia edilib.

Türkmənistanın qərbində yerləşən Balkan əyalətində dövlətin idarə etdiyi mədəniyyət mərkəzlərinin iki işçisi aylıq maaşlarının yarısının fonda köçürülməsi tələbi ilə üzləşdiklərini deyirlər. Anonimlik şərtilə danışan işçilərin aylıq maaşı 430 dollar təşkil edir.

"İşçilərin bəziləri ödənişi edə bilməyəcəklərini deyib etiraz etməyə çalışdılar. Ancaq müdir onlara dedi ki, ya pulu ödəməlidirlər, ya da ərizələrini yazıb işdən çıxmalıdırlar. Ona görə hamı ödədi”, – işçilərdən biri deyir.

Subsidiyalar kəsilib

Dövlət sektoru işçiləri üçün işini itirmək yaxşı seçim deyil; işsizlik səviyyəsinin həddindən artıq yüksək olduğu Türkmənistanda alternativlər yox səviyyəsindədir.

Ölkənin nəhəng qaz ehtiyatlarının (dünyada dördüncü) olmasına baxmayaraq, əhalinin əksər hissəsi yoxsulluq içində yaşayır. İnsanlar hər gün ərzaq qıtlığı, artan inflyasiya və işsizliklə üzləşməli olur.

Çoxları ölkədə əksər insanların həyat keyfiyyətinin aşağı olmasına görə korrupsiya və idarəetmənin bərbadlığını günahlandırır.

Son bir neçə il ərzində iqtisadi vəziyyətin davamlı pisləşməsi fonunda hökumət pulsuz qaz, elektrik və su kimi güzəşt və subsidiyaları da ləğv edib. Ərzaq subsidiyaları bir çox türkmən üçün həyatda qalmağın yeganə yoludur. Ancaq son illərdə hökumət dükanlarında ərzağın qiyməti də artıb.

Kimsəsiz uşaqlardan təmir pulu yığılıb

Bütün bunların fonunda məmurlar insanları hökumətin pulsuz göstərməli olduğu xidmətlərə görə pul ödəməyə məcbur edir.

Əyalətlərdə dövlət işçiləri ofis binalarının təmiri, müəllimlərlə valideynlərsə hər il məktəb binaları və bağçaların təmiri üçün pul ödəməlidirlər.

2021-ci ildə ölkənin cənub-şərqində yerləşən Marı əyalətində məktəbin müdiriyyəti dövlətin güzəştləri hesabına yaşayan yetim uşaqları məktəbin təmirinə görə pul ödəməyə məcbur etmişdi.

Rəsmilər yetim uşaqların qohumlarına və qəyyumlarına belə demişdilər: "Siz dövlətdən maddi dəstək alırsınız, ildə bir dəfə məktəbin təmirinə 30 dollar verə bilərsiniz”. O zaman AzadlıqRadiosunun müxbirləri şahidlərə istinadən bu barədə xəbər vermişdilər.

Hökumət mediasının məlumatına görə, Türkmənistanda orta hökumət müavinətinin həcmi ayda 122 dollar təşkil edir. Orta aylıq əməkhaqqı isə 715 dollardır. Türkmənlərin çoxu yaşayış qiymətlərinin artması fonunda bu məbləğin ərzaq və kommunal xərclərin ödənməsinə güclə çatdığını deyir.

Abunə pulu, Məcburi “putyovka”lar

Bir çox dövlət işçisi müdiriyyətin onlara vaxtaşırı ağac şitili, milli bayraq, Yeni İl yolkası və keçmiş prezidentin kitabları kimi əşyalar almağa məcbur etdiyini deyir.

Bundan başqa hər əməkdaş dövlətin media orqanlarına abunə olmağa məcbur edilir. Hərçənd məcburən yazıldıqları o qəzet və jurnallar onlara gəlib çatmaya da bilər.

Yay aylarında regional hökumətin işçilərinə Xəzər sahilində kurort şəhəri olan Avazaya məzuniyyət paketi məcburi qaydada (“putyovka”) aldırılır. Burada əksər otellər qiymətlərin yüksək olmasına görə boşdur.

Maaş və müavinətlərini dövlətdən alan ölkə sakinləri, o cümlədən təqaüdçülərdən bunun əvəzini vaxtları ilə ödəmək tələb olunur. Onlar dövlətin təşkil etdiyi festival, sərgi və paradlara, habelə sağlamlıq tədbirlərinə qatılmalıdırlar. Dövlət bu tədbirləri ölkədə rifah və xoşbəxtlik görüntüsü yaratmaq üçün təşkil edir.

Dövlət mediasında tez-tez dövlət tədbirləri və açıq hava yığıncaqlarına toplaşmış, təptəzə və standart milli geyimli yaşlı kişiləri görmək olur.

Rəngli milli geyim və baş örtüklü qadınlarsa sərgilər və digər tədbirlərdə görünür. Bu bahalı geyimlərin pulunu da onların özlərinə ödətdirirlər.

Ölkədən çıxa bilməzlər

Ölkə prezidentinin səfərləri ərəfəsində yerli orqanlar çox vaxt dövlət işçilərini işlərindən ayırıb küçələri süpürməyə, otluqları təmizləməyə və ağac əkməyə aparır.

Dövlət işçilərinin iş yerlərini itirməmək üçün verdiyi qurbanlar pul və zamanla məhdudlaşmır. Onlar onsuz da məhdud azadlıqlarının bir hissəsindən də keçməli olurlar.

Dövlət işçiləri və ailələri pasportlarını hökumətə təhvil verməyə məcbur ediliblər. Türkmənistan rəsmiləri insanların ölkədən getməsinin qarşısını almağa çalışırlar. Son illərdə Türkmənistanda əhalinin sayında kəskin azalma müşahidə olunur.

Hökumət işlərində çalışan qadınlar iş yerlərini qoruyub saxlamaq üçün qaşlarını və dırnaqlarını rəngləməməli, çox az makiyajdan istifadə etməli, heç bir kosmetik əməliyyat keçirməməlidirlər.

Dövlət qurumlarında işləyən kişilərsə saçlarını rəngləyə, saqqal və uzun saç saxlaya bilməzlər.

İş yerini qoruyub saxlamaq üçün

Dövlət qurumlarında bu qeyri-rəsmi qadağaları açıq elan edən rəhbərlər eyni zamanda onların icrasına nəzarət edirlər.

"Bütün bu məhdudiyyətlər, xərclər, ödənişlər və ianələr düz-əməlli maaşı olmayan işi qoruyub saxlamaq üçündür”, – hazırda İstanbulda yaşayan, anonimlik şərtilə danışan bir türkmən deyir.

Onun sözlərinə görə, insanlar daha yaxşı alternativlər, məsələn, çiçəklənən özəl sektor və ya ölkəni asanlıqla tərk etmək imkanı görmədikləri üçün “vəziyyətə dözürlər”.

"Onlar içində olduqları şərtlərdə sağ qalmaq üçün dözməyə məcburdurlar”, – həmin şəxs söyləyir.

XS
SM
MD
LG