Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:53

Türkiyədəki zəlzələnin Azərbaycan üçün dərsləri


Hatay sakini:"Başqa çarəmiz yoxdur, təhlükəli olsa da əşyalarımızı çıxarmalıyıq"
Gözlə

No media source currently available

0:00 0:02:05 0:00

Hatay sakini:"Başqa çarəmiz yoxdur, təhlükəli olsa da əşyalarımızı çıxarmalıyıq"

Fevralın 6-da Türkiyədə baş verən zəlzələ böyük dağıntılar törədib. Həyatını itirənlərin sayı 43 min nəfəri ötüb, 200 min bina tam və ya əsasən, sıradan çıxıb. Bərpa işləri ilə bağlı xərclər, ölkə iqtisadiyyatının təxminən 10 faizinin bu bölgədə formalaşması Türkiyə iqtisadiyyatına danılmaz risklər yaradır. Bu zəlzələ Azərbaycanda da geniş müzakirələr doğurub. Özəlliklə yeni tikilən binaların güvənliyi, köhnə binalarınsa dayanıqlı olub-olmaması dartışılır. Hətta Türkiyədə baş verən zəlzələnin Azərbaycanın daşınmaz əmlak bazarındakı qiymətlərə təsiri də vurğulanır.

Sözügedən zəlzələ bir daha göstərdi ki, tikinti təhlükəsizliyinə ciddi yanaşmamaq, ictimai məkan, toplanma yerləri və sığınacaqları kommersiya maraqları üçün satmaq, qərar hazırlanarkən elm adamlarının rəyini öyrənməmək sonucda böyük fəlakətlərə aparır.

10 milyard manatlıq ianə

Türkiyədə baş verən zəlzələdən təkcə tikinti təhlükəsizliyi deyil, başqa sahələrlə də bağlı götürüləcək dərslər var. Bu zəlzələ bir daha təsdiqlədi ki, ölkədə güclü biznes ortamı və vətəndaş cəmiyyətinin olması fövqəladə durumlarda istər hökumətə, istərsə vətəndaşlara əlavə yardım imkanı yaradır. Məsələn, bir çox televiziya kanalının ortaq yayımladığı "Türkiyə tək ürək" kampaniyası çərçivəsində zəlzələdən zərər çəkənlərə 115 milyard türk lirəsindən çox vəsait toplandı. Bu, indiki məzənnə ilə təxminən 10 milyard 375 milyon manat, başqa deyimlə, Azərbaycan Respublikasının 2023-cü ildə gözlənilən büdcə gəlirlərinin təxminən üçdə biri deməkdir. Həmin yardım kampaniyası çərçivəsində zərərçəkənlərə yardım amaclı 9 milyondan çox SMS göndərilib. Müqayisə üçün, 44 günlük savaşdan sonra ölənlərin ailələrinə, yaralılara və müharibə iştirakçılarına xidmət üçün yaradılan Yaşat Fonduna indiyədək cəmi 80 milyon manata yaxın vəsait daxil olub.

'Azərbaycan Türkiyə zəlzələsinin nəticələrindən dərs çıxarmalıdır'
Gözlə

No media source currently available

0:00 0:09:21 0:00

Türkiyədəki yardım kampaniyasında yığılan vəsaitin önəmli bölümü özəl biznesin hesabına toplanılıb. Ölkənin ən iri holdinq və şirkətləri, orta və kiçik sahibkarlıq subyektləri canlı yayıma qoşularaq böyük məbləğdə ianə etdiklərini açıqlayıb. Bu baxımdan, məlum olur ki, ölkədə biznes ortamının gəlişməsi belə böhran durumlarında əlavə resurs cəlbindən ötrü çox vacibdir. Məsələn, Azərbaycanda çox az sayda sektorda böyük şirkətlər formalaşa bilir. Bunun əsas səbəbi ölkə iqtisadiyyatının yalnız enerji gəlirlərindən asılı olması və qeyri-enerji sektorunun çox zəif inkişafıdır. Deməli, ölkə enerjidən kənar sahələrdə fəaliyyət göstərən xarici investorlara da cəlbedici görünmür. Bu üzdən, Azərbaycanda ayrı-ayrı sahələrdə iri şirkətlər formalaşmır. Azsaylı iri holdinqlərsə hakim ailəyə və digər yüksək vəzifəli dövlət adamlarına bağlılığı ilə tanınır.

Türkiyədə biznes ortamı nisbətən daha rəqabətli olduğundan çox fərqli sənaye sahələrində iri şirkətlər formalaşa bilir. Doğrudur, Türkiyə iqtisadiyyatında da rəqabət mühitinin ideal səviyyədə olduğu deyilə bilməz. Ancaq görünən odur ki, hətta rəqabət ortamının nisbətən qorunduğu şəraitdə də biznes subyektləri böyüyə və ölkəyə əlavə dəstək göstərməyə qadir olur. Üstəlik, müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərin çoxluğu böhranlı durumlarda ölkənin gərəkli məsullarla daha tez təmin edilməsinə imkan yaradır. Güclü biznes mühitinin olması təkcə fövqəladə durumlarda deyil, hər zaman cəmiyyətin xeyrinə olan təşəbbüslərin dəstəklənməsinə yol açır. Korporativ idarəetməyə sahib böyük şirkətlər öz işlərində korporativ sosial məsuliyyət anlayışını da ön planda tutur. Nəticədə bir çox təşəbbüslərə, humanitar fəaliyyətə dəstək verilir.

Zəlzələ, sel, daşqın, tufan və digər təbii fəlakətlər zamanı əmlakınızı necə sığortalamalı
Gözlə

No media source currently available

0:00 0:04:40 0:00

Vətəndaş cəmiyyətinin səfərbərliyi

Türkiyədə baş verən zəlzələdən sonrakı yardım prosesində daha bir diqqətçəkən məqam vətəndaş cəmiyyətinin prosesdə aktiv rol oynamasıdır. Artıq 10 ilə yaxındır ki, Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyətinə ciddi əngəllər var. Özəlliklə qanunların qəlizləşdirilməsi bu sahədə təşəbbüsləri, az qala, sıfırlayır. Bir çox beynəlxalq donor və hətta humanitar qeyri-hökumət təşkilatlarının ölkədən qovulması, yerli vətəndaş cəmiyyəti liderlərinə qarşı təzyiq və repressiyalar Azərbaycanda vətəndaş cəmiyyətinin faydalılığını aşağı salır.

Türkiyədə zəlzələnin ilk anlarından etibarən bir çox təşkilat olay bölgəsində fəaliyyətə başladı. Vətəndaş cəmiyyətinin koordinasiya etdiyi səfərbərlik nəticəsində bölgəyə ciddi yardımlar toplandı. Hökumətə inanmayan və rəsmi kampaniyaları dəstəkləməkdə maraqlı olmayan şəxslər də bu qurumlara ianə etməyə məcbur qaldılar. Beləcə, toplanan yardımların həcmi daha da artmış oldu. Maddi yardımlarla yanaşı, müstəqil təşəbbüslər, geniş könüllülük fəaliyyəti diqqət çəkdi. İstər dağıntılar altında qalanların çıxarılmasında, istərsə zəlzələdən zərərçəkənlərə yardımların çatdırılmasında müstəqil təşəbbüslər danılmaz rol oynadı. Bu baxımdan, Azərbaycanda hökumətin müstəqil təşəbbüsləri gözardı etməsi, hətta onların fəaliyyətini əngəlləməsi ölkədə baş verə biləcək potensial təbii fəlakət və ya digər xoşagəlməz hallarda yardım imkanlarını xeyli azalda bilər.

XS
SM
MD
LG