Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:07

Türkiyədə anti-Suriya iğtişaşları barədə bilinənlər


Etirazçılar Suriyada Türkiyə ordusunun müşahidə məntəqəsini daşa basırlar.
Etirazçılar Suriyada Türkiyə ordusunun müşahidə məntəqəsini daşa basırlar.

Bu həftə Türkiyədə Suriyaya qarşı iğtişaşlarla yadda qaldı. İyulun 2-də Türkiyə Suriyanın şimal-qərbinə bir neçə sərhəd keçid məntəqəsini bağladı. Bundan bir gün öncə Suriyadakı Türkiyə hərbçiləri atəşə tutulmuşdu. Onlar Türkiyədəki həmvətənlərinə qarşı zorakılığa etiraz edən suriyalıların hücumuna məruz qalıblar.

Türkiyədə polis suriyalılara qarşı hücumlarda şübhəli sayılan 475-dək adamı saxlayıb. Bunu daxili işlər naziri Ali Yerlikaya "Reuters"ə deyib.

İğtişaşlar ötən bazar günü başlayıb. Sosial mediada suriyalı kişinin 7 yaşlı qıza cinsi təcavüzü haqda məlumat yayılması qəzəbli kütlənin küçələrə çıxmasına səbəb olub. Kayseri şəhərində suriyalıların maşınları, mağazaları yandırılıb. Etirazçılar suriyalılardan çıxıb getməyi tələb ediblər.

Zorakılıqlar digər vilayətlərə yayılıb

Kayseri məhkəməsi şübhəli təcavüzkarın həbsinə qərar verib. Yerlikaya insidentin araşdırıldığını söyləyib.

"Uşaq və ailəsi dövlətin mühafizəsi altındadır", - ədliyyə naziri Yılmaz Tunç vurğulayıb.

Suriyalılar Afrində Türkiyə ordusu ilə toqquşmalarda öldürülən adamın dəfnində iştirak edirlər.
Suriyalılar Afrində Türkiyə ordusu ilə toqquşmalarda öldürülən adamın dəfnində iştirak edirlər.

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) zorakılığın azı dörd vilayətə yayıldığını açıqlayıb. Sosial mediada xəsarət almış suriyalıların görüntülərinin yayılması Suriyanın üsyançıların əlində olan, Türkiyənin minlərlə hərbçisinin yerləşdiyi şimal-qərbində zorakılığı tətikləyib.

Suriyanın həmsərhəd Afrin şəhərində Türkiyə ordusu ilə silahlı etirazçıların atışmasında azı dörd nəfər öldürülüb.

Suriyanın şimalında başqa yerlərdə isə əhali Türkiyə konvoylarına daş atıb, Türkiyə bayraqlarını cırıb.

Nəticədə Türkiyə Bab-əl-Hava və Bab-əl-Salam daxil olmaqla bir neçə sərhəd-keçid məntəqələrini bağlayıb. Bab-əl-Hava azı 3 milyon sakin üçün əsas keçid və ticarət məntəqəsidir.

Ərdoğanın mövqeyi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xaosa görə terrorçu təşkilatçılara bağlı qrupları günahlandırıb.

"Nə biz, nə də suriyalı qardaşlarımız bu axmaq tələyə düşəcəyik... İrqçi vandalizmə boyun əyməyəcəyik", - Ərdoğan bildirib.

2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayanda milyonlarla suriyalı qaçqın Türkiyəyə gedib, hazırda azı 3.2 milyon nəfər orada qalır. Bunu BMT bildirir. Zaman-zaman Türkiyədə ksenofobik zorakılıq halları baş verib. Bunlara, əsasən, sosial mediada, ani mesajlaşma tətbiqlərində yayılan şayiələr səbəb olub.

"Ksenofobiya və cəmiyyətdə qaçqınlara nifrət aşılamaqla heç nəyə nail olmaq olmaz", - Ərdoğan söyləyib.

Ötən həftə Ərdoğan suriyalı həmkarı Bəşər Əsədlə görüşüb. Suriyada vətəndaş müharibəsi başlayanda Türkiyə bu ölkə ilə ikitərəfli münasibətləri kəsmişdi.

Türkiyənin qərbindəki Bursada, əsasən, suriyalıların yaşadığı Xocahəsən bölgəsindəki Suriya ərzaq mağazasının yanından keçirlər.
Türkiyənin qərbindəki Bursada, əsasən, suriyalıların yaşadığı Xocahəsən bölgəsindəki Suriya ərzaq mağazasının yanından keçirlər.

İğtişaş törədənlər kimlərdir

ABŞ Atlantik Şurasının Yaxın Şərq Proqramlarının əməkdaşı Ömer Özkizilcik "Time" dərgisinə deyib ki, kriminal tarixçələri olan mütəşəkkil dəstə WhatsApp and Telegram vasitəsilə linç kütləsini formalaşdırıb: "Həbs olunanlardan çoxunun cinsi təcavüz, qanunsuz miqrant qaçaqçılığı daxil cinayət tarixçəsi var".

Özkizilcik onu da deyib ki, Ankara Avropa İttifaqı ilə qaçqın sazişi ilə bağlı razılaşma imzalayandan Türkiyədə suriyalı qaçqınlara qarşı ictimai qəzəb var. Belə ki, bir çox türklər qaçqınların yerləşdirilməsini özlərinə yük sayır, Türkiyəyə Avropa üçün qaçqın poliqonu kimi baxırlar.

Özkizilcikin sözlərinə görə, Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) ictimaiyyəti inandırır ki, suriyalı qaçqınlar Suriyaya qayıdardı, Ərdoğan buna əngəl olur.

Təhlilçinin fikrincə, Türkiyə hökuməti artan ksenofobik ritorikanı önləməsə, suriyalı qaçqınların bir hissəsinin qayıtması, digərlərinin Türkiyədə inteqrasiyasından ötrü koordinasiyalı strategiya qəbul etməsə, daha çox iğtişaşlar baş verə bilər.

XS
SM
MD
LG