Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:26

Rusiyalıların Türkiyəyə axını 218 faiz artıb – Qərb mediası


İstanbulda rusiyalılar Oksimironun konsertinə bilet növbəsində
İstanbulda rusiyalılar Oksimironun konsertinə bilet növbəsində

Ötən il Türkiyəyə 100 min Rusiya vətəndaşı mühacirət edib. Al-Monitor saytı yazır ki, bu, 2021-ci illə müqayisədə 218 faiz artım deməkdir.

Türkiyədə iyulun 24-də açıqlanmış rəsmi statistikaya görə rusiyalılar miqrantların siyahısında birinci pilləni tuturlar.

Ümumiyyətlə isə 2022-ci ildə Türkiyəyə 400 min xarici mühacirət edib. Lakin ölkəyə mühacirət 2021-ci ildəkindən 33 faiz az olub.

Rusiyalılar Türkiyəyə gələn əcnəbilərin 25 faizini təşkil edirlər. Ukraynalılar 8 faizlə ikinci pilləni tuturlar. Türkiyəyə ümumilikdə 40 min ukraynalı mühacirət edib.

Ekspertlər düşünürlər ki, Türkiyəyə mühacirətin belə sıçrayışlı artımı ilk növbədə Rusiyanın Ukraynaya qarşı səbəbsiz və əsassız müharibəsi ilə bağlıdır.

Türkiyə müharibəni pisləsə də, ümumən iki münaqişə tərəfi arasında neytral mövqe tutmağa çalışır.

2022-ci ildə Türkiyəyə İrandan 26 min, Əfqanıstandan 21 min 500 və İraqdan 20 minə yaxın mühacir gəlib.

Türkiyəni türkiyəlilər də tərk edirlər

Türkiyə şəhərləri arasında miqrasiyanın həcmlərinə görə İstanbul birinci yeri tutur.

Bu şəhərdə bütün əcnəbi miqrantların 34 faizi yaşayır. İstanbuldan sonra miqrant sayına görə Antalya (14.8 faiz), paytaxt Ankara (5.4 faiz), Bursa (3.9 faiz) və Mersin (3.8 faiz) gəlir.

Antalya rusiyalılar və ukraynalılar arasında xüsusilə populyardır və bu səbəbdən şəhərdə daşınmaz əmlakın və kirayə haqqının sıçrayışlı qiymət artımı qeydə alınıb.

2021-ci ilin statistikasında Türkiyəyə gələn mühacirlərin sayına görə İraq və İran 1-ci və 2-ci yerləri bölüşdürürdülər.

Amma 2022-ci ildə Türkiyəni tərk edən ən böyük mühacir axını da bu ölkələrdən olub.

Ötən il 65 min iraqlı və 33 min iranlı Türkiyəni tərk edib.

2021-ci ildən bəri Türkiyəni tərk etmiş türkiyəlilərin də sayı sıçrayışla – 40 faiz artıb. Vətəni 140 min nəfər tərk edib.

Türkiyəni tərk etmiş əcnəbilərin və türkiyəlilərin sayı 62 faiz artıb.

XS
SM
MD
LG