Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:40

Təhlükəli Türkiyə-İran qarşıdurması


Recep Tayyip Erdoğan və Ali Khamenei
Recep Tayyip Erdoğan və Ali Khamenei

«The New York Times» qəzeti İranla Türkiyə arasında ziddiyyətlərin artmasından və bu təhlükəli tendensiyanın fəsadlarından, həmçinin təhlükədən yayınmağın yollarından yazır.

Müəllif – Beynəlxalq Böhran Qrupunun İran üzrə analitiki Ali Vaez deyir ki, İranla Türkiyə arasında bugünkü qarşıdurma onların əcdadlarının – Bizans və Fars imperiyalarının Mesopotamiya, yəni indiki İraqla Suriya uğrunda mübarizəsinin təkrarıdır. Quruluşunu dəyişmiş iki ölkə 200 ildir qoruyub saxladığı sülhü indi pozmaq üzrədir. Hər ikisi Suriya və İraqdakı sünnilərlə şiələrin münaqişəsinə qoşulub və son illərdə əldə etdiklərinin – iqtisadi əməkdaşlığın üstündən xətt çəkməyə hazırmış kimi görünürlər.

FƏALLIĞIN SƏBƏBLƏRİ

Müəllifin fikrincə, İranla Türkiyənin bu qarşıdurmaya üstün gəlməməsi Yaxın Şərqin gələcəyindən ötrü çox təhlükəli olar: «Hadisələrin indiki inkişafı daha çox qan tökülməsinə, stabilliyin bir az da pozulmasına, ehtiyatsızlıq edilərsə, hətta birbaşa hərbi qarşıdurmaya səbəb ola bilər».

Qəzet yazır ki, Türkiyə İraq və Suriyada bir neçə səbəbdən fəaldır. Bir tərəfdən İranın öz tarixi nüfuz dairəsinə müdaxiləsini artırmaq cəhdlərinə cavab verməyə çalışır, digər tərəfdən Türkiyənin düşməni Kürd Fəhlə Partiyasına (PKK) bağlı kürd təşkilatlarının qarşısını alır.

Nəticədə Suriyada Türkiyənin arxa durduğu qiyamçılar cənuba irəliləyib, Türkiyə ilə sərhəd yaxınlığında kök salmış «İslam Dövləti» (İŞİD) yaraqlılarını qova biliblər. İndi qiyamçılar əl-Bab şəhərinin astanasındadırlar və müəllifin dediyinə görə, məhz bu şəhər İran və Türkiyənin, həmçinin ABŞ-ın yardım etdiyi qüvvələrin toqquşma nöqtəsinə çevrilib. Rəsmilər noyabrın 24-də əl-Bab yaxınlığındakı əməliyyatlarda türk əsgərlərini İran dronlarının vurduğunu deyirlər.

Suriyada Türkiyə tankı.
Suriyada Türkiyə tankı.

ETİMAD AZALIR

Müəllif deyir ki, İranla Türkiyə arasında qarşılıqlı etimad qorxulu şəkildə azalmaqdadır. Türkiyə İranı regiondakı şiə yaraqlılarını silahlandıraraq sünnilərə üstün gəlməyə çalışmaqda, Tehran da öz növbəsində Türkiyəni Osmanlı dövründəki nüfuzunu bərpa cəhdində, bundan ötrü hətta Suriyadakı cihadçılara yardım etməkdə günahlandırır: «Halbuki hər tərəf qarşısındakını günahlandırdığı tərzdə hərəkət edir: hərbi qüvvələrini sərhədlərindən o tərəfə göndərir, yaraqlılara yardım edir, Suriya və İraqdakı çaxnaşmalardan qalan xarabalıqlara nəzarəti ələ keçirməyə çalışırlar».

Ali Vaez Türkiyəylə İranın ümumi maraqları – İŞİD-ə və kürd yaraqlılarına qarşı birləşmək cəhdlərini də vurğulayır, amma qarşılıqlı şübhələrin bu cəhdləri yarı yolda qoyduğunu deyir.

TÖVSİYƏLƏR

Analitikin fikrincə, durumun daha da pisləşməsini əngəlləməkdən ötrü İranla Türkiyə hər şeydən öncə etimadsızlığa üstün gəlməli, bir-birinin maraqlarını və təhlükəsizlik problemini açıq etiraf etməlidirlər. Bunun üçün Suriya və İraqla bağlı yüksəksəviyyəli və davamlı danışıqlar aparılmalı, danışıqlar əvvəlkilərdən fərqli olaraq xüsusi xətt üzrə davam etdirilməlidir. Müəllifin fikrincə, Türkiyə prezidenti Recep Tayyip Erdoğan-la İranın ali lideri Ali Khamenei– nin bu cür danışıqlardan ötrü xüsusi təmsilçilər təyin etməsi daimi diplomatik kanalın yaranması baxımından vacibdir.

Analitik, üstəlik, İranla Türkiyənin əməkdaşlığı gücləndirməsini, ümumi düşmənə qarşı mübarizənin effektini təmin etmək, təsadüfi itkilərin qarşısını almaqdan ötrü kəşfiyyat materiallarını belə bölüşməsini məsləhət görür. Müəllif ABŞ-la Rusiyanın da bu əməkdaşlığa dəstəyinin vacib olduğunu vurğulayır. Türkiyəylə İranın əməkdaşlığının regionda təhlükəsizlik və sabitlik baxımından vacib olduğunu, hər şeydən öncə İranla Türkiyənin özünə sərf etdiyini, bunun əksinin isə hər iki ölkəyə çox böyük ziyan vura biləcəyini yazır.

XS
SM
MD
LG