Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:28

Trump karantinin qaldırılması planını açıqladı


Prezident Donald Trump koronavirus epidemiyasının qarşısının alınması üçün qoyulmuş karantinin mərhələlərlə qaldırılmasına dair təlimatını açıqlayıb.

Xəbər verilir ki, karantin rejimi ABŞ-da biznesin az qala tamamilə dayanmasına və 22 milyon amerikalının işini itirməsinə səbəb olub.

Trump aprelin 16-da keçirilən mətbuat konfransında deyib ki, onun ekspertlər komandası “bizim virusla müharibəmizdə növbəti mərhələnin başlandığı” barədə fikirlə razıdır.

ABŞ prezidenti qeyd edib ki, karantinin qaldırılması prosesinə ştatların qubernatorları rəhbərlik edəcəklər.

“Ehtiyatlı addımlarla” mərhələ-mərhələ

Trump deyib ki, ölkə birdən birə yox, “ehtiyatlı atılan addımlarla” açılmalıdır.

O qeyd edib ki, koronavirusun təsirinə çox az qalan ştatlar başqa ştatlardan daha tez açıla bilər.

Trump-ın sözlərinə görə, qubernatorların karantinin davam etməsinə zərurət gördükləri halda məhdudlaşdırıcı tədbirlər saxlanacaq.

Prezidentin planına görə əvvəlcə böyük müəssisələr və poliklinikalar açıla bilər.

Məktəblər və barlar

İkinci mərhələdə isə məktəblərin və barların açılması, qeyri-zəruri səfərlər üzərindən qadağanın götürülməsi nəzərdə tutulur.

Qeyd olunur ki, başqa məhdudlaşdırıcı tədbirlər üçüncü mərhələdə dayandıralacaq, amma əllərin yuyulması, insanlar arasında fiziki məsafənin gözlənməsi və ağız maskalarının taxılması kimi qaydalar davam etdiriləcək.

Bu da razılaşdırılıb ki, ştatlar hər bir mərhələdə infeksiyaların azaldığını, yerlərdə testlər və xəstəxana çarpayılarının kifayət qədər olduğunu nümayiş etdirməlidir.

Bu arada hökumət COVID-19 virusunun yenidən baş qaldırmaması üçün vəziyyətə nəzarəti davam etdirəcək, lazım gəldikdə situasiyaya müdaxilə olunacaq.

Koronavirus da, işsızlik də təşviş yaradır

Trump-ın keçirdiyi mətbuat konfransının ərəfəsində məlum olub ki, təkcə ötən həftə 5.2 milyon amerikalı işsizlik müavinəti üçün müraciət edib.

Bundan əvvəl işsizlik müavinəti üçün 17 milyon amerikalı müraciət etmişdi. Bu səbəbdən bir çox rəsmilər yoluxmaların yüksələcəyi barədə narahartlıqlara baxmayaraq bizneslərin yenidən açılması yolları barədə düşünməli olurlar.

Bəzi səhiyyə ekspertləri, qubernatorlar və biznes rəhbərləri isə bildirirlər ki, karantin və başqa məhdudiyyətlərin qaldırılmasından əvvəl daha çox test keçirilməsi və kifayət qədər qoruyucu ləvazimatın tədarük edilməsi zəruridir.

İndiyədək Birləşmiş Ştatlarda koronavirusa 667 min yoluxma qeydə alınıb, bunlardan 33 min nəfəri vəfat edib.

Koronavirus indi də Rusiyadan Çinə keçir
Gözlə

No media source currently available

0:00 0:02:09 0:00

Yaponiya fövqəladə vəziyyət elan edir

Bu arada dünyanın ən böyük iqtisadiyyatlarından biri olan Yaponiyada aprelin 16-dan fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Yaponiyada aprelin sonunda başlayan Qızıl Həftə bayramına təsadüf edir.

İndiyədək COVID-19 virusuna yoluxmadan 13, 700 ölümün qeydə alındığı Britaniyada karantinin daha üç həftə uzadılması barədə qərar qəbul olunub.

Dünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Kluge xəbərdarlıq edib ki, İspaniya, İtaliya, Almaniya, Fransa və İsveçrədə pozitiv əlamətlərin görünməsinə baxmayaraq, epidemiya ilə bağlı vəziyyət Britaniya, Türkiyə, Ukrayna və Rusiyada mürəkkəb olaraq qalır.

Rəsmi deyib ki, “pandemiyanın ağır tufan buludları hələ də Avropa regionu üzərindən asılıb”.

Bütün dünyada son saatlara olan məlumata görə 2 milyondan çox insan koronavirusa yoluxub, ölüm halları 144 min nəfərə yaxınlaşıb.

Çindən haqq-hesab tələb edilir

ABŞ vitse-prezidenti Mike Pence aprelin 15-də Çini “açıq danışmağa” və virusun necə yayıldığlı barədə məlumat verməyə çağırıb.

Bir çox ekspertlər Çinin virusa yoluxmaya və ölüm hallarına dair statistikasına şübhə ilə yanaşırlar.

Çin rəsmən 83 min yoluxma, 3300 ölüm qeydə alındığını bildirir.

Vaşinqton Çini epidemiyanın yenicə başladığı vaxtlarda həqiqəti gizlətməklə ölümcül və fəlakətli pandemiyaya səbəb olmaqda ittiham edir.

Birləşmiş Ştatların tənqidinə Fransa və Britaniya da qoşulublar. Fransa prezidenti Emmanuel Macron deyib ki, “biz Çində baş verən hadisələr barədə lazımi məlumata malik deyilik”.

Onun fikrincə, “Çinin epidemiyanın öhdəsindən belə asanlıqla gəlməsinə inanmaq sadəlövhlük olardı”.

Britaniyanın xarici işlər naziri Dominic Raab deyib ki, “biz Çinə bir sıra çox çətin suallar verməliyik”.

XS
SM
MD
LG