Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:13

Azərbaycanda toyuq ətinin bahalaşmasının səbəbləri...


Böyük quşçuluq fabriklərindən biri fəaliyyətini dayandırıb.
Böyük quşçuluq fabriklərindən biri fəaliyyətini dayandırıb.

Son vaxtlar Azərbaycanda bəzi ərzaq malları bahalaşıb. Bu, Dövlət Statistika Komitəsinin (DSK) bu gün, sentyabrın 11-də yaydığı məlumatda da əksini tapıb. Orada qeyd edilir ki, avqustda iyula nisbətən daha çox düyü, mal, qoyun əti, kolbasa məmulatları, kərə, zeytun yağları, soğan bahalaşıb.

25-30 faiz bahalaşma...

Həmin məlumatda yer almasa da, son günlər xüsusilə Bakıda toyuq ətində bahalaşma olduğu bildirilir. Satıcıların sözlərinə görə, qiymətdə 25-30 faiz bahalaşma var. Onlar deyir ki, son 10 gündə bəzi istehsalçı şirkətlər qiymətləri artırıb. "Məsələn, toyuq filesinin qiymətində 1 kiloqrama görə 1-1.5 manat bahalaşma var", - adının çəkilməsini istəməyən bir satıcı vurğulayıb.

Hazırda marketlərdə satılan toyuq filesinin qiyməti 8.50-9 manat civarındadır.

DSK-nın məlumatına görə, 2024-cü ilin avqustunda inflyasiya əvvəlki aya nisbətən 0.4 faiz, yanvar-avqust aylarında isə 1.3 faiz təşkil edib. Son bir ildə isə bu rəqəm 3.5 faiz təqdim edilir. Amma müstəqil iqtisadçılar bu rəqəmlərə bir xeyli şübhə ilə yanaşırlar.

Sırf toyuq ətinə gəldikdə isə, Nazirlər Kabinetinin qərarı ilə quş yeminin idxalı vergidən azad olunub. Eyni zamanda, heyvan və quş ətinin satışı 2020-ci il yanvarın 1-dən yeddi il Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilib. Belə olan halda, toyuq ətinin qiymətində artımın səbəbləri nədir?

'İydən boğuluruq': Broyler təsərrüfatını kəndin ortasında kim tikib?
Gözlə

No media source currently available

0:00 0:03:44 0:00

"Azərbaycanda quşların sayında azalma"

Rəsmi məlumata görə, Azərbaycan toyuq əti tələbatının 85-90 faizini ödəmək potensialına sahibdir. Statistikaya əsasən, adambaşı illik quş əti istehlakı 15.4 kiloqram təşkil edir. Amma digər statistik məlumatlara görə, Azərbaycanda quşların sayında azalma olub. Cari ilin ilk altı ayında ölkədə 12 milyona yaxın quş olub, bu, ötən il ilə müqayisədə 0.5 faiz azdır. Cəmi quşların 40 faizi quşçuluq müəssisələrinin payına düşür.

Eyni zamanda, ölkədə ət (o cümlədən quş əti) istehsalının azaldığı bildirilir. Rəsmi məlumatlara görə, yanvar-iyul aylarında ölkədə quş əti də daxil olmaqla diri çəkidə 331.2 min ton ət istehsal olunub. 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1.3 faiz düşüb.

İdxal da azalıb

İdxala gəldikdə, DSK əlavə edir ki, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrdən 4 milyon 325 min ABŞ dolları dəyərində 5 milyon 489 min 479 ədəd diri ev toyuğu idxal edib. Bu da 2023-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 197 min dollar və ya 4.8 faiz çox, miqdar baxımından isə 2 milyon 86 min 350 ədəd (27.5 faiz) azdır.

"Ola bilər ki, hansısa xırda istehsalçılar..."

Amma Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli "Turan"a bildirib ki, toyuq ətinin bahalaşması müşahidə edilmir: "Keçən ilin eyni dövrünə nisbətdə eyni qiymətlərdir. Böyük fabriklərdə, iri istehsalçılarda topdansatış qiymətləri qalxmayıb".

Onun sözlərinə görə, ola bilər ki, hansısa xırda istehsalçılar qiymətləri qaldırıb: "Bunun da səbəbləri müxtəlif ola bilər. Adətən payız aylarında həm yumurtaya, həm toyuq ətinə tələbat çoxalır. Eyni zamanda, müəyyən dövr üçün idxalda da azalma ola bilər. Özəlliklə də Ukrayna və Rusiyada problemlərə görə toyuq əti idxalı azalıb. Bu da səbəb ola bilər. Amma hər halda bazarda toyuq ətinin qiymətinin qalxmasını görmürəm".

Vahid Məhərrəmov
Vahid Məhərrəmov

"İstehsalın azalması ilə bağlıdır"

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə AzadlıqRadiosuna toyuq ətinin qiymətində artımın gözlənilən olduğunu deyir: "Bu onunla bağlıdır ki, toyuq ətinin istehsalı ilə məşğul olan kifayət qədər böyük quşçuluq fabriklərindən biri öz fəaliyyətini dayandırdı. Yalnız həmin quşçuluq fabriki deyil, kiçik quşçuluq müəssisələri var ki, orada da istehsalın azaldığı haqda məlumatlar var".

Ekspertin fikrincə, qiymət artımının səbəbi istehsalın azalması ilə bağlıdır: "Quş ətinin maya dəyəri baha olduğu üçün istehsalçılar çalışır ki, yaxşı qiymətə satıb qazanc əldə etsinlər. Bu alınmayanda da istehsal dayanır. Bu ona görə alınmır ki, bazara müdaxilə olunur, ayın sonunda ticarət şəbəkələri qiyməti saldırmağa çalışırlar. Bu da siyasi sifarişlə olur. Hər ayın sonu inflyasiyanın azalmasını göstərməyə çalışırlar".

Onun sözlərinə görə, bundan əziyyət çəkənlər isə istehsalçılardır: "İstehsalçılar baha qiymətə xaricdən gətirilən yemi alırlar. Eyni zamanda, son vaxtlar yanacağın qiymətlərində olan artım daşınma xərcini artırıb. Bütün bunlar istehsalçıların xərclərini artırıb, qazancları isə azalıb. Bu səbəbdən bəzi istehsalçılar, ümumiyyətlə, istehsaldan imtina ediblər".

V.Məhərrəmov hesab edir ki, vəziyyət belə qalacaqsa, Azərbaycan xaricdən quş ətinin idxalından asılı vəziyyətə düşə bilər.

XS
SM
MD
LG