Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:21

Tokayev Nazarbayev barədə: 'Getmisənsə, çıx get!'


Qazaxıstanın prezidenti Kasım-Jomart Tokayev və keçmiş prezident Nursultan Nazarbayev (Arxiv fotosu)
Qazaxıstanın prezidenti Kasım-Jomart Tokayev və keçmiş prezident Nursultan Nazarbayev (Arxiv fotosu)

Qazaxıstanın prezidenti Kasım-Jomart Tokayev ətraflı müsahibəsində 2022-ci ildə baş vermiş “Qanlı yanvar” etirazlarının haradan qaynaqlanmasından və ölkədə “ikihakimiyyətlilik təhlükəsindən” danışıb.

Egemen Qazaqstan dövlət qəzetində yanvarın 3-də dərc olunmuş müsahibədə Tokayev deyib ki, 2022-ci ilin 2 yanvarında Janaozendə başlanmış etirazları naməlum “təxribatçı qrup” qızışdırıb.

Yanacaq qiymətlərinin qəfil və kəskin artımına qarşı olan bu ertiraz tezliklə, Qazaxıstanın ən böyük şəhəri Almatı da daxil bütün ölkəyə yayılmışdı.

O vaxt Tokayevin etirazçılara atəş açmaq əmri verməsinin nəticəsində 230 nəfər həlak olmuşdu.

Həmin hadisədən bəri Qazaxıstan prezidenti geniş tənqid olunur.

Qazaxıstan hakimiyyət orqanları etirazlar zamanı ölkənin bir sıra yüksək vəzifəli rəsmilərinə qarşı hakimiyyəti ələ keçirmək cəhdi ittihamı ilə cinayət işləri açıb. Bu adamlardan bəziləri azadlıqdan məhrum edilib.

Bu şəxslərdən bir çoxunun keçmiş prezident Nursultan Nazarbayevə bağlı olduğu düşünülür.

“Onlar hər şeyi məhv etmək istəyirdilər”

Etirazlara nəyin səbəb olması barədə suala cavab verərkən Tokayev əvvəlcə deyib ki, “illər boyu yığılıb qalan ictimai və iqtisadi problemlər durğunluğa səbəb olub və insanların hakimiyyətə etibarı sarsılıb”.

Lakin Tokayev əlavə edib ki, 2019-cu ildə onun prezident təyin olunmasından sonra “bəzi nüfuzlu adamlar” ölkənin siyasi həyatındakı dəyişiklikdən narazı qalıblar.

Tokayev qeyd edib ki, bəziləri dəyişiklikləri Nazarbayevin onilliklər ərzində qurduğu hakimiyyət strukturuna “hədə” kimi qəbul ediblər və buna görə də “ölkəni özləri üçün daha münasib köhnə quruluşuna qaytarmaq üçün hər şeyi məhv etmək qərarına gəliblər”.

Qazaxıstan prezidenti deyib ki, bu şəxslərin hakimiyyət strukturları və cinayətkar aləm üzərində böyük nüfuzları olub və onlar bu səbəbdən hakimiyyəti zorla qəsb etmək istəyiblər.

Tokayevin sözlərinə görə 2022-ci ilin kütləvi nümayişlərindən hələ 6 ay əvvəl “naməlum qrup” hərəkətə hazırlaşıb.

“Mən Nazarbayevə açıq dedim ki...”

Prezidentin sözlərinə görə “ekstremistlər, kriminal qruplaşmalar və dini ekstremistlər” birgə fəaliyyət göstərərək dövlət çevrilişi etmək istəyiblər.

Tokayev iğtişaşların başladığı dövrdə ölkəyə xaricdən 20 min terrorçunun daxil olduğunu iddia etmişdi. Ekspertlər onun iddiasının əsassız olduğunu deyirdilər.

Amma Tokayev vurğulayıb ki, iddia olunan qəsdçilər ölkədə ikihakimiyyətlilik yaratmağa cəhd edirdilər:

“Mən sonralar Nursultan Abişeviç Nazarbayevə açıq dedim ki, ilk növbədə onun müttəfiqlərinin siyasi oyunbazlığı az qala ölkəni parçalayacaqdı. Mən hesab edirəm ki, ümumiyyətlə “böyük-kiçik prezidentlər” olmamalıdır. Getmisənsə, çıx get!”.

Tokayev deyib ki, “Nazarbayevin Qazaxıstanın bir dövlət kimi müstəqilliyinə verdiyi töhfəni hamı bilir və onun həqiqi qiymətini tarix verəcək”.

Tokayev kütləvi etirazlar barəsində bundan əvvəlki çıxışlarında heç vaxt Nazarbayevin adını çəkməmişdi.

'İlham Əliyevin indi səhv etmək riski daha çoxdur...'
Gözlə

No media source currently available

0:00 0:07:53 0:00

Bir daha prezidentliyə namizəd olmayacağını deyib

Qazaxıstan prezidenti müsahibəsində bunu da deyib ki, onun ölkəsində siyasi məhbuslar və ya onları “yarada biləcək” qanunvericilik aktları, senzura yoxdur.

Tokayev bunu da deyib ki, o Konstitusiyada birdəfəlik yeddi illik prezidentliklə bağlı maddənin dəyişdirilməsi üçün referendum keçirməyəcək.

Beləliklə Tokayev daha bir müddətə prezident seçilmək üçün niyyətinin olmadığını bildirib.

2022-ci ilin noyabr seçkisində Tokayev 81.3 faiz səslə qalib gəlmişdi.

Bundan əvvəl Tokayevin təşəbbüsü ilə Konstitusiyaya birdəfəlik 7 illik prezidentlik müddətinə dair müddəa daxil edilmişdi.

Hakimiyyət bildirirdi ki, ölkə supergüclü prezident hakimiyyəti sistemindən güclü parlamenti olan prezidentlik sisteminə keçidə hazırlaşır.

XS
SM
MD
LG