Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:56

Tərtər işi: ‘Nə qədər ki, bu 3 nəfər dindirilməyib, obyektiv araşdırmadan söhbət gedə bilməz...’


Üç nəfərdən ikisi - sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkov (solda) və 2017-ci ildə hadisələr yaşanarkən korpus komandiri olmuş Hikmət Həsənov
Üç nəfərdən ikisi - sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkov (solda) və 2017-ci ildə hadisələr yaşanarkən korpus komandiri olmuş Hikmət Həsənov

Tərtərdə hərbçilərə verilən işgəncəyə və onlardan bir neçəsinin ölümünə görə həbsdə olan şəxslərdən 4 nəfərə kəsilmiş cəzalardan narazı qalan prokurorluq bu cəzaların artırılmasını istəyirdi. Bu məqsədlə verilən apellyasiya protestini Bakı Apellyasiya Məhkəməsi təmin etməyib və hökmləri dəyişməyib.

Aylarla sürən məhkəmə prosesindən sonra avqustun 5-də qərar çıxarılıb ki, Tərtərdəki hərbi hissələrdən birinin komandiri olmuş, polkovnik-leytenant Vüsal Ələsgərov, həmin hərbi hissənin qərargah rəisi Rəşid Niftəliyev, müddətdən artıq xidmət edən (MAXE) hərbçilər Ramil QarayevRüstəm Ələsgərov haqqında hökmlər qüvvədə qalsın.

Ötən ilin noyabrında Bakı Hərbi Məhkəməsinin hökmü ilə R.Ələsgərova 9 il 6 ay, digərlərinin hər birinə də 5 il 6 ay həbs cəzası kəsilmişdi.

Adları çəkilən şəxslərin özləri də hökmə etiraz edərək, apellyasiya şikayəti vermiş və bəraət istəmişdilər.

Avqustun 5-də Bakı Apellyasiya Məhkəməsində qərardan öncə V.Ələsgərovun vəkili Samir İsayev gileylənib ki, Tərtər hadisələrilə bağlı nə birinci instansiyada, nə də burada ədalətli, obyektiv araşdırma aparılıb. Vəkil vurğulayıb ki, Müdafiə naziri Zakir Həsənov, sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkov və 2017-ci ildə olaylar yaşanarkən korpus komandiri olmuş Hikmət Həsənov dindirilməyincə Tərtər hadisələrinin obyektiv araşdırılmasından söhbət gedə bilməz:

“Neçə ki bu 3 nəfər dindirilməyib, ədalət mühakiməsindən danışmaq olmaz”.

“O da cavab verdi ki, “sən çox danışmısan, mənsə susmuşam””

Vəkil deyir ki, Tərtər işgəncələrinin yaşandığı N saylı hərbi hissənin komandiri Teymur Məmmədov nəinki məsuliyyətdən kənarda qalıb, hətta bugün də yetərincə yüksək vəzifədə çalışır:

“Teymur Məmmədov birinci instansiya məhkəməsində şahid kimi dindiriləndə Vüsal Ələsgərov ondan soruşdu ki, necə olur, hadisələr sənin hərbi hissəndə baş verir, o qədər adam ölür, amma sən vəzifədəsən, mən isə burada? O da cavab verdi ki, “sən çox danışmısan, mənsə susmuşam”.

Zərərçəkmişlər də hökmdən apellyasiya şikayəti vermişdilər. Onlar həm Bakı Hərbi Məhkəməsinin apardığı araşdırmadan, həm də verilən cəzalardan narazı qalmışdılar.

Apellyasiya məhkəməsində təqsirləndirilən şəxslər də, zərərçəkənlər də yuxarıda adları çəkilən 3 nəfərlə yanaşı, Hərbi prokuror Xanlar Vəliyevin, onun müavini Şəfahət İmranovun, Baş Qərargah rəisi Kərim Vəliyevin, sabiq Baş prokuror Zakir Qaralovun, keçmiş Daxili İşlər naziri Ramil Usubovun, DTX-nın ovaxtkı sədri Mədət Quliyevin də məhkəmədə dindirilməsi barədə dəfələrlə vəsatət qaldırsalar da, vəsatətlərin heç biri təmin olunmayıb.

Zərərçəkənlərdən bir neçəsi AzadlıqRadiosuna bildirib ki, apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət edəcəklər.

'Beş-altı qapazvuranı tutublar, sifariş verənlər qalıb qıraqda' – Tərtər işi
Gözlə

No media source currently available

0:00 0:12:34 0:00

Xatırlatma

2021-ci ilin dekabrında - “Tərtər işi” üzrə yenidən istintaq başlayandan sonra toplam 452 nəfər zərərçəkmiş qismində tanınıb.

İşgəncə verməyə görə cinayət məsuliyyətinə cəlb olunanlardan bütövlükdə üç qrup üzrə 13 nəfərin işi məhkəməyə göndərilib. Bu işlərə Bakı Hərbi Məhkəməsinin sədr və hakimləri baxır.

Hər birində 4 nəfər olan iki qrupun məhkəməsi yekunlaşıb. Bunlardan biri polkovnik V.Ələsgərovgilin qrupudur. Digərində isə Tərtərdəki xüsusi təyinatlı hərbi qrupun komandiri olmuş leytenant Ruslan Mikayılov və üç gizir – Sənan Maşıyev, Cabir QəhrəmanovElçin Əliyev mühakimə edilirlər. Onlara bu il mayın 4-də hökm oxunub və həmin şəxslər 180 nəfərdən çox hərbçiyə işgəncə verməkdə, bir neçəsini döyə-döyə öldürməkdə təqsirli sayılıblar. Bu əməllərə görə R.Mikayılova 6 il 10 ay, C.Qəhrəmanova 6 il 8 ay, E.Əliyevə 5 il 8 ay, S.Maşıyevə isə 4 il 10 ay həbs cəzası kəsilib.

Onlar da hökmdən apellyasiya şikayəti verərək, özlərini təqsirli bilmədiklərni bildiriblər. Hazırda bu şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Beş nəfərdən ibarət daha bir qrupun mühakiməsi isə davam edir. Onların arasında general Hikmət Həsənovun köməkçisi olmuş hüquqşünas Fuad Ağayev də var.

XS
SM
MD
LG