Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:18

'Tərtər işi' üzrə zərərçəkmiş: 'Oğlumun qatillərini cəzalandırmır, üstəlik...'


İllüstrativ foto
İllüstrativ foto

Tərtərdə hərbçilərə qarşı kütləvi işgəncələrə dair məhkəmədə zərərçəkmiş tərəfin hüquqlarını müdafiə edən vəkil Solmaz Kazımovanın evində axtarış aparıldığı, kompüter, telefon və bir sıra sənədin götürüldüyü bildirilir.

Bu barədə AzadlıqRadiosuna Tərtər hadisələrində işgəncə nəticəsində həyatını itirmiş Elçin Quliyevin anası Validə Əhmədova məlumat verib.

Onun sözlərinə görə, avqustun 7-də günorta saat 11-12 radələrində vəkilin Əhmədli qəsəbəsində yerləşən evinə bir neçə nəfər mülki geyimli gəlib. Həmin vaxt evdə Solmaz Kazımova ilə yanaşı, 11 yaşlı bacısı qızı da olub:

“Evdə axtarış aparıb, özlərinə lazım olanları götürüblər. Vəkilimi də götürüb aparıblar. Solmaz xanımın hara və niyə aparıldığı, onun yeri haqda heç bir məlumatımız yoxdur”.

“Vəkilimi ittiham etmişdi ki…”

Validə Əhmədova əmindir ki, axtarış da, vəkilin aparılması da “Tərtər işi” ilə bağlıdır. Bu fikrini əsaslandıran zərərçəkmişin sözlərinə görə, təxminən 15-20 gün öncə vəkili Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini, “Tərtər işi” üzrə istintaq qrupunun rəhbəri Qasım Məmmədov vəkili çağırıb, xəbərdarlıq edibmiş:

“Vəkilimi ittiham etmişdi ki, niyə cinayət işində generalların ifadələrini mediaya verirsən. Solmaz xanım da deyib ki, belə bir şey yoxdur. Mən oğlumun qatili hesab etdiyim, cinayətdə əli olan, amma cəzalandırılmayan generalların siyahısını vəkilə vermişdim. Xahiş etmişdim ki, məhz onların ifadələrini mənə versin ki, məhkəmədə dindiriləndə onlara hansı suallar verəcəyimi bilim...”.

Əhmədova əlavə edib ki, cinayət işinin materialları ilyla tanış olmaq, istədiyi materialların surətini əldə etmək zərərçəkmişlərin hüququdur. Bu, qanunda da nəzərdə tutulub. Onun sözlərinə görə, materialların həcmi çox böyük olduğundan, hamısını oxuya bilmir. O üzdən bu məsələdə vəkilindən yardım istəyib:

“Qasım Məmmədovun özü də yaxşı bilir ki, Solmaz xanım mediaya material ötürmür. Sadəcə, vəkilə təzyiq məqsədi daşıyır. Mən 6 ildir oğlumun qatillərinin cəzalandırılması üçün küçələrdə qalmışam. Bunlar qatilləri şahid kimi tanıyırlar. Oğlumun qatillərini cəzalandırmır, üstəlik, vəkilimi də oğurlayırlar...”

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, Solmaz Kazımova axşam saat 6 radələrində buraxılıb.

Baş Prokurorluqdan Validə Əhmədovanın iddialarına cavab almaq mümkün olmayıb. Bu qurumun mətbuat xidməti AzadlıqRadiosunun zənglərini cavablandırmayıb.

'Tərtər işi'ndə oğlu bəraət alan ananın mübarizəsi: 'İnsanların başının əzilib öldürülməsi nə deməkdir?!'
Gözlə

No media source currently available

0:00 0:06:32 0:00

Xatırlatma

Tərtərdə 2017-ci ilin may-iyun aylarında hərbçilərə qarşı kütləvi işgəncələrlə bağlı məhkəmə araşdırmaları davam edir.

Hazırda bu olaylarla əlaqədar, hər birində 4 nəfər olmaqla, 2 qrupun məhkəməsi gedir. 5 nəfərlik daha bir qrupunsa məhkəməsi başlanacaq.

Məhkəmə önünə çıxarılacaq şəxslər arasında həmin dövrdə korpus komandiri olmuş general Hikmət Həsənovun köməkçisi Fuad Ağayev də var.

2021-ci ilin dekabrında “Tərtər işi” üzrə icraat yenilənəndən sonra toplam 452 nəfər zərərçəkmiş qismində tanınıb.

Tərtər hadisələrilə eyni dövrdə Beyləqanda da bənzər olaylar yaşanıb. Beş nəfərlik daha bir qrup da Beyləqandakı işgəncə iddialarıyla bağlı mühakimə olunur.

2017-ci ildə “Tərtər işi” çərçivəsində Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxs həbs olunaraq, dövlətə xəyanətdə ittiham edilib.

Sonradan bir sıra media orqanları və sosial şəbəkələrdə bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmədə işgəncə nəticəsində ölməsinə dair məlumat yayıldı.

Hüquq müdafiəçiləri işgəncədən ölənlərin sayca 10-dan çox olduğunu desələr də, bu, rəsmən təsdiqlənməyib. Həmin şəxslərdən beşinə sonradan bəraət verilib.

XS
SM
MD
LG