Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:28

Taliban əfqan qadınların ‘azad insan’ statusunu bərpa edir?


Kabildə məcburi hicaba qarşı aksiyalardan birində (Arxiv fotosu)
Kabildə məcburi hicaba qarşı aksiyalardan birində (Arxiv fotosu)

Taliban hərəkatının lideri əmir Heybətullah Axundzadə əfqan qadınların “ənənəvi qısnamalardan” azad edildiyini və “azad insan” statusunun onlara qaytarıldığını bəyan edib.

Bu barədə məlumatı Aljazeera agentliyi yayıb.

Axundzadə müsəlmanların Qurban bayramı münasibətilə müraciətində bildirib ki, qadınların nikaha məcburetmənin qadağanı da daxil, bir sıra başqa “şəriət hüquqlarının” qorunması üçün “konkret tədbirlər” görülüb.

O habelə qeyd edib ki, əfqan qadınların “azad və ləyaqətli insanlar” kimi statusu bərpa edilib və bütün idarələr onların nikaha daxil olma, vərəsəlik və başqa hüquqlarının təminatına kömək etməlidirlər:

"Biz qadınların İslam şəriətinə uyğun vəziyyətinin yaxşılaşdırılması, onların rahat və firavan həyatının təmin edilməsi üçün zəruri addımlar atmışıq”.

"20 illik işğalı" tənqid edib

Taliban lideri əlavə edib ki, Əfqanıstanda qadınların problemləri həm də “20 illik işğalın mənfi aspektləri” ilə bağlıdır.

2023-cü ilin yanvarında Talibanın Təhsil Nazirliyi fərdi universitetlərə qadınları qəbul imtahanlarına buraxmağı qadağan etmişdi.

Nazirliyin məktubunda deyilirdi ki, bu qadağanı pozan universitetlər məhkəmədə cavab verməli olacaqlar.

Bundan əvvəl, 2022-ci ilin dekabrında Əfqanıstanda artıq qəbul imtahanından keçmiş tələbə qızların universitetlərə buraxılması qadağan olunmuşdu.

Pozulan vədlər

Taliban habelə qadınların qeyri-hökumət təşkilatlarında işləməsini qadağan edib. Bu qadağana görə BMT bu ölkədə həyata keçirməli olduğu bir sıra humanitar proqramların icrasını dayandırmalı olub.

Bundan başqa Taliban habelə əksər məktəblərdə qızların yuxarı siniflərdə təhsil almasını qadağan edib.

Taliban 2021-ci ildə hakimiyyətə gələndə qadınların hüquqlarına riayət ediləcəyini vəd etsə də, tezliklə müxtəlif məhdudiyyətlər tətbiq edilib.

2021-ci ilin sentyabrında universitetlərə yeni qayda qoyulub. Bu qaydaya görə qadınlar ciddi geyim məcəlləsinə riayət etməli və kişilərlə ayrılıqda təhsil almalıdırlar.

İslamçılar Əfqanıstanda 20 il fəaliyyətdə olmuş qadın işləri üzrə nazirliyi bağlayıblar və qız və qadınların təhsil almasına məhdudiyyətlər qoyublar, habelə qadınların idmanla məşğul olmasını qadağan ediblər.

Bundan başqa telekanalların qadın aparıcıları üçün hicab məcburi elan edilib.

Taliban hərəkatı dünyanın bir çox ölkələrində terrorçu təşkilat kimi tanınır.

XS
SM
MD
LG