Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:49

Həbs olunan taksi sürücüsü: 'Polis özü, kimə gəldi, əl-qol atır'


Taksi
Taksi

Bakının Şüvəlan qəsəbəsinin sakini Mahir Hüseynov həbs edilib. Polislər iki gün öncə onu metronun "Koroğlu" stansiyasının yanından tutub aparıblar.

M.Hüseynov elə həmin ərazidə taksi fəaliyyəti ilə məşğul olurdu. O, xırda xuliqanlıq və polisin qanuni tələbinə tabe olmama kimi əməllərdə suçlanaraq həbs edilib. İddia olunur ki, sürücü "Koroğlu" metrostansiyasının – piramidanın önündə polislərin işini əngəlləyərək onları təhqir edib.

M.Hüseynov bunun yalan olduğunu və tam tərsi, polislərin oradakı taksi sürücülərinə qarşı zorakılıq edib onları söydüyünü deyir.

"Polis özü, kimə gəldi, əl-qol atır, camaatı tutub maşına basır. Cənab prezident deyir ki, vətəndaşların yanında olmaq lazımdır. Bunlarsa "Koroğlu"da, açıq-aşkar, vətəndaşları əzirlər", - M.Hüseynov dekabrın 1-də məhkəmədə belə deyib.

O, nasazlığını düzəltmək üçün avtomobilini ustaya verdiyindən heç bir ay idi taksi fəaliyyətiylə məşğul ola bilmədiyinə diqqət çəkib.

Nizami rayonundakı 25-ci polis bölməsinin əməkdaşları isə məhkəmədə iddia ediblər ki, sözügedən ərazidə qayda-qanun yaradıb, avtomobilləri dayanacağa salıblar ki, tıxacın qarşısını alsınlar. Bu zaman M.Hüseynov onlara mane olub, polislərlə kobud danışıb, nalayiq ifadələr işlədib. Sürücünün daha öncə polisə tabesizliyə görə cərimələndiyini də deyiblər.

Nizami rayon Məhkəməsinin hakimi Qumru Əliyeva M.Hüseynovun 10 gün inzibati qaydada həbsinə qərar verib.

+++

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin baş inspektoru Elbrus İbrahimov AzadlıqRadiosuna deyib ki, "Koroğlu" metrostansiyasının ətrafında təyin olunmamış yerdə bir qrup şəxs taksi fəaliyyəti göstərdiyi üçün vətəndaşlardan çoxsaylı müraciətlər daxil olub. Həmin müraciətlər əsasında dekabrın 1-də saat 15:30 radələrində polislər orada zəruri tədbirlər görüb: "Bu zaman orada qanunsuz taksi fəaliyyəti ilə məşğul olan Mahir Hüseynov polis əməkdaşlarının fəaliyyətinə mane olub, onların qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik göstərib. Mahir Hüseynov saxlanılaraq Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə gətirilib. Onun barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib".

XS
SM
MD
LG