Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:36

Tacikistanda sonuncu müxalifətçini də həbs ediblər


Şokircon Hakimov
Şokircon Hakimov

Yaxınlarda Tacikistanda avtoritar hökumətin siyasətini açıq tənqid etməyə cəsarəti çatan sonuncu müxalifətçi də həbs olunub.

Müxalifət bunu Tacikistan cəmiyyəti üçün "fəlakətli" adlandırır. Sosial Demokrat Partiyasının sədr müavini Şokircon Hakimov iyulun 12-sə saxlanılıb, onun həbsi ilə bağlı heç bir rəsmi açıqlama, yaxud şərh verilməyib.

AzadlıqRadiosunun tacik xidməti yazır ki, Hakimovun yaxınları da mediaya danışmır, bu isə ailəyə danışmamaqla bağlı xəbərdarlıq olunması sarıdan şübhələr oyadır.

İllərdir Tacikistan hökuməti siyasi opponentlərinə qəddarcasına divan tutur, müxalifətçiləri ya həbs edir, ya da onlar mühacirətə getməyə vadar olurlar. Onlarla müstəqil jurnalist, fəal, hökumətin tənqidçiləri həbsdədir. Bəzi tənqidçiləri xaricdə də hədəfə alır, zorla ölkəyə gətirirlər. Bəziləri öldürülüb.

Fəlakətli nəticələr

Avropada mühacirətdə olan tacik müxalifət qruplarını birləşdirən Tacikistan Milli Alyansı Hakimovun həbsinin vətəndaş cəmiyyətinə təsirindən narahatlığını bildirib. Məsələ bundadır ki, ölkədə alternativ səslərin bir-birinin ardınca susdurulması tendensiyası davam edir.

"Hakimov kimi azaddüşüncəli, cəsur siyasətçilərin həbsi və siyasi səhnədən çıxarılması Tacikistan xalqının gələcəyi üçün fəlakətli nəticələrə səbəb olacaq", - təşkilatdan bildirilib.

Hakimovun saxlanması Tacikistan Demokrat Partiyasının keçmiş lideri Saidcafar Uzmonzodaya qarşı cinayət işi ilə əlaqələndirilir.
Hakimovun saxlanması Tacikistan Demokrat Partiyasının keçmiş lideri Saidcafar Uzmonzodaya qarşı cinayət işi ilə əlaqələndirilir.

58 yaşlı Hakimovun nədə ittiham olunduğu aydın deyil. Tacikistan hüquq-mühafizə orqanlarına yaxın mənbənin AzadlıqRadiosuna anonimlik şərti ilə dediyinə görə, siyasətçinin saxlanması deputat, Tacikistan Demokrat Partiyasının keçmiş sədri Saidcafar Usmonzodaya qarşı cinayət işi ilə əlaqədardır. O, iyunda "hökuməti devirməyə cəhd" ittihamı ilə saxlanılıb.

Tacikistanın baş prokuroru Yusuf Rahmon deputatlın həbsindən sonra parlamentdə deyib ki, "Usmonzoda və digərləri" hökuməti qanunsuz ələ keçirməyi planlaşdırıblar. Prokuror digərlərinin kim olduğunu açıqlamayıb. Ancaq iyunda bir sıra tanınmış şəxslərin də qeyri-müəyyən maddələrlə saxlanması barədə şayiələr dolaşır. Onların sırasında keçmiş xarici işlər naziri, 75 yaşlı Hamroxon Zarifi, parlamentin keçmiş spikeri, 73 yaşlı Akbarşo İskandarovun adları çəkilir.

Hökumətə yaxın mənbələr AzadlıqRadiosuna Hakimovun saxlandığını təsdiqləsələr də, əlavə detal açıqlaya bilməyiblər.

Mənbələr bir neçə tanınmış şəxsin, o cümlədən keçmiş xarici işlər naziri Hamroxon Zarifinin iyunda həbs olunduğunu bildirir.
Mənbələr bir neçə tanınmış şəxsin, o cümlədən keçmiş xarici işlər naziri Hamroxon Zarifinin iyunda həbs olunduğunu bildirir.

Qorxu mühiti

Təxminən 10 il öncə Düşənbədə əsas siyasi opponent olan Tacikistan İslam İntibahı Partiyası və daha gənc tacikistanlılar arasında populyarlıq qazanan "Qrup 24" qadağan edilib. Hər iki partiyaya "terrorçu" damğası vurulub, avtokratik prezident Emomali Rahmon hökuməti hələ də ölkədə və xaricdə onların üzvlərini, tərəfdarlarını hədəfə alır.

Sosial Demokrat Partiyasının Tacikistanda rəsmən qeydiyyata alınmasına baxmayaraq, daimi siyasi və maliyyə təzyiqi altında işləyib. Nəzarət altında keçirilən seçkilərdə partiya parlamentdə bircə yer belə qazana bilməyib.

Hakimov iki dəfə, 2010 və 2015-ci illərdə ölkənin şimalındakı doğma Kanibadamdan parlamentə namizədliyini verib. Ancaq hər dəfə hökumətyönlü namizədlər qalib elan edilib. Seçkidə pozuntularla bağlı məlumatlar yayılıb.

Hüquq üzrə doktorluq dərəcəsi olmasına baxmayaraq, Hakimov siyasi baxışlarına görə ölkə universitetlərinin heç birində mühazirəçi kimi işə düzələ bilməyib. Amma bununla belə, o susmayıb, ictimai toplantılarda, xarici mediaya şərhlərində fikirlərini səsləndirməyə davam edib. Hakimiyyətin isə illərlə onun tənqidinə dözməsi görüntüsü yaranıb.

"İndi, görünür, rejim öz sabitliyindən o qədər əmin deyil ki, Hakimov kimi yeganə tənqidçini belə ciddi təhdid sayır", - ABŞ-də yaşayan tacikistanlı siyasi müşahidəçi Aziz Nasrulloyev söyləyib.

Siyasi fəal Farhod Xudoyorovun proqnozuna görə, Hakimovun həbsi sıravi tacikistanlıların hökumətə etimadını daha da sarsıda, bəzilərini hətta ekstremizmə sürükləyə bilər.

"Bu, mövcud qorxu mühitini artıracaq. Mediada özünüsenzura güclənəcək, adamlar fikirlərini açıq deməyə tərəddüd edəcəklər. Nəticədə adamlar hökumətə qarşı daha da radikallaşacaqlar", - Xudoyorov söyləyib.

XS
SM
MD
LG