Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:13

Suriyanın yeni başçılarının əcnəbi döyüşçüləri


Suriyada hakimiyyəti ələ keçirən "Həyat Təhrir əş-Şam" qruplaşmasının silahlıları devrilmiş prezident Bəşər Əsədin portretini yandırırlar.
Suriyada hakimiyyəti ələ keçirən "Həyat Təhrir əş-Şam" qruplaşmasının silahlıları devrilmiş prezident Bəşər Əsədin portretini yandırırlar.

Bəşər Əsədin uzun illər sürən hökmranlığına son qoyan Suriya silahlıları arasında çoxlu əcnəbi döyüşçü var.

Sosial şəbəkələrdə paylaşılan və AzadlıqRadiosunun yoxlaya bildiyi videolardan məlum olur ki, bu ay qəfil hücum zamanı Suriyanı fəth edən "Həyat Təhrir əş-Şam" (HTŞ) tərkibində avropalı və mərkəzi asiyalı əcnəbilər vuruşur.

Əcnəbilərin sayı HTŞ və müttəfiq qruplaşmalardakı silahlıların 10 faizi qədərdir, yəni 10 min nəfər. Di gəl, döyüşlərdə bərkiyən radikal əcnəbi döyüşçülərin mövcudluğu həm Suriyanın sabitliyinə, həm də onların öz ölkələrinin güvənliyinə təhdiddir.

"Onların Suriyanın yerli əhalisindən olmamaları ABŞ-nin ən böyük problemlərindən biri olacaq", - Vaşınqton İnstitutunun baş elmi işçisi Aaron Zelin belə deyərək əlavə edib: "ABŞ-ni ən az təlaşlandıran HTŞ-nin suriyalı üzvləridir".

ABŞ və Avropa İttifaqında terrorçu təşkilat kimi tanınan HTŞ əvvəllər "əl-Qaidə" ilə bağlantılı olub. Qruplaşma tolerant və hamıya açıq olduğunu bildirsə də, onun insan haqları pozuntuları və terrorçu qruplaşmalarla əlaqəsi narahatlıq doğurur.

"Özünə sui-qəsd"

Sözügedən videoyazıların birində ölkənin əhali və ərazicə ən böyük şəhəri Hələbdəki bir qəsrin qarşısında duran döyüşçü albanca danışır. Video noyabrın 30-da - şimal-qərbdə yerləşən Hələbin tutulduğu gündə çəkilib.

Videoda naməlum şəxs deyir ki, döyüşçülər "zülmün aradan qaldırılması" uğrunda mübarizə aparırlar və Hələbin alınması "böyük" qələbədir.

Döyüşçünün üzərində "Albanian Tactical" fərqlənmə nişanları var. HTŞ-nin bölməsi olan "Cemati Alban" Albaniya, Şimali Makedoniya və Kosovodan olan etnik albanlardan ibarətdir.

"Bu, HTŞ çətiri altında yaxşı strukturlaşmış islamçı və cihadçı qruplaşmadır", - Vaşınqtonda güvənlik və radikallaşma sahəsində ekspert Adrian Ştuninin sözləridir.

""Albanian Tactical" konkret hərbi bacarıqlara, o sıradan snayper hazırlığına, partlayıcılara diqqəti yönəldir və digər döyüşçülərin təlimini təmin edir", – yenə Ştuni deyir və əlavə edir: "Bu, HTŞ-nin adi döyüş elementlərindən daxili strateji qüvvəyə çevrilməsini göstərir".

2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayanda yüz minlərcə alban İŞİD-ə, "əl-Qaidə"nin Suriya qanadı "Cəbhət ən-Nüsra"ya üz tutdu. Sonradan qruplaşmanın adı HTŞ-yə dəyişdirildi.

Müxalif döyüşçülər Həma şəhərinin kənarında ələ keçirilən hərbi zirehli maşının üstündə.
Müxalif döyüşçülər Həma şəhərinin kənarında ələ keçirilən hərbi zirehli maşının üstündə.

Onların arasında Şimali Makedoniyadan olan bir alban da vardı. 2020-ci ilədək dörd il Suriyada savaşan bu şəxs sonra Avropaya qayıdıb.

"Gənc idim. Bizi internetdəki videoçarxlarla aldadırdılar", - şəxsi güvənliyi səbəbindən adının çəkilməsini istəməyən həmin kişi belə deyib.

"Sonra Türkiyədən bir neçə nəfərlə əlaqə saxlayıb Suriyaya getdik", - deyə hansı qrupa qoşulduğunu açıqlamayan şəxs əlavə edib: "Özünə qarşı sui-qəsd idi. Biz güc-bəla ilə qaçmağa müvəffəq olduq. İndi hər şeyi unudub normal həyat sürməyə çalışıram".

Şimali Makedoniya Daxili İşlər Nazirliyi Suriya və qonşu İraqda, azı, dörd vətəndaşının silahlı qruplaşmalarda çarpışdığını bildirib.

Albaniyanın hesablamalarına görə, hazırda bu ölkənin 30-a yaxın vətəndaşı Suriyadadır.

"Bilmirəm, gəlmək istəyir, yoxsa radikallaşıb"

2013-cü ildə atası Yeva Dumanini Suriyaya aparıb İŞİD-in sıralarına daxil edəndə onun 8 yaşı vardı. İndi 21 yaşlı Yevanın harada olduğu bilinmir, halbuki İŞİD döyüşçülərinin yetim övladları və dul xanımları çox vaxt rəqib qrupların düşərgələrində saxlanılırlar.

Yevanın dayısı Cetan Ndreconi deyir ki, vaxtaşırı bacısı qızıyla söhbətləşsə də, o, harada olması və durumu barədə danışmağa xoşlamır: "O, öncə bir söz yazır, bir neçə saat və ya gündən sonra başqa söz yazır… Bir neçə dəfə Suriyaya gedib onu geri qaytarmaq istədim. Amma bilmirəm basqılar var ona, gəlmək istəyir, yoxsa radikallaşıb".

Başqa bir avropalı, Bosniya və Herseqovinadan olan 35 yaşlı bir kişi də Suriyada döyüşməyə gedib. O, 2013-cü ildən Suriyada yaşayır və iddialara görə, buradakı onlarla bosniyalıdan biridir.

Adının çəkilməsini istəməyən bu kişi özünü qatı radikal sələfi hərəkatının keçmiş "hippi"si adlandırıb. O, Əsəd hökuməti ilə mübarizə aparmaq və "Suriya xalqının azad edilməsi"nə yardım göstərmək üçün Suriyaya köçüb: "Mən bir neçə qrupda olmuşam. Düşünürəm ki, beləsi mənim üçün daha asan oldu, axı müharibə haqqında heç bir fikrim yox idi".

Həmin kişinin sözlərinə görə, o, 2018-ci ildə savaşı tərk edib. Yerli qadınla evlənərək HTŞ döyüşçülərinin dayaq məntəqəsi olan İdlib əyalətinin şimal-qərbində dinc həyata başlayıb.

Suriyada silahlı qruplara qoşulan bir çox avropalını ya internetdə oxuduqları radikallaşdırıb, ya da "yerli işə götürənlər" tərəfindən aldadılıb. Dini inancına və cihad – müqəddəs savaş düşüncəsiylə Suriyaya gələnlər də var. Bəziləri də təklif edilən pula görə buradadır.

Hələb əyalətində "Həyat Təhrir əş-Şam" silahlıları.
Hələb əyalətində "Həyat Təhrir əş-Şam" silahlıları.

"Böyük bəlalar"

AzadlıqRadiosunun yoxladığı başqa bir videoda Hələbdən təxminən 30 kilometr şimal-qərbdə yerləşən xristian monastırının yerləşdiyi Deyr-Semaan kəndində hərbi geyimli onlarla silahlı görüntülənib.

Videodakı adamlardan biri tacikəsilli döyüşçüdür. O, qrupun ərazini "kafir"lərdən qurtardığını iddia edir. Video dekabrın 3-də çəkilib.

Tacikəsilli döyüşçünün hansı qrupa aid olduğu bilinmir. Ancaq HTŞ-yə bağlı bir neçə kiçik döyüş qrupuna Tacikistan, Özbəkistan və Qırğızıstandan olan döyüşçülər daxildir. Onların arasında "Katibat əl-İmam əl-Buxari" və "Türkmən briqadası" da var.

Mediaya danışmağa icazə verilmədiyindən adının çəkilməsini istəməyən tacikistanlı güvənlik xidməti rəsmisi bildirib ki, Suriyada taciklərin görüntüləri dərin narahatlıq doğurur və onlar nə vaxtsa "partlaya biləcək bomba"ya çevrilə bilərlər.

"Belə videolar bizə bir daha xatırladır ki, bu insanlar günün birində Tacikistana qayıda və burada böyük problemlər yarada bilərlər", - yenə həmin güvənlik rəsmisinin sözləridir.

Suriyada savaşan, az qala, 400 tacik arasında 30 yaşlı Ənvər və Muhammadcon İsomiddinov qardaşlarının da olduğu ehtimal edilir. Əslən Tacikistanın şimalında yerləşən Çorde kəndindən olan qardaşlar 2014-cü ildə Suriyaya yollanıblar.

Güvənlik səbəbindən adının çəkilməsini istəməyən qohumlar bir neçə il öncə ailələrinin qardaşlarla əlaqəni itirdiyini deyiblər.

"Sonuncu dəfə ailə Ənvər və Muhammadconla danışarkən yalvarırdı ki, geri qayıtsınlar", - qohumlardan biri deyib və əlavə edib: "Amma onlar söhbəti kəsdilər və bir daha zəng vurmadılar".

XS
SM
MD
LG