Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:04

Gədəbəydəki etirazlar qızıl şirkətinə 19 milyon dollara başa gəlib


Gədəbəydə daşan zəhər gölü: Qərb rayonları təhlükə altına düşə bilər
Gözlə

No media source currently available

0:00 0:07:57 0:00

Gədəbəydə daşan zəhər gölü: Qərb rayonları təhlükə altına düşə bilər

İyunun 20-də Gədəbəy rayonunun Söyüdlü kəndində təhlükəsizlik qüvvələrinin kənd sakinlərinə qarşı zorakılıq törətməsi geniş müzakirə doğurmuşdu. Qarşıdurmanın əsas səbəbi kənd sakinlərinin yeni süni gölün salınmasına etirazı idi. Kəndlilərin fikrincə, gölün suyu təsərrüfata, əkin sahələrinə, eləcə də insanların sağlamlığına zərər vururdu. Bu göl Gədəbəy qızıl mədəninin tullantıxanası sayılırdı. Birinci belə göl 2012-ci ildə Söyüdlü kəndindən yüzlərcə metr aralıda salınmışdı. Eyni səbəblə yeni gölün salınmasını sakinlər narazılıqla qarşılamışdılar.

Etirazlardan sonra Söyüdlü kəndinin ərazisində yerləşən tullantıxanada monitorinq aparılması və mövcud durumun dəyərləndirilməsi məqsədilə komissiya yaradılmışdı. Sentyabrın 28-də komissiya üzvləri kənd sakinləri ilə görüş keçirib. Görüşdə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "Micon" beynəlxalq şirkətinin Söyüdlü kəndindəki tullantıxana sahəsində apardığı monitorinqin nəticələri barədə kənd sakinlərini bilgiləndirib. Söyüdlünün 18 nöqtəsində yerüstü sulardan 18 nümunə götürüldüyü bildirilib. Monitorinq zamanı codluq və bulanıqlılığın, eləcə də ağır metalların normadan yüksək olduğu aşkarlanıb.

Ekologiya və təbii sərvətlər nazirinin sözlərinə görə, su ilə yanaşı, 32 nöqtədə torpaqdan 32 nümunə də götürülüb. Buradakı göstəricilər normanı aşmayıb. Ancaq ağır metalların göstəricisi yüksək çıxıb. Mədəndənkənar axın sularından götürülmüş su örnəklərində də ağır metalların normadan yüksək olduğu qeydə alınıb.

Böyük Britaniyanın "Micon" şirkətinin iki ay boyunca apardığı araşdırmanın nəticələrinə görə, monitorinq zamanı zavod ərazisindəki üç müşahidə quyusunun suyunda kiçik miqdarlarda sianidin olduğu qeydə alınıb. Qeyd edək ki, etirazlar zamanı həm kənd sakinləri, həm də ictimai fəallar kənd ərazisində məhz bu zərərli maddənin olmasından narahatlıq ifadə edirdi. Bu baxımdan, hökumətin sifarişi ilə aparılan monitorinqin nəticələri də təsdiq edir ki, kənd sakinlərinin narahatlıqları əsassız olmayıb. "Qeyd olunan göstəricilər yol verilə bilən qatılıq həddindən dəfələrlə aşağı olsa da, bu fakt ətraf mühitə potensial risk kimi nəzərə alına bilər",- Nazirlər Kabinetinin yaydığı məlumatda belə deyilir.

Etirazların şirkətə təsirləri

Söyüdlü kəndindəki yatağı Böyük Britaniyanın "Anglo Asian Mining PLC" şirkəti istismar edir. Şirkətin baş direktoru Reza Vəziri burada keçirilən brifinqdəki çıxışında bildirib ki, etirazlardan sonra flotasiya üsulu ilə filiz emalı qurğusunun iş və hasilatının dayandırılması şirkətə böyük ziyan vurub. O qurğunun işi, çətin ki gələn ildən tez bərpa olunsun.

Baş direktor bunu da vurğulayıb ki, son hadisələrdən sonra şirkətin London birjasındakı səhmlərinin dəyəri 80 faiz ucuzlaşıb. Ancaq R.Vəzirinin fikrincə, şirkətə böyük maddi ziyan dəysə də, bu, şirkətin bazardan çıxması ilə nəticələnməyəcək. O bildirib ki, şirkət öncəki illərdə mənfəətlə işləsə də, son hadisələr nəticəsində təxminən 19 milyon ABŞ dollarına yaxın ziyana düşüb. "Micon" beynəlxalq monitorinq şirkətinin Söyüdlüdəki tullantıxana sahəsində apardığı monitorinqin nəticələri əsasında hazırlanan tövsiyələri yerinə yetirmək üçün lazım olan vəsait kreditlə cəlb edilə bilər. Bunu da şirkətin rəhbəri diqqətə çatdırıb. O öz açıqlamasında yaşanan hadisələrlə bağlı şirkətin məsuliyyətini də etiraf edib: "Söyüdlü sakinlərini tullantılar barədə əvvəlcədən məlumatlandırmalı idik. Bu bizim nöqsanımızdır. Bu nöqsana yol verilməsəydi, bəlkə də, vəziyyətin bu həddə çatmasının qarşısını almaq mümkün olardı. Təəssüf ki, bununla bağlı vaxtında fəaliyyət göstərmədik. Bunu etiraf edirəm". Bu baxımdan aydın olur ki, kənd sakinlərinin şirkətin fəaliyyətindən narazılıqları əsassız deyilmiş.

XS
SM
MD
LG