Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:18

Bakının mərkəzində mənzilinin söküləcəyi deyilən sakin: 'Bu pula ev almaq olar?'


Bakıda Mərkəzi Parkın genişləndirilməsi məqsədilə "Təzə pir" məscidinin yanındakı fərdi evlərin sökülməsinin nəzərdə tutulduğu bildirilir. Bu barədə AzadlıqRadiosuna məlumat verən sakinlər məsələdən narahat olduqlarını deyirlər. Onlar kompensasiya məbləğinin az olacağını düşünürlər.

"Bakının mərkəzindən Xırdalana getməliyəm ki, burada park olacaq?"

Abdulla Şaiq küçəsində yaşayan Nəzrin Məmmədova (ad şərtidir) deyir ki, onlara evlərin söküləcəyi barədə məlumat verilib: "Artıq küçədəki evləri də nömrələyiblər. Deyirlər ki, martda artıq iş başlayacaq. Park salınacaq burada. Sözün düzü, narahatıq, çünki elə "Qış parkı" salınanda insanların başına gətirilən müsibəti görmüşük".

Onun sözlərinə görə, kompensasiyanın məbləği barədə, hələlik, heç bir məlumat yoxdur: "2 mindən versələr, razı olmarıq. Bu pula indiki vaxtda nə ev almaq olar? Kvadratımız da azdır, 48 kvadratdır. 96 minə indi ev varsa da, Xırdalanda, Masazırdadır. Şəhərin mərkəzindən Xırdalana getməliyəm ki, burada park olacaq?".

Amma sakinlər onlara xəbərdarlıq edən şəxslərin konkret hansı qurumdan gəldiklərini aydınlaşdıra bilmədiklərini söyləyirlər.

'Sovetski' sakini: 'Hara çıxarırsan məni? Razı salmısan?'
Gözlə

No media source currently available

0:00 0:01:47 0:00

Bundan əvvəl Bakıda "Qış parkı" və Mərkəzi Parkın yerləşdiyi ərazilərdəki evlərin söküntüsü zamanı orada yaşayan sakinlərə 1 kvadratmetrə görə 1500-2000 manat ödənilib. Sakinlər deyirlər ki, bu arada (2015-ci ildə) ölkədə iki ciddi devalvasiya baş verib, manat iki dəfədən çox dəyər itirib, Bakıda da mənzillər bir xeyli bahalaşıb.

İllərdir Bakıda söküntü-tikinti işləri aparılır. Bəzi hallarda sakinlər evlərini tərk etməyə razı olmasalar da, onların məcburi evlərindən çıxarıldığı ilə bağlı şikayətlər eşidilib. Hətta belə şikayətlər Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) də gedib çatıb, Azərbaycan hökuməti cərimələnib.

Bakı şəhərinin inkişafına dair Baş planında göstərilir ki, 2040-cı ilə qədər paytaxtdakı köhnəlmiş mənzil fondunun ümumi sahəsi iki dəfədən çox azaldılacaq.

İlin əvvəlində isə Bakıda ilkin olaraq 65 binanın sökülməsinin planlaşdırıldığı və onların çoxunun qəzalı vəziyyətdə olduğu bildirilmişdi. Rəsmi məlumata görə, bu 65 evlə bağlı sənədlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilib. Hazırda komitə digər yerli qurumlarla birgə inventarlaşdırma işləri aparır. Amma həmin məsələlərə "Təzə pir" məscidinin yaxınlığında yerləşən evlərin daxil olub-olmadığı barədə məlumat verilmir.

"Sakinlərin sosial maraqları nəzərə alınır"

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən "Turan"a bildirilib ki, Bakının hansısa ərazisində söküntü işinin aparılacağı ayrı-ayrı sifarişçilərdən və dövlət orqanlarından asılıdır: "İlkin mərhələdə yaşayış şəraiti daha pis olan bir- və ikimərtəbəli, plansız-nizamsız tikilmiş evlər sökülə bilər".

Kompensasiya məsələsinə gəldikdə, vurğulanıb ki, kompensasiya müəyyən ediləndə sakinlərin sosial maraqları nəzərə alınır.

Məsələ ilə bağlı Abdulla Şaiq küçəsinin yerləşdiyi Yasamal rayonu İcra Hakimiyyəti ilə danışmaq mümkün olmayıb.

Natiq Cəfərli
Natiq Cəfərli

"Parkı dövlət tiksə belə, qiymətqoyma hüququna malik deyillər"

İqtisadçı Natiq Cəfərli AzadlıqRadiosuna xatırladıb ki, Azərbaycanda mülkiyyət hüququnun pozulması ilə bağlı AİHM-in yüzlərlə qərarı var: "Bu o deməkdir ki, ölkədə mülkiyyət hüququ ilə bağlı vəziyyət heç də yaxşı deyil".

O bildirib ki, qanunvericiliyə görə, dövlət əhəmiyyətli obyektlərin tikintisi zamanı dövlət qurumları qiymətqoyma hüququna malikdir: "Amma parkın salınması həmin dövlət əhəmiyyətli obyektlərə aid edilmir. Parkı dövlət tiksə belə, dövlət qurumları qiymətqoyma hüququna malik deyillər. Burada sakinlərin özləri çox diqqətli olmalıdır, çünki gəlib onlara deyə bilərlər ki, "dövlətin qərarıdır və sizə filan qədər vəsait verilir, bundan artıq vermir". Sakinlər burada öz hüquqlarını axıra kimi qorumağa bacarmalıdırlar".

N.Cəfərlinin sözlərinə görə, sökülən evin sakinlərinə həm maddi, həm də mənəvi zərərə görə kompensasiya ödənilməlidir: "İnsanlar orada nəsillərin yaşadığı bir mülklərə sahibdirlər, onlara mənəvi ziyan da dəyir. Sözügedən ərazidə hazırda evlərin bir kvadratmetrinin qiyməti 3-5 min arasında dəyişirsə, ondan daha yüksək bir məbləğ olmalıdır ki, həm vətəndaşların maddi vəziyyətinə təsir göstərsin, həm də onlara dəyəcək mənəvi ziyanı əhatə etsin. İnsanlar aldıqları vəsaitlə şəhərdən kənarda ev alacaqlarsa, bu, onların hüquqlarının pozuntusudur".

Xatırlatma

Bakıda söküntü işləri son onillikdə kütləvi şəkildə, əsasən, "Sovetski" deyilən ərazidə aparılıb. "Sovetski"nin sökülməsinə 2014-cü ildən başlanıb. 39 hektardan çox sahəni əhatə edən ərazidə birinci mərhələdə 4500, ikinci mərhələdə isə 1920-dək obyekt bir çox hallarda sakinlərlə əldə olunmuş razılığa əsasən satın alınıb, sökülüb.

Amma hər iki mərhələdə kompensasiyanın məbləği ilə razılaşmayan, söküntüyə dirəniş göstərən ailələr də olub. (hər kvadrata 1500 manat ödənilirdi) Onlar müxtəlif dövrlərdə aksiyalar da keçiriblər. Bununla bağlı bir sıra şikayətlər hətta Avropa İnsan Hüquqları Məhkəməsinə də göndərilib.

XS
SM
MD
LG