Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:43

Son həbslərlə ölkə hara gedir?


"Müqəddəs yer"
"Müqəddəs yer"

Ötən həftə ərzində hüquq müdafiəçisi Rüfət Səfərov, MeydanTV internet televiziyası ilə əməkdaşlıq edən altı jurnalist və onların bəzi yaxınları həbs olundular. Üstəlik, siyasi şərhçi Azər Qasımlı da saxlandı. O, hədə-qorxu ilə tələb etmədə, qalanları isə qaçaqmalçılıqda şübhəli sayılır.

Buna qədər isə son bir ildə ölkədə 20-dən çox jurnalist və fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar ittihamları qəbul etmir, sırf peşə fəaliyyətlərinə görə siyasi əsaslarla həbs olunduqlarını bəyan edirlər. Hüquq müdafiəçiləri hazırda Azərbaycan həbsxanalarında 300-dən çox siyasi məhbusun olduğunu bildiriblər. Hakimiyyət rəsmiləri isə ölkədə siyasi məhbusların olması ilə bağlı bəyanları əsassız sayırlar.

Elman Nəsirov
Elman Nəsirov

"Guya Azərbaycanda insan haqları pozulur"

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov da elə düşünür. Deputat "Turan"a bildirib ki, bütün dünyadakı kimi, Azərbaycanda da cinayətkarlar var və onlar həbs edilirlər: "Gündəlik statistikaya baxsaq, görərik ki, məhkəmələrdə konkret cinayət əməllərinə görə neçə nəfər həbs olunur. Çox qəribədir ki, başqa insanların həbsi ilə bağlı reaksiya verilmir, amma iki-üç özünü jurnalist kimi təqdim edən, amma cinayət əməli ilə məşğul olan, özünü siyasətçi kimi qələmə verən, əslində isə konkret cinayət tərkibli əməllərə imza atan şəxslərlə bağlı məhkəmə qərarı qəbul edilərkən onların ətrafında şou yaradırlar, guya Azərbaycanda insan haqları pozulur".

E.Nəsirovun sözlərinə görə, Azərbaycan hüquqi və demokratik dövlətdir: "Hüquqi dövlətdə heç kim qanunu poza bilməz və hamı qanun qarşısında bərabərdir. İstəyirsən partiya sədri ol, istəyirsən partiya üzvü və ya jurnalist ol, istəyirsən həkim ol, fərq etməz. Hamı qanun qarşısında bərabərdir".

Komitə üzvü son həbslərə toxunaraq vurğulayıb ki, istintaq getməkdədir: "Heç kim məhkəmə qərarına təzyiq etməsin. Hüquqi dövlətdə heç kim siyasi baxışlarına görə təqib oluna və həbs edilə bilməz. Azərbaycanda siyasi məhbus yoxdur, ola da bilməz".

Zəfər Əhmədov
Zəfər Əhmədov

"Absurd ittihamlar…"

"Müdafiə Xətti" hüquq-müdafiə təşkilatının həmtəsisçisi Zəfər Əhmədov isə fərqli düşünür. O, AzadlıqRadiosuna bildirib ki, son həbslər insan hüquqlarının pozulmasıdır: "Yəni, ifadə azadlığının boğulması ilə bağlıdır. Ona görə də belə absurd ittihamlar irəli sürürlər".

Hüquq müdafiəçi hesab edir ki, sözügedən şəxslərin həbsləri onların peşə fəaliyyəti ilə bağlıdır: "Bu ittihamlar o vaxt yada düşür ki, bu adamlar hansısa ifşaedici materiallar yayırlar, hər hansı problemləri işıqlandırırlar".

Nəsimi Məmmədli
Nəsimi Məmmədli

"Ölkədə insan hüquqları dərin böhran içindədir"

Siyasi şərhçi Nəsimi Məmmədli düşünür ki, ölkədə insan hüquqları dərin böhran içindədir: "Ölkədə məhkəmə hakimiyyəti nəinki ədalət prinsiplərinə, ölkənin Konstitusiyasına, qanunlarına əməl etmirlər, məhkəmə tam istintaq orqanlarının əlaltısına çevrilib".

Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti hazırda sərhədsiz gücə malikdir: "Tənqidə nifrət, alternativ fikrə dözümsüzlük bütün avtoritar rejimlərin xarakteridir. Son həbslər də azad medianın susdurulması istiqamətində belə kobud əməliyyatların tərkib hissəsidir. Heç bir təqsiri olmayan jurnalistlərin, vətəndaş cəmiyyəti nümayəndələrinin həbsi cəmiyyətdə qorxu mühitini formalaşdırmağa yönəldilib".

XS
SM
MD
LG