Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:50

Filosof: ‘Denasifikasiya Rusiyadan başlamalıdır’


Slavoy Jijek
Slavoy Jijek

Sloveniyalı filosof Slavoy Jijek (Slavoj Zizek) AzadlıqRadiosunun gürcü xidmətinə geniş müsahibəsində Rusiyanın Ukraynaya qarşı müharibədə səfehliyindən danışıb, rus mədəniyyətini boykot etməyin gərəkmədiyini deyib.

Slavoy Jijek 1970-ci və 1980-ci illərdə akademik fəlsəfə ilə məşğul olduqdan sonra əsasən ingilis dilində yazmağa və çoxlarının onun şah əsəri saydığı “İdeologiyanın yüksəldilmiş obyekti” (“The Sublime Object of Ideology”) adlı kitabını nəşr etdirməyə başlayıb. Jijek özünün xaotik yazı tərzi və ziddiyyətli ritorikası ilə seçilir. O daha öncə özünü kommunist hesab etsə də, 2016-cı ildə Donald Trampa səs vermək istədiyini deyib. Jijek hazırda London Universitetinin Börkbek adına Humanitar Elmlər İnstitutunun (Birkbeck Institute for Humanities) beynəlxalq direktorudur.

Qərbin günahı

Jijek hesab edir ki, Rusiya imperiya olmaq istəyən ölkədir. Ancaq o, eyni zamanda Qərbin SSRİ-nin dağılmasına reaksiyasında da problem görür:

“…1990-cı illərdə Yeltsin zamanında…Qərblə Rusiya arasında bağlanan sakit razılaşmaya görə Qərb Rusiyanı rəsmən supergüc kimi tanıyırdı. Bir şərtlə ki, Rusiya özünü supergüc kimi aparmasın. …Ancaq Putin bu qaydanı pozdu. Mən həmçinin düşünürəm ki, 1990-cı illərdə Qərbin Rusiya iqtisadiyyatına təsiri Yeltsin dövründəki iqtisadi çürümənin [ortasında] çox da konstruktiv deyildi. İqtisadi çürümə, demokratiyaya inamsızlıq, korrupsiya Putinə şərait yaratdı. Şübhəsiz ki, Putin qlobal fəlakətdir. Ancaq biz [Qərb] də bu məsələdə günahsız deyilik”.

Sadəcə ritorika deyil

“Rusiya Osetiyanın cənub hissəsini götürdü. Ancaq osetinlər rus azlığı deyil… Bəziləri deyir ki, bütün bu böyük imperiya ritorikası, …(Kremlə bağlı ifrat-sağçı ideoloq Aleksandr) Duginin bütün bu fantaziyaları sadəcə ritorikadır və əslində, Rusiya sadəcə Ukraynada bir az torpaq ələ keçirmək istəyir. Təəssüf ki, buna inanmıram. Bir növ solçu marksist kimi düşünürəm ki, ritorika heç vaxt sadəcə sözlərdən ibarət olmur. İdeologiya dəhşətli maddi gücdür. … “Onlar sadəcə danışırlar…” Ancaq onların danışdığı şeylər qorxuncdur. …Putin nitqlərindən birində təkcə Baltik dövlətlərindən deyil, hətta Finlandiyadan da, hətta bəzi eyhamlarla İsveçdən də danışırdı…

Məni Bosniya-Herseqovina və şimali Kosovodakı vəziyyət də narahat edir. Bəzi məqalələrimdə qeyd etdiyim kimi, bəzi serb siyasətçiləri artıq Putinin dilində danışırlar, iddia edirlər ki, Kosovo da denasifikasiya olunmalıdır. İndi ideologiya dəliliyə yaxınlaşır. Fikir vermisiniz ki, onlar artıq təkcə denasifikasiyadan yox, desatanizasiyadan (şeytansızlaşdırma – tərc.) da danışmağa başlayıblar?... Bax, burada işlər məni həqiqətən narahat edir.

…Mən denasifikasiya məqsədi ilə razılaşıram. Ancaq düşünürəm ki, o evin içində, Rusiyada başlamalıdır. Rusiyada onlar nasizmin yeni versiyasına təhlükəli dərəcədə yaxınlaşmaqdadırlar”, – filosof deyir.

Yeni dünyagörüşü, yoxsa...

Jijek hesab edir ki, rus mədəniyyətinin bir qolunda həmişə imperiya iddiaları olub: “Bildiyim qədər Dostoyevski Rusiyanın Avropanın əbədi qurbanı olması haqda fikri ilk dəfə formulə edən adamdır. Əvvəlcə Rusiya Avropanı Napoleondan xilas edib və s. Bir növ dəli retroaktiv spekulyasiya aparsaq, düşünürəm ki, Napoleon möcüzə nəticəsində udsaydı və Avropaya nəzarət etsəydi, bəlkə bu, daha yaxşı Avropa olardı… Hə, mütləqiyyət olardı, ancaq bu, Fransa İnqilabının dəyərlərinə, azadlıqlara və s. əsaslanan daha maariflənmiş mütləqiyyət olardı.

[Onların] bu ideyası faşistlərin üçüncü yol ideyası idi. Bu ideyaya görə Uzaq Şərq totalitar, Qərb individualistdir, Rusiya, rus pravoslavlığı isə ortadadır… Bizi yalnız birləşmiş Avrasiya xilas edə bilər. Mən hesab edirəm ki, Avrasiya neofaşizmi bildirən rus terminidir və bu hətta empirik olaraq sübut edilə bilər. Hamımızın bildiyimiz kimi, …bütün bunların atası Leninin qovduğu rus siyasi filosofu İvan İlyindir. Artıq o zaman, 1920-ci illərdə o, İtaliyaya, sonra Almaniyaya mühacirət etmişdi. O, faşizmə rəğbət bəsləyirdi. Ancaq maraqlıdır ki, iddia edirdi ki, qərbi avropalılar Qərb dinamikalarının – sənayeləşmə, individualizm, hətta nasizm və faşizmin - təsiri altındadırlar. O düşünürdü ki, yalnız rus pravoslavlığı özünə xas dünyəvi və ruhani gücün birliyi sayəsində orijinal rus faşizmini ortaya qoya bilər. Mənə elə gəlir ki, bu ideya bu gün qayıdır…

…Bu, köhnə faşist ideyasıdır. Demək olar hər bir [faşist] qüvvə özünü ortada olan bir şey kimi təqdim etməyə çalışır. Faşistlər [deyirdilər ki,] "[bir tərəfdə] kommunist totalitarizmi, şəxsi mülkiyyətin, azadlığın olmaması, digər tərəfdə isə Qərb liberalizmi, həddindən artıq individualizm dayanır. Bizsə ortadayıq və yeganə real balanslaşmış qüvvəyik”. Mən belə şeylərə çox ciddi yanaşıram…

Bu gün ABŞ-da Tramp neomühafizəkarları ətrafında baş verənlər … onlar inqilabi fazaya qədəm qoyurlar. Ümid edirəm bu yalnız mədəni vətəndaş müharibəsi olacaq. Ancaq fikir vermisiniz ki, bu yaxınlarda Tramp bir müsahibəsində deyib ki, əsl etibarın qayıtması, demokratiya, Baydenin seçilməsinin ləğvi və s. üçün hətta konstitusiyanı poza, bütün sistemi legitimsizləşdirə bilərik.

Mənə elə gəlir ki, gördüyüm kabus Qərb ifrat sağçı neomühafizəkarları, Fransa, İngiltərə, Almaniya, ABŞ və Rusiya aqressiv populistləri arasında sakit paktdır…. Yadınızdadır, Taliban Əfqanıstanda qalib gələndə Taliban və Çin dərhal saziş bağladılar. Onun qəddar mənası isə bu idi: "Biz sizi rahat buraxırıq, istədiyinizi edin, qadınları terrorizə edin və s. Siz də bizi rahat buraxırsınız ki, öz müsəlmanlarımız, uyğurlarla və s. istədiyimizi edək”. Bu, yeni dünyagörüşüdür və hətta onlar bunu mərkəzsizləşdirmə, multikulturalizm adlandırırlar. Yəni siz qadınların klitorunu kəsə, LGBT-yə qarşı ola, istədiyinizi edə bilərsiniz. Öz ölkənizdə. Biz də burada istədiyimizi edəcəyik. Bu, suveren neofaşistlərin yeni baxışıdır və bütün dünya ən azı bir mənada bu istiqamətdə hərəkət edir…”, – Jijek deyir.

Solçular Rusiyaya niyə rəğbət bəsləyir

Jijek Qərbdəki solçu həmkarlarının Rusiyanı SSRİ-nin varisi kimi görmələrini və ona rəğbət bəsləmələrini anlamadığını bildirir.

“Die Linke partiyasından olan alman solçusu (parlamentin üzvü) Zahra Vaqenknextin (Sahra Wagenknecht) bəyanatını oxudum. O açıqca deyir ki, biz nə üçün uzaqda gedən hansısa müharibəyə görə enerji, pul …itirməli, özümüzü təhlükəyə atmalı, rifahımızı, onun təbirincə desək, işçilərin rifahını təhlükəyə atmalıyıq?

Onun ideyası bundan ibarətdir: Qoy Ukrayna məhv olsun ki, biz elektrikə və sairəyə daha çox pul ödəməyək. Bu isə xalis eqotizmdir (öz əhəmiyyətini həddindən artıq böyütdüyü üçün özü haqda ifrat dərəcədə çox düşünmək – tərc.). Bunun altında hələ də ABŞ və NATO-ya qarşı dərin inamsızlıq durur. Solun doqması bundan ibarətdir ki, kim olursan ol, nə qədər qəddar diktator olursan ol, NATO sənə qarşıdırsa, yəqin səndə o qədər də pis olmayan bir şey var. NATO avtomatik opponentdir. Mənsə bütün bu məntiqin səfeh olduğunu düşünürəm.


Bu, alman təbliğatının II Dünya müharibəsindən az öncə Avropada oynadığı abstrakt pasifizmin eynisidir. Onlar buna antiimperializm deyirdilər. Fransız, ingilis, Amerika imperializmi Avropada dominant olmağa çalışır, biz Avropaya muxtariyyət verəcəyik, biz Avropanı xilas edəcəyik və s. Ancaq paradoks budur ki, özünü siyasi baxımdan anarxist elan edən [Noam] Çomski son nəticədə Rusiyanı dəstəkləmədi”, – o söyləyir.

Jijek hesab edir ki, Qərbin Ukraynaya dəstək şəklində müdaxiləsi olmasaydi, Ukrayna bəlkə də artıq işğal olunardı və məsələ bununla da bitməzdi; Rusiya Moldova, Baltik dövlətləri ilə davam edər, Finlandiyaya təzyiq edər və bununla da kifayətlənməzdi.

XS
SM
MD
LG