Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:13

Azərbaycanda partiyaların yarısı bağlanıb, səbəblər…


Gürcüstan və Ermənistan Azərbaycandan öndə
Gözlə

No media source currently available

0:00 0:03:44 0:00

Gürcüstan və Ermənistan Azərbaycandan öndə

Son aylar Azərbaycanda 29 partiyanın siyasi fəaliyyətini dayandırdığı bildirilir.

Fəaliyyətini dayandıran partiyalar açıqlamalarda bunun səbəbini əsasən bu ilin əvvəlində qüvvəyə minən “Siyasi partiyalar haqqında” qanunla izah edirlər. Məsələ burasındadır ki, yeni qanunda partiyanın qeydiyyatı üçün tələb edilən üzv sayı 1 mindən 5 minə qaldırılıb.

İndi də bu prosesdə təzə bir hal özünü göstərir. Bağlanan partiyaların bəzilərinin sədri bununla bağlı qərarı ya həbsdən çıxandan sonra, ya da həbsdə verirlər.

Qanuna görə, dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayı 4 min 500-dən aşağı olduqda o, məhkəmə qərarı əsasında ləğv edilə bilər. Yeni qanunla partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyəti mümkün sayılmır. Belə halda cərimələr işə düşə bilər.

VİP fəaliyyətini niyə dayandırdı

Sədri Əli Əliyev (2022-ci ilin yanvarında həbs edilmişdi. Şərəf və ləyaqətlərinin alçaldılması, kamera yoldaşına xəsarət və başqa ittihamlarla o üst-üstə 6 aydan 3 il 6 aya qədər həbs cəzaları almışdı. Bu il əfv olundu) həbsdən azadlığa buraxılandan sonra fəaliyyəti dayandırılan Vətəndaş və İnkişaf Partiyasından (VİP) “Turan”a bildirilib ki, qurum yeni qanuna uyğun öz fəaliyyətini dayandırmaq haqqında qərar verib.

Əlavə olunub ki, Əliyevin həbsdə saxlanılması partiyanın vəziyyətini digər siyasi təşkilatlarla müqayisədə daha da ağırlaşdırıb və yeni qanuna uyğunlaşma istiqamətində fəaliyyətə ciddi əngəl yaradıb: “Vurğulanan səbəblər üzündən yeni qanunvericiliyə uyğun olaraq, tələb olunan imzaların toplanmasının mümkün olmaması səbəbindən VİP gələcək fəaliyyətini müzakirəyə çıxarmaq məcburiyyətində qalıb. Yeni qəbul edilmiş qanundan doğan vəziyyətdə siyasi partiya formasında fəaliyyətin davam etdirilməsinin hüquqi məsuliyyət yaratdığını əsas götürərək, partiyamız fəaliyyətinə xitam verilməsi ilə bağlı qərar verib”.

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) deputat Elman Nəsirovun da “Turan”a deməsinə görə, “Siyasi partiyalar haqqında” yeni qanun qəbul edildikdən sonra gözlənilən idi ki, Azərbaycanın siyasi səhnəsində heç bir çəkisi, siyasi proseslərə təsir imkanı olmayan partiyalar öz fəaliyyətini dayandıra bilər:

“Həmin gözləntilər özünü doğruldur. “Siyasi partiyalar haqqında” yeni qanuna görə, partiyaların təkrar qeydiyyat prosesinin reallaşması nəzərdə tutulur və bunun üçün partiyanın minimum 5 min üzvün olması tələbi qanunda öz əksini tapıb. Siyasi nüfuza malik partiyaların 5 min üzv toplaması elə də çətin məsələ deyil”.

“Qohumlardan ibarət partiyalar…”

Deputatın sözlərinə görə, qohumlardan ibarət partiyalar indiki reallıqda öz fəaliyyətini dayandırır: “Bu gün siyasi səhnəni tərk edən partiyalar 5 min üzvü cəlb edə bilmədilər. Çünki cəmiyyətdə etimad yoxdur və heç kim bu partiyalara üzv olmaq istəmir. Belə olan halda partiya fəaliyyətini dayandırmalıdır”.

YAP-çı deputatın qeyd etməsinə görə, Azərbaycanda o siyasi partiyalar qalır ki, onlar ictimai-siyasi fikrə təsir imkanlara malikdirlər.

“Bəzən sədrin həbsdən azadlığa çıxandan sonra onun rəhbərlik etdiyi partiyanın fəaliyyətinin dayandırılması və ya partiyanın fəaliyyətini dayandırandan sonra sədrin həbsdən buraxılması” ilə bağlı suala gəlincə deputat bunları deyib: “Burada heç bir məqsədyönlü niyyət yoxdur. Hakimiyyətin burada onlara qarşı qeyd edilən istiqamətdə təsir niyyəti olmayıb. Güclü partiyaların güclü komandası olur və liderləri həbsdə olsa belə, həmin komanda bütün işləri görə bilərdi. Amma bu baş verməyib”.

“Risk var ki, regionda bir dəyişiklik olarsa...”

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı isə AzadlıqRadiosuna açıqlamasında bildirib ki, ümumilikdə götürəndə hakimiyyət partiyaların böyük hissəsini qapatmaq istəyir: “Məqsəd ondan ibarətdir ki, artıq bu partiyaların qalmasının heç bir mənası yoxdur. Yəni, onlar iqtidar üçün heç bir iş görmürlər. Çünki bir vaxt o partiyaların böyük əksəriyyəti məhz (prezident) İlham Əliyevin dönəmində yaradılıb. O partiyaları yaradanda müəyyən məqsədlə yaratmışdılar. İndi onlar öz funksiyalarını yerinə yetirə bilmirlər. Ona görə, onları mənasız əşya kimi görürlər və hesab edirlər ki, onları qapatmaq lazımdır”.

Politoloqun fikrincə, risk var ki, regionda bir dəyişiklik olarsa, o partiyaların bəzisini kiməsə sata bilərlər: “Belə olan halda o partiyalar hakimiyyətin nəzarətində olmayan kiminsə əlinə keçə bilər. Hakimiyyət üçün bu xoşagəlməz hal olmasın deyə, indidən bunları qapadırlar”.

Siyasi şərhçinin fikrincə, hakimiyyət partiyaların bir çoxuna maliyyə dəstəyi verir və hazırda qənaət etmək niyyətindədir. Qasımlı hesab edir ki, partiyaların bağlanması və ya birləşməsi prosesi davam edəcək.

Yeni qanunun qəbuluna qədər Azərbaycanda 50-dən çox partiyanın qeydiyyatda olduğu bildirilirdi.

XS
SM
MD
LG