Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:11

Frank Şvabe: 'Azərbaycan ATƏT-lə AŞPA-nı qarşı-qarşıya qoydu'


Frank Şvabe
Frank Şvabe

Yanvarın 24-də Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləməyib. Azərbaycanın 23 il öncə Avropa Şurasına qoşulanda götürdüyü əsas öhdəliklərini yerinə yetirməməsi səbəb göstərilib. Bakının təşkilatın prinsiplərini pozduğu, ölkədə insan hüquqlarının durumu, siyasi məhbusların sayının artması əsas gətirilib. Bu qərar hələ verilməmişdən Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti qurumla işbirliyini qeyri-müəyyən müddətə dayandırdığını elan edib.

Bu da qeyd olunmalıdır ki, Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsi təşəbbüsü ilə Almaniyadan olan deputat Frank Şvabe çıxış etmişdi. O fevralın 2-də AzadlıqRadiosuna müsahibə vermişdi. Şvabe Azərbaycanda 7 fevral növbədənkənar prezidnet seçkisindən sonra İzahla proqramina daha bir müsahibə verib.

Cənab Şvabe, proqrama qatıldığınız üçün təşəkkür edirəm. Bu dəfə Avropa Şurası Parlament Assambleyası Azərbaycandakı seçkiləri izləmədi. Azərbaycan hökuməti AŞPA-ya dəvət göndərməmişdi. Bəs AŞPA müşahidəçilərinin iştirak etməməsi seçki prosesinə necə təsir etdi?

Bilmirəm bu durumu daha pis etdi, yoxsa yox, amma bilirəm ki, Azərbaycan diktaturadır. Onlar elə bir oyun oynamaq istəyirdilər ki, diktatura demokratiya kimi görünsün. Əlbəttə ki, onlar çalışırdılar ki, bunu təşkil etsinlər. Onlar Disney filmindəki kimi olmayan bir şeyi göstərmək istəyirlər. Guya ki, bu, demokratik seçkidir və onlar müşahidəçilər dəvət edirlər. Müşahidəçilərin çox hissəsi ATƏT-dən deyil, AŞPA-dan deyil. Artıq sosial mediada hansısa şərhlər yayılır, heç mən onları tanımıram. Təəssüf ki, onların bəziləri Avropa Birliyi ölkələri parlamentlərinin üzvləridir.

Əsas məsələ odur ki, Azərbaycan hökuməti şahid istəmədi. Onlar real vəziyyəti təsvir edənləri - bunun demokratik seçki olmadığını göstərənləri ölkədə görmək istəmədilər. Biz isə bunu deyəcəkdik. Biz nə Azərbaycana, nə də prezident Əliyevə qarşıyıq. Mən İlham Əliyevi tanımıram. Bəlkə də çox yaxşı oğlandır, amma mən görürəm o nə edir. O, diktatura yaratmaqla məşğuldur və bu diktatura demokratiya kimi görünməlidir. Onlar müşahidəçilər dəvət edirlər və bu müşahidəçilər də oyununun bir parçası olmalıdırlar. Aydın məsələdir ki, Avropa Şurası müşahidəçiləri onlar üçün problemdir. Çünki onlar həqiqəti deyəcəklər. Odur ki, başqa cür müşahidəçilik təşkil etdilər. Təəssüf ki, onlar ATƏT-ə imkan verdilər, Avropa Şurası kənarda qaldı. Bu isə iki qurum arasında problem yaratdı. Halbuki, biz birlikdə hərəkət etməliyik. 2015-ci ildə isə onlar Avropa Şurasını dəvət etmişdilər, ATƏT-i yox. Belə səhvi təkrarlamamalıyıq.

“İlham Əliyev bizimlə oyun oynayır”

Aydın görünür ki, prezident İlham Əliyev bizimlə oyun oynayır. Bizim birimizi dəvət edir, o birimizi yox. Məqsəd ATƏT-lə qarşı-qarşıya qoymaqdır. Bu da gərginlik yaradır. Bizim təşkilatlardan sui-istifadəyə yol açır. Seçkidən sonra biz bunu müzakirə etməliyik ki, birlikdə hərəkət edirik, yoxsa yox. Məncə, ATƏT və biz ya birlikdə getməliydik, ya da heç birimiz getməməliydik.

Sual: ATƏT-lə AŞPA arasında bu səbəbdən gərginlik yaranıb belə başa düşdüm...

Biz müzakirələr aparırıq. Hələ ki, ictimailəşdirmirik. Müraciət göndərmişik ki, daha ciddi müzakirə aparaq. Bu, yalnız Azərbaycanla bağlı məsələ deyil, ümumi qaydalarla bağlı məsələdir.

Sual: Azərbaycanda ATƏT müşahidəçiləri vardı. Onlar seçkini müşahidə etdilər, ATƏT yetərli olmadımı?

Mən belə bir söz deyə bilmərəm. ATƏT-in Demokratik Təsisatlar Bürosu çox təcrübəli bir qurumdur. Sadəcə, ATƏT-lə bağlı siyasi durum çox mürəkkəbdir. Orda qərarların qəbulu üçün yekdil mövqe - yekdil qərar lazımdır. İndi növbəti mühüm qərarların qəbulu gözlənir, məsələn baş katib və Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə bağlı. Problem ondadır ki, Rusiya, Türkiyə, Azərbaycan kimi ölkələr bu qurumu sual altına alır. Bu, ATƏT-in fəaliyyətini çətinləşdirir. Amma Avropa Şurasının belə çətinliyi yoxdur. Biz qərarları 3-də 2 səs çoxluğu, hətta adi səs çoxluğu ilə qəbul edə bilirik. Yekdil qərarlara nadir hallarda ehtiyacımız olur. Məncə, ATƏT ciddi təzyiq altındadır. Sonda ATƏT Avropa Şurası olmadan seçkini izləməyə qərar verdi.

Kim deyə bilər ki, demokratik ölkədə kimsə 92-93 faizlə qalib gələr

Sual: Cənab Şvabe, ATƏT-n Azərbaycandakı müşahidə missiyası artıq nəticələri açıqladı. Sizin buna münasibətiniz necədir?

Məncə, ATƏT ölkədəki durumu aydın təsvir etdi. Biz bilməliyik ki, ATƏT həmişə diplomatik dildən istifadə edir. Avropa Şurası da belədir, qaydalarımız var. Biz aydın şəkildə azad və ədalətli, demokratik olmayan sözü demirik. Biz durumu təsvir edirik. ATƏT-in ən həlledici cümləsi budur-fundamental azadlıqlara uzun müddətdir ki, həm qanunvericilikdə, həm də təcrübədə kəskin məhdudiyyətlər qoyulub. Bunlar dinc şəraitdə toplaşma, birləşmə və ifadə azadlığıdır. Bu, diplomatik dildir, amma bu o deməkdir ki, ölkədə demokratik seçki olmayıb. Məncə, ATƏT durumu aydın təsvir edib. Kim deyə bilər ki, demokratik ölkədə kimsə 92-93 faizlə qalib gələr. Mən başa düşürəm ki, prezident İlham Əliyev göstərmək istəyirdi ki, Qarabağda qələbə ona daha çox səs qazandırıb. Amma 90 faizdən yuxarı səs onu göstərir ki, bu, təəssüf ki, demokratiya deyil.

Sual: Amma siz deyirdiniz ki, ATƏT asılıdır…

Mən sadəcə vəziyyəti təsvir etdim. Hər kəs bilir ki, ATƏT təzyiq altındadır. Məsələ budur ki, ATƏT Azərbaycana icazə verməlidirmi ki, hansı beynəlxalq təşkilatın müşahidə missiyasını dəvət etməyi ona diqtə edə bilsin. İndiki durum bizi beynəlxalq qurum olaraq zəiflədir. Biz ölkələrə imkan verməməliyik ki, bizimlə oyun oynasınlar. Desinlər ki, biz bu qurumu dəvət edirik, amma o qurumu yox.

Sual: Və sizə son sualımı vermək istərdim. Yeni prezidentliyi dövründə Əliyev hakimiyyətindən gözləntiniz nədir?

Mənim Azərbaycanla bağlı xeyli narahatlığım var. Məncə, başqa ölkələrə qarşı aqressiya artacaq. Çünki İlham Əliyevin hakimiyyətdə qalması üçün ona həmişə bir konfrantasiya lazımdır. Bu, həmişə Dağlıq Qarabağ münaqişəsi olub. İndi bu münaqişə həll olundu. İndi İlham Əliyev ölkədə sosial-iqtisadi problemlərə köklənə bilər. Amma şübhələrim var... Məncə, biz daha çox ölkə xaricində aqressiyanın şahidi olacağıq. Ümid edirəm ki, yanılıram.

Xatırlatma

Azərbaycan nümayəndə heyəti Avropa Şurasının Parlament Assambleyası (AŞPA) ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Bu barədə nümayəndə heyəti yanvarın 24-də bəyanatında bildirib.

Bəyanatda deyilir ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olandan 2020-ci ilə qədər - 19 il ərzində işğalçı dövləti - Ermənistanı qınamayıb. Ancaq Azərbaycan ərazi bütövlüyü və suverenliyini bərpa edəndən sonra “qarayaxma kampaniyası” ilə üzləşib.

O da vurğulanıb ki, AŞPA-dan bəzi üzv dövlətləri hədəfə almaq üçün platforma kimi istifadə olunur. Nümayəndə heyəti AŞPA-dakı etimadnaməsinə etiraz etmək təşəbbüsünü bu “çirkin kampaniyanın tərkib hissəsi” kimi dəyərləndirib.

Azərbaycanda fevralın 7-də növbədənkənar prezident seçkisi keçirilib.

Mərkəzi Seçki Komissiyasının (MSK) açıqlamasına görə, ilkin nəticələrə əsasən, hazırkı prezident İlham Əliyev 92.05 faizlə irəlidədir. Digər namizədlər isə 0.53-2.18 aralığında faiz toplaya biliblər.

Ekspertlər və siyasilər isə seçki prosesini birmənalı dəyərləndirmirlər.

Ölkə qanunvericiliyə əsasən, əslində prezident seçkiləri 2025-ci ildə keçirilməli idi. Amma dövlət başçısı İlham Əliyev seçkinin tarixinin bir il önə çəkilməsini artıq Azərbaycanın bütün ərazilərində suverenliyin bərpa olunması ilə izah edib. (2020-ci ildə Ermənistanla 44 günlük savaş, ötən il isə qısa hərbi əməliyyatlarla Dağlıq Qarabağ və ətraf 7 rayon işğaldan azad edilib)

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), Müsavat kimi bəzi müxalifət qüvvələri bunu "qəfil seçki" adlandıraraq hakimiyyətin əslində rəqabətli, sivil mübarizəyə hazır olmadığını bəyan edirlər. Onlar bu seçkilərdə iştirakdan imtina ediblər. Rəsmilər isə deyir ki, ölkədə azad və ədalətli seçkilər üçün bütün imkanlar var.

XS
SM
MD
LG