Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:16

Şəkər tozu 50 faiz bahalaşıb


Şəkər
Şəkər

Sosial şəbəkələr istifadəçiləri yazır ki, son vaxtlar şəkər tozu, bitki yağı və bir sıra digər ərzaq məhsulları bahalaşıb.

Bahalaşmanın hər həftə hiss edildiyini yazanlar qeyd edir ki, ilin əvvəlindən bəzi məhsulların qiymətləri 20-30 faizdən çox artıb. Şəkər tozunun isə ötən ildən nə az, nəçox düz 50 faiz bahalaşdığı vurğulanır.

Əslində Azərbaycanda inflyasiya səviyyəsi nə qədərdir?

Dövlət Statistika Komitəsi-ndən «Turan»İnformasiya Agentliyinə bildirilib ki, cari ilin yanvar-aprel aylarında Azərbaycanda istehlak qiymətləri ötən ilin yanvar-aprel aylarına nisbətən 4 faiz artıb.

Məlumata görə, ərzaq məhsulları 4,7, qeyri-ərzaq məhsulları 3,7, əhaliyə göstərilmiş ödənişli xidmətləri isə 3,1 faiz bahalaşıb :

«Cari ilin təkcə aprel ayında isə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,3 faiz, əvvəlki ilin aprel ayına nisbətən isə 4,3 faiz artıb. 2021-ci ilin aprel ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,4 faiz, əvvəlki ilin aprel ayına nisbətən 4,4 faiz artıb».

Statistika komitəsi
Statistika komitəsi

Ən çox bahalaşan və ucuzlaşan məhsullar...

Qurumdan qeyd olunub ki, 2021-ci ilin aprelində ərzaqda daha çox bahalaşma düyüdə, mannada, qarabaşaq yarmasında, makaron məmulatlarında, toyuq ətində, dondurulmuş balığda, sterilizə olunmuş üzlü süddə, yoqurtda, pendirdə, kərə, bitki yağlarında, bəzi meyvə-tərəvəzdə, şəkərdə, şəkər tozunda, çay və tütün məmulatlarında müşahidə olunub :

«Ucuzlaşma isə əsasən təzə balığın, yumurtanın, bananın, qozun, fındığın, xiyarın, badımcanın, yerkökünün, kartofun və sarımsağın qiymətlərində müşahidə olunub ».

Bildirilib ki, 2021-ci ilin aprelində qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,3 faiz, əvvəlki ilin aprel ayına nisbətən 3,9 faiz artıb:

«Bundan əlavə, 2021-ci ilin aprel ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,2 faiz, əvvəlki ilin aprel ayına nisbətən 4,3 faiz artıb».

«Qaydalar və metodologiya həddindən artıq köhnəlib»

Natiq Cəfərli
Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, inflyasiyanın hesablaması üçün istehlak səbəti, ora daxil edilən məhsullar və xidmət növləri var :

«Onların qiymət dəyişikliyinə görə, inflyasiya hesablanır»

Onun fikrincə Azərbaycanda inflyasiyanın hesablama qaydalarında problem var :

«Yəni həmin qaydalar və metodologiya həddindən artıq köhnəlib. Nazirlər Kabinetinin qərarı ilə bəlli bir siyahı tərtib olunub. Həmin siyahıda göstərilən mal və xidmətlərin ən ucuzu qeydə alınır. Əsl metodologiyaya görə isə ortalama qiymətlərin çıxarılması vacibdir».

O deyir ki, rəqəmlərlə oynayaraq, səbətə daxil olan mal və xidmətlərin qiymətlərində müəyyən dəyişikliklər edib minimum səviyyələr götürülərək inflyasiya hesablanır:

«Ona görə də Azərbaycanda reallıqla rəsmi rəqəmlər arasında həmişə uçurum olub».


N.Cəfərli qeyd edib ki, Azərbaycanda inflyasiyanın qeyri-rəsmi hesablamalarını aparan təşkilatlar yoxdur:

«2013-2014-cu ildə qeyri hökumət təşkilatları koalisiyaları doğru alternativ hesablamalar aparırdı. Ölkədə qanunvericiliyin sərtləşdirilməsindən sonra alternativ hesabatlar yoxdur».

«Ən azından iki dəfə fərq olduğu görünür»

Manat
Manat

Onun sözlərinə görə, bu səbəbdən inflyasiyanın real səviyyəsini ifadə etmək çətindir :

«Amma ölkədəki real inflyasiya ilə rəsmi inflyasiya göstəricilər arasında ən azından iki dəfə fərq olduğu görünür».

N.Cəfərli hesab edir ki, Azərbaycanda inflyasiyanın sürərlə artmasının iki səbəbi var :

«Yanvar ayında dizel yanacağın qiymətləri artırılarkən xəbərdarlıq etmişdik ki, bunun yeni mövsüm məhsulların və digər malların qiymətlərinə təsir olacaq. Çünki kənd təsərrüfatında, yerli məhsul istehsalında dizel yanacağın böyük payı var. Belə də oldu».

İqtisadçının qənaətincə, Dövlət Gömrük Komitəsi ölkəyə gətirilən malları rəsmiləşdirdikcə onların maya dəyərləri artır:

«İkinci problem isə sırf gömrükdən qaynaqlanır. İstənilən məhsulu ölkəyə gətirilərkən rəsmi qəbzdə olan qiymətlərə inanmırlar və ölkədəki bazar qiymətlərini əsas götürürlər. Nəticə etibarilə də qiymətlərdə artım müşahidə olunur. ».

Bu fikirlərə, hələlik, Dövlət Gömrük Komitəsi və başqa rəsmi qurumlardan is əmünasibət almaq isəmümkün olmayıb.

XS
SM
MD
LG