Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:28

Kuzunlu sakini: «Evdə su dizdən yuxarı qalxmışdı»


Selin dağıtdığı ev (arxiv fotosu)
Selin dağıtdığı ev (arxiv fotosu)

«7 NƏFƏRİ EVİNƏ KİM SIĞINDIRAR?»

Qusarın Kuzun kəndi üzərindən qara buludlar çəkilmək bilmir. «Şahdağ» istirahət kompleksinə görə evləri və torpaqları əllərindən çıxmış kəndlilər hələ də məhkəmə yollarındadılar. İyunun 24-də günortadan sonra başlayan şiddətli yağış nəticəsində yaranan sel salamat qalan evləri də əllərindən alıb. İlham Mirzəbəyov deyir, 5 azyaşlı övladı ilə evsiz-eşiksiz qalıb, hara gedəcəyini bilmir:

«Evim dağılıb. Körpə uşaqlarla küçədə qalmışam. Gah deyirlər, çadır quracaqlar, gah deyirlər, «özünüz qohum evi tapın, sığının». 5 uşaq, həyat yoldaşım və mən – 7 nəfəri evinə kim sığındırar? Dövlət özü çarə eləməsə, vəziyyətimiz necə olacaq, bilmirik».

«ÇADIRDA NECƏ QALAQ?»

Fasiləsiz yağan güclü yağış Kuzunda 22 evi yararsız vəziyyətə salıb, 3 ev tamamilə dağılıb. İlham Mirzəbəyovun evi suyun altında qalanlardandır. Deyir, hər şey bir göz qırpımında baş verdiyindən təkcə canlarını xilas edə biliblər:

«Sel vurub elektrik dirəklərini aşırdı, işıqlar söndü, evin içərisində su dizdən yuxarı qalxmışdı. Zorla canımızı qurtara bildik. İcra hakimiyyətinə gedirik, deyirlər, «müvəqqəti çətinlikdir, evləriniz tikiləcək, hələlik bir qohum evinə yerləşin». Belə bir qohum da yoxdur. Deyirlər, çadır quracaqlar. 5 körpəylə çadırda necə qalaq, üzü istilərə mən bu 5 uşağın hansını ilandan-kərtənkələdən qoruyum?»

İlham Mirzəbəyovun istədiyi odur ki, dövlət ailəyə ev ayırsın, öz evləri tikilənədək həmin evdə yaşasınlar.

YENİ EVLƏR TİKİLƏCƏK

«”Şahdağ”ı tikəndə torpaqlarımız getdi əlimizdən... «Şahdağ»a yol çəkəndə evlərimizi itirdik. Olan-qalan evləri də sel apardı».

Qusar rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasından "Report"a bildirilib ki, təbii fəlakət nəticəsində kəndin yolları yararsız hala düşüb, elektrik və rabitə dirəklərini və mal-qaranı sel aparıb, arıçılıq təsərrüfatına ciddi ziyan dəyib.

Kəndin girişindəki körpünün bir hissəsini də su aparıb. Bir çox evlərin divarları uçulub. Yağıntılar 3 saata yaxın davam edib.

Evlərə və kənd təsərrüfatına dəymiş zərər hesablanır. FHK evləri dağılmış və qəzalı vəziyyətə düşmüş ailələrə yenilərinin tikiləcəyini vəd edib.

XS
SM
MD
LG