Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:15

Sankt-Peterburq yəhudiləri Şimali Qafqazdakı 'poqrom'dan təlaşlanırlar


Dağıstan hava limanına hücum
Dağıstan hava limanına hücum

Bu həftə Dağıstanda min nəfərədək insanın oluşdurduğu qaragüruh antisemit şüarlar səsləndirərək hava limanına girib və "İsraildən qaçqınlar"ın gəlişini dayandırmağa çalışıb. Olaydan bir neçə saat sonra Dağıstanın baş ravvini yəhudi sakinlərin evakuasiyası haqda düşündüyünü söyləyib.

Ovadya İsakov "Podyom" saytına müsahibəsində Rusiyada keçmişdə qırğınların olduğunu xatırladıb. Ravvinin özü 2007-ci ildə Dağıstanda bıçaqlanıb, 2013-cü ildə isə güllədən ciddi xəsarət alıb. "Biz hara qaçacağımızı bilmirik", - onun sözləridir.

"Liftə minərkən yan-yörəmə baxıram"

AzadlıqRadiosunun "Sever.Realii" xidməti yazır ki, Sankt-Peterburqun yəhudi icmasında bir çoxları oktyabrın 29-da törədilən hava limanı hücumuna təəccüblənməsə də, baş verənlərdən rahatsızdır. Bu, İsraillə HƏMAS arasında münaqişənin yenidən qızışmasından bəri Dağıstan və digər Şimali Qafqaz bölgələrində baş verən antisemitizm insidentləri zəncirində ən dramatik olanıdır.

Vadim Juk
Vadim Juk

"Mən ətrafımı görə biləcəyim yerdə dururam. Liftə minərkən yan-yörəmə baxıram", - 76 yaşlı aktyor və şair Vadim Juk AzadlıqRadiosuna belə deyib.

Ömürboyu Sankt-Peterburqda yaşamış heykəltəraş Aleksandr olub-bitənlərdən təəccüblənmiş kimi görünmür: "Bu, 2 min ildir ki, baş verməkdə olanların davamı kimi görünür. Artıq maraqsızdır. Ksenofobiya və antisemitizmdən çox bezmişəm".

"Meşəyə gedib, cavab atəşi açacağam"

O, "belə ssenariləri planetin istənilən yerində görmək olur" sözlərini də dilə gətirir. Üstəlik, Sankt-Peterburqdakı durumun yəhudilər üçün daha güvənsiz olduğunu düşünmədiyini, ancaq durumun pis yönə dəyişəcəyinə hazır olduğunu da deyib.

"Mən qurbana çevrilməyəcəyəm. Nəsə baş versə, meşəyə gedib cavab atəşi açacağam. Mən çarpışacağam", - o, "Sever.Realii"yə belə söyləyib.

Rusiyanın 2021-ci il siyahıyaalmasının nəticələrinə görə, 82 min 644 nəfər ölkə vətəndaşı özünü yəhudi saydığını deyib. Bu, ölkə əhalisinin 0.6 faizi deməkdir. "İsrail Naminə" yəhudi təşkilatı eyni ildə Rusiyanın yəhudi əhalisinin 150 min nəfər olduğunu bildirib.

Boris Smolkin
Boris Smolkin

77 yaşlı tanınmış aktyor Boris Smolkin xatırlayır ki, onun uşaqlıq illərində sovet hökuməti antisemitizmə göz yumurdu. Dediyinə görə, dövlət antisemitizmi vardı.

Smolkinin fikrincə, indi də buna bənzər şeylər baş verir. O, Moskvanın HƏMAS-ı qınamamasını və hətta oktyabrın 26-da HƏMAS-ın nümayəndə heyətini qəbul etməsini ayrıca sezdirir.

"Məncə, Mahaçqaladakı "poqromçular" (rus dilində "qırğın salanlar" anlamında – red.) da eyni cür düşündülər. Onlara elə gəldi ki, partiya və hökumət onların tərəfindədir. …HƏMAS kimi dostumuz varsa, daha deməyə nə qalır ki? Biz özümüzə ən şərəfsiz dost seçmişik", - Smolkinin sözləridir.

"Bizim rəhbərliyin əli…"

Smolkin belə olayların onlarca etnik qrupun daim barış və uyum içərisində yaşadığı Dağıstanda baş verməsindən təəccübləndiyini deyir. O, eyni zamanda Rusiya hökumətinin hücumu "xarici müdaxilə" və "Qərbin maxinasiyaları" ilə izah etməyə çalışmasından şübhələndiyini də dilə gətirir.

Smolkinin fikrincə, "poqrom"dan siyasi kapital qazanmaq cəhdləri "bizim rəhbərliyimizin bunda əli olmasının ilkin əlamətidir".

Sankt-Peterburqun yəhudi icmasının çoxdankı nümayəndələrindən biri anonimlik şərti ilə deyib ki, ötən ilin fevralında - Rusiyanın Ukraynaya kütləvi hücuma keçməsindən sonra bir çox yəhudi, güman ki, İsrailə köçməyə potensial hazırlıq kimi öz əcdadlarını araşdırmağa başlayıb: "Mənə elə gəlir ki, bugünlərdə Rusiyada işlər hər kəs üçün …təhlükəlidir".

"Nə qədər qəribə olsa da, ola bilər, yəhudilərin durumu bir qədər daha yaxşıdır, axı [yəhudi olduqları] üçün ölkədən getmək imkanı var. Ancaq aydındır ki, bu ölkədə işlər pisdir", - yenə Smolkinin sözləridir. O, "Vaqner" qrupunun iyun qiyamını və Mahaçqaladakı qırğın cəhdini də vurğulayıb.

XS
SM
MD
LG