Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:21

Xodorkovski: 'Qırmızı cizgilər yoxdur'


Mixail Xodorkovski
Mixail Xodorkovski

Rusiya müxalifətinin tanınmış simalarından Mixail Xodorkovski "Nastoyaşeye Vremya"ya müsahibəsində deyib ki, Ukrayna ordusunun Rusiyanın qərbində yerləşən Kursk bölgəsinə qəfil hücumundan üç həftə sonra bu əməliyyat savaşın "önəmli" ünsürü olaraq qalır.

Xodorkovski sentyabrın 1-də Praqada keçirilən "Globsec" beynəlxalq təhlükəsizlik konfransındakı çıxışında Rusiya prezidenti Vladimir Putinə ölkə içində dəstəyin azalmasının səbəbini iki ildən çox yalnız Ukrayna ərazisində gedən müharibənin Rusiya ərazisinə keçməsinə bağlayıb.

"Putinin verməyə qorxduğu qərar"

"Rusiya dövlətinin …insanlara yardımı, açıq-aşkar, qeyri-adekvatdır", - Xodorkovskinin sözləridir. O, Rusiya cəmiyyətinin əksər bölümünün hücuma hərbi fəaliyyət kimi deyil, bir növ "təbii fəlakət" kimi baxdığını da söyləyib: "Putinin 10 min rublu [110 dollar], olsa-olsa, insanların üzünə tüpürməkdir. Xalq da bunu məhz belə anlayır. Belə təpki Ukraynayla savaş üçün Rusiya hökumətinin yeni …səfərbərlik elan etməsini hətta əvvəlkindən də riskli edir… Müharibəni ümummilli işə çevirmək qərarı Putinin verməyə qorxduğu qərardır".

Putin hökuməti müharibə yorğunluğunun qarşısını almaq üçün mediadan yararlanaraq geniş kütləni müharibənin olmadığına inandırıb.

"O, müharibə getdiyi hissini yaradar-yaratmaz, vaxt onun əleyhinə işləyəcək. "Xüsusi hərbi əməliyyat"ın artıq xeyli vaxtdır davam etdiyini nəzərə alsaq, onun nə qədər vaxtının qaldığını bilmirik", - Xodorkovski belə deyir.

Ukrayna üçün bu hücum Qərbdəki tərəfdaşlarını Rusiyaya qarşı hücum əməliyyatları ilə bağlı hər hansı "qırmızı xətlər" qoymağın mənasızlığına inandırmaq çabasıdır.

Prezident Vladimir Putin Kremldə Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının üzvləri ilə görüşdən əvvəl "Yukos" neft şirkətinin idarə heyətinin sədri Mixail Xodorkovski ilə danışır. 2001
Prezident Vladimir Putin Kremldə Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının üzvləri ilə görüşdən əvvəl "Yukos" neft şirkətinin idarə heyətinin sədri Mixail Xodorkovski ilə danışır. 2001

"Aydındır ki, bütün ölkələrdə, özəlliklə Birləşmiş Ştatlarda bürokratlar çox qorxaqdırlar. Ukraynalılar sübut etməlidirlər ki, qırmız xətlər mövcud deyil, ya da, ən azı, burada deyil. Bu addım Qərb bürokratiyalarını çox qəzəbləndirib. Düzdür, hələlik, onlar bunu göstərməyiblər. Ancaq onların xoşuna gəlsə də-gəlməsə də, ukraynalılar qırmızı xətlərin bu bürokratiyaların təsəvvür etdiyi yerdə olmadığını göstərdilər. Bu mənada [bu hücum] çox önəmlidir", - Xodorkovskinin sözləridir.

Xodorkovski Rusiya müxalifətinin bir çox təşəbbüsünü maliyyələşdirib

61 yaşlı Xodorkovski bir zamanlar Rusiyanın ən zəngin insanı idi. 2003-cü ildə o, fırıldaqçılıq ittihamı ilə həbs edilib. Tərəfdarları ittihamın saxta olduğunu, həbsinsə onu siyasi fəaliyyətinə görə cəzalandırmaq və biznes aktivlərini ələ keçirərək Putinə yaxın fiqurlara ötürmək məqsədi daşıdığını deyirlər. 2005-ci ildə Xodorkovski 9 illik həbs cəzasına məhkum edilib, ancaq 2013-cü ilin dekabrında Putin onu əfv edərək ölkədən çıxarıb.

O zamandan bəri Londonda yaşayan Xodorkovski Rusiya müxalifətinin bir çox təşəbbüsünü maliyyələşdirib. 2022-ci ilin mayında Rusiya hökuməti onu "xarici agent” elan edib.

Ötən ilin aprelində Xodorkovski Rusiya müxalifətinin mühacirətdəki tanınmış simaları ilə birlikdə Rusiya Demokratik Qüvvələrinin Bəyannaməsini imzalayıb. Putin hökumətinin "qeyri-legitim və cinayətkar" olduğunu elan edən bu bəyannamədə Rusiya qoşunlarının Ukraynadakı bütün işğal olunmuş ərazilərdən çəkilməsi tələb edilirdi.

XS
SM
MD
LG