Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:08

Rusiyadan: 'Oğlumu Azərbaycana göndərmək istəyirəm'


'300 avroya bilet olar? Ailəmlə Rusiyadan necə qayıdım?'
Gözlə

No media source currently available

0:00 0:04:24 0:00

'300 avroya bilet olar? Ailəmlə Rusiyadan necə qayıdım?' (Video arxiv)

Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib. Qanunun icrası artıq dünən, sentyabrın 21-dən başlayıb, bir çox şəxslərə çağırış vərəqələri göndərilir.

Elə dünən, sentyabrın 21-də Rusiyadan insan axını başlayıb. İstanbula, Bakıya, Yerevana təyyarə biletlərinin dəfələrlə bahalaşması ilə bağlı şikayətlər səslənib. Hətta, bəzi ölkələrə biletlərin 10 min avroya qədər yüksəldiyi vurğulanıb. Gürcüstan, Monqolustan, Qazaxıstan və Finlandiya ilə quru sərhədlərdə isə kilometrlərlə uzanan avtomobil tıxacı yaranıb.

Rusiyadan gələn məlumatlara görə, çağırış vərəqi gələn insanlar arasında bu, ölkəyə işləmək üçün Azərbaycandan gedən və sonra orada Rusiya vətəndaşlığı alan azərbaycanlılar da az deyil. Onlardan da müharibədə iştirak etmək istəməyənlər var.

Rusiyada qismən səfərbərlik elanından sonra Rusiya-Gürcüstan sərhədində növbələr
Gözlə

No media source currently available

0:00 0:00:45 0:00

"Biletlər kəllə-çarxa çıxıb"

Moskva vilayətinin Kubinka şəhərində yaşayan, əslən Kürdəmirdən olan bir şəxs AzadlıqRadiosuna deyib ki, Rusiya vətəndaşı olan oğlunu da xidmətə çağırıblar. Onun sözlərinə görə, hərbi komissarlıqda öyrənib ki, çağırılanların bir çoxu Qafqazdan və Orta Asiyadandır: "Oğlumu Azərbaycana göndərmək istəyirəm. Biletlər kəllə-çarxa çıxıb. Yaxın günlərə bilet yoxdur, dedilər, 29-na birbaşa 77 min 353 rubldur. Bizim pulla indi haradasa 2 min 100 manatdan bahadır. Üstəlik, ehtiyat edirik ki, onu hava limanında saxlaya bilərlər. Quru sərhəd isə bağlıdır. Çıxılmaz vəziyyətdəyik. Mənim kimi bu şəhərdə çoxlu soydaşımız çıxılmaz vəziyyətə düşüblər".

Hətta, Rusiyada yaşayan azərbaycanlılardan bəzilərinin deməsinə görə, Lənkərana bir biletin qiyməti artıq 3 min manata yaxınlaşmaqdadır. Təyyarə biletlərinin belə kəskin bahalaşması ilə bağlı şikayətlərə Azərbaycan və Rusiyanın uyğun rəsmi qurumların münasibətini almaq mümkün olmayıb.

E.Nəsirov
E.Nəsirov

Amma Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov "Turan"a bildirib ki, Rusiya-Ukrayna müharibəsinin hələ çox ciddi fəsadlara gətirib çıxaracağını proqnozlaşdırmaq mümkün idi: "Bu müharibənin əlavə nəticələri qış mövsümündə Avropada hiss olunacaq"

"...digər Rusiya vətəndaşlarının atdığı addımı ata bilərlər"

Komitə üzvünün sözlərinə görə, Rusiyada 2 milyondan artıq azərbaycanlı yaşayır: "Onların bir qismi Rusiya vətəndaşıdır. Nəzərə alsaq ki, 18 yaşından 60 yaşa qədər ehtiyatda olan hərbçilərin, hərbi mükəlləfiyyəti olanların çağırışı elan edilib, bu, Rusiya vətəndaşı olan azərbaycanlıları da əhatə edə bilər. Bu, orada yaşayan azərbaycanlıların ölkəni tərk etmək istəyən digər Rusiya vətəndaşlarının atdığı addımları atmasına və Azərbaycana gəlməsinə səbəb ola bilər".

E.Nəsirov hesab edir ki, Azərbaycan hökuməti bu məsələlərlə bağlı müvafiq addımlar atmalıdır. "Yəqin ki, bu addımlar artıq atılır".

Amma o, konkret hansı addımın zəruri olduğunu qeyd etməyib.

E.Şahinoğlu
E.Şahinoğlu

"Bu, Putinin şəxsi müharibəsidir"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da AzadlıqRadiosuna bildirib ki, Rusiya vətəndaşlığı alan və ya orada doğulan azərbaycanlıların orduya cəlb edilməsi mümkündür. Onun fikrincə, bu müharibə göstərib ki, Rusiyada hakimiyyət millətlər arasında da ayrıseçkiliyə yol verir: "Buna görə də təhlükə var ki, Rusiyada yaşayan başqa millətlərlə yanaşı, azərbaycanlılar da cəlb olunsun".

O vurğulayır ki, azərbaycanlıların bir qismi bu müharibədə obyektiv səbəblərdən iştirak etmək istəməyəcək: "Onları anlamaq olar. Bu, onların müharibəsi deyil. Bu, heç Rusiyanın müharibəsi də deyil, bu, Putinin şəxsi müharibəsidir. Ona görə mümkündür ki, azərbaycanlıların bir qismi müharibədən çəkinmək üçün vətənə qayıtsınlar".

Rusiyadan göndərilən pul kəsilir, kasıblıq arta bilərmi?
Gözlə

No media source currently available

0:00 0:05:13 0:00

"Azərbaycanın Rusiya ilə quru sərhədləri bağlıdır"

E.Şahinoğlunun sözlərinə görə, problem ondadır ki, Azərbaycanın Rusiya ilə quru sərhədləri bağlıdır (2020-ci ildən koronavirus səbəbi ilə Azərbaycanın digər qonşuları ilə quru sərhədlərində gediş-gəliş məhdudlaşdırılıb. Amma bir çox yumşaldılmalara baxmayaraq, sərhədlər açılmır): "Hava yolu ilə də gələ bilməyəcəklər, çünki ruslar artıq bütün biletləri alıblar".

Siyasi şərhçisi bildirib ki, Rusiyada yaşayan, amma bu ölkənin vətəndaşı olmayan azərbaycanlıları təhlükə gözləmir: "Amma onlar Rusiyada iqtisadi vəziyyətin ağırlaşması ilə bağlı Azərbaycana dönə bilərlər. Bu, baş versə, Azərbaycanın özündə də müəyyən sosial problemlər yarana bilər".

Yazıda səslənən fikirlərlə bağlı Rusiyanın Azərbaycandakı səfirliyindən isə münasibət almaq mümkün olmayıb. Amma Rusiya rəsmiləri, bir qayda olaraq, ölkələrini beynəlmiləl sayırlar.

Xatırlatma

Bu il fevralın 24-də Rusiya Ukraynaya yeni hücuma başlayıb. Rusiya altı il əvvəl isə Ukraynanın bir hissəsini-Krımı ilhaq etmişdi. Onda Rusiyaya sanksiyalar tətbiq edilməyə başlanmışdı. Yeni müharibədən sonra da Qərb və dünyanın bir sıra ölkələri Rusiyaya sanksiyaları genişləndirib. Azərbaycan isə sanksiyalara qoşulmayıb.

Son aylar Ukrayna Silahlı Qüvvələrinin bölmələri əks hücuma keçərək Rusiyanın işğal etdiyi ərazilərin bir hissəsini geri qaytarıb.

Bu müharibə nəticəsində on minlərcə insanların həlak olduğu, milyonlarla insanın didərgin düşdüyü bildirilir.

XS
SM
MD
LG