Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:25

Sızan sənədlər Kremlin Rusiyadakı seçkiləri necə yönəltdiyini göstərir


İnsanlar Sankt-Peterburqda seçkiləri təbliğ edən reklam lövhəsinin yanında avtobus dayanacağında gözləyirlər.
İnsanlar Sankt-Peterburqda seçkiləri təbliğ edən reklam lövhəsinin yanında avtobus dayanacağında gözləyirlər.

"Ostorojno, novosti" adlı Telegram kanalının yaydığı xəbərdə deyilir ki, ötən həftənin sonlarında Həştərxan təbii qaz emalı zavodunda fəhlələrə 15-17 mart tarixlərindəki seçkilərdə necə səs verəcəklərinə dair təlimat vərəqələri paylanıb. Həmin təlimatlara görə, zavodun 5 min işçisi səsvermə məntəqəsinə gəlincə, onlara içində mütləq açacaqları link olan SMS göndəriləcək. Bu link onların telefonunun yerini müəyyənləşdirəcək və şirkət rəhbərliyini onların səs verdiyi barədə bilgiləndirəcək. SMS almayan işçilərə seçki məntəqəsindəki "adam"ın onlara verdiyi QR-kodu skan etmələri tapşırılıb.

"GEO-SMS" layihəsi?

Martın 7-də Rusiyada yasaqlanmış "Qolos" müstəqil seçki monitorinq qrupu hakim "Vahid Rusiya" partiyasının "GEO-SMS" adlı layihə düşündüyü barədə məlumat yayıb. Layihənin məqsədi dövlət sektorunda çalışan seçicilərin iştirakına göz qoymaqdır.

AzadlıqRadiosunun "İdel.Realii" xidmətinin əməkdaşı Andrey Qriqoryevin hazırladığı məqalədə deyilir ki, seçkiyə qatılmanı artırmaq üçün geolokasiya proqramlarından istifadə builki seçkilərdə tətbiq edilən innovasiyadır. Ötən ay müxalif siyasətçi Olqa Sidelnikovanın Telegram-da paylaşdığı bir sızmış sənəddə bunu aydın görmək olar. Daha öncə Moskvanın Lomonosov rayonunun inzibati rəhbəri çalışmış Sidelnikova indi xaricdə yaşayır. Həmin sənədin Kremlin təxminən 1.5 milyon nəfər əhalisi olan Udmurtiya bölgəsindəki seçki strategiyasının təqdimatı olduğu bildirilir. Sidelnikova sənədi necə əldə etdiyini demək istəməsə də, orijinalın onda olduğunu və onun gerçəkliyinə şübhə etmədiyini deyib.

Udmurtiyada Putinin regional seçki qərargahı üçün strategiya
Udmurtiyada Putinin regional seçki qərargahı üçün strategiya

Udmurtiya bölgəsindən olan və hazırda xaricdə yaşayan siyasi məsləhətçi Sergey Antonov da 38 səhifəlik təqdimat slaydlarının gerçək sənəd olduğuna və onun bənzərlərinin Rusiyanın bütün bölgələrində buraxıldığına əmin olduğunu söyləyib.

"Cümə günü [martın 15-də], günorta saat 2-dən öncə dövlət sektorunda çalışanların hamısı geolokasiyalarını açmış vəziyyətdə serverə mesaj göndərməlidir. Bu, yeni texnologiyadır. Hər seçkidə sistem bir az da gəlişdirilir", - Antonovun sözləridir.

"Bu, onların zəif nöqtəsidir"

Monitorinq qrupları və Kreml tənqidçiləri deyirlər ki, Putinin hakimiyyəti dövründə polisdən məhkəmələrə, seçki komissiyalarına, dövlət mediasına və yerli hakimiyyətlərədək hökumətin bütün resurslara göz qoyduğu ortamda seçkilər heç vaxt ədalətli olmayıb. Di gəl, Rusiyanın Ukraynaya müdaxiləsi sürərkən illərlə sıxışdırılan müxalifətin tam marginallaşdırılması fonunda keçirilən indiki seçki kampaniyası Putinin 25 illik hakimiyyəti dövründə keçirilən ən rəqabətsiz milli səsvermə sayılır.

Media xəbərlərindən və rəsmilərin çıxışlarından Kremlin bu dəfə Putinə 80-85 faiz səs veriləcəyini, seçici iştirakınınsa, azı, 70 faiz olacağını iddia edəcəyini görmək mümkündür. Təhlilçilər Putin və administrasiyasının öz legitimliyi artırmaq üçün seçkidən yararlanmaq istədiyini deyirlər. Elə bu üzdən hakimiyyətə, Ukraynaya qarşı aparılan müharibəyə, eləcə də Qərblə artan qarşıdurmaya kütləvi xalq dəstəyi görüntüsü yaratmağa çalışırlar.

Putinin Udmurtiyadakı seçki qərargahının strukturu
Putinin Udmurtiyadakı seçki qərargahının strukturu

Sidelnikovanın sözlərinə görə, yüksək iştirak faizinə nail olmaq həmişə hökumətin zəif nöqtəsi olub.

"Son illərdə tətbiq etdikləri müstəqil monitorinqin ləğvi, onlayn səsvermənin genişləndirilməsi və bütün səviyyələrdəki seçki komissiyalarına nəzarət kimi yeniliklərə rəğmən, hələ də insanların seçki məntəqələrinə gəlməsinə ehtiyacları var. Seçici iştirakına nəzarət etməksə asan deyil. Kobud desək, bu onların zəif nöqtəsidir", - Sidelnikovanın AzadlıqRadiosuna müsahibəsində dilə gətirdiyi sözlərdir.

"Heç bir müstəqil monitorinq yoxdur"

"İnsanların əməlli-başlı ayağa qalxaraq seçki məntəqəsinə axışmasına ehtiyacları var. İştirak faizini əldə edəndən sonra ürəkləri istəyən nəticəni qondara bilərlər. Onsuz da heç bir müstəqil monitorinq yoxdur və seçki komissiyaları tam nəzarət altındadır".

Sidelnikovanın əldə etdiyi sənədin Udmurtiya rəsmilərinə ötən ilin iyunundan öncə təqdim edildiyi görünür. Deməli, həmin dövrdə artıq prezident seçkilərinə dair planlaşdırma işi görülməkdəymiş. Sənəddə Udmurtiyada ənənəvi olaraq qeydə alınan 55 faizlik iştirak səviyyəsinin 80 faizə çatdırılması məqsədinə ayrıca diqqət yetirilib. Üstəlik, geolokasiya proqramından əlavə, seçicilərin "Vahid Rusiya" partiyasının şöbələri, bələdiyyə administrasiyaları və yerli deputatlar vasitəsilə səfərbər edilməsinə də çağırış var. Sənəd bələdiyyə administrasiyalarına məntəqə seçki komissiyalarında öz nümayəndələri vasitəsilə seçici iştirakına nəzarət etmək təlimatını verir.

Udmurtiyada seçki kampaniyasının taktikası
Udmurtiyada seçki kampaniyasının taktikası

Antonov deyir ki, "Vahid Rusiya" partiyası inzibati resurslardan yararlanaraq, işçiləri səfərbər edərək, müxtəlif müsabiqə və vətənpərvərlik tədbirləri keçirərək …seçici iştirakının səviyyəsini artırmaq məqsədi güdür. Ancaq onun sözlərinə görə, aşağı səviyyələrdə coşqunun olmaması üzündən partiya çox zaman belə planları gerçəkləşdirə bilmir: "Bu cür ideyaları həyata keçirməyə gəlincə, məlum olur ki, yerli partiya özəklərində gerçəkdən heç bir iş görməyənlər, ya da basqı gücünə orada saxlanan adamlar olur".

Sızan sənəddə Kremlin ictimai rəyə nəzarət etməklə bağlı səylərinin, o cümlədən sosial mediadakı səylərin ayrıntıları da əksini tapıb. Sənəddə deyilir ki, Putin kampaniyası neqativ informasiyanı nəzarətdə saxlamaq və müxalifətin təşəbbüslərini gözdən salmaq məqsədilə sosial media çətlərinə və müzakirə qruplarına davamlı göz qoyacaq.

"Seçimsiz, tək namizədlə"

Sənəddə "faydalı kontentin çəkilməsi və toplanması", "hər hansı etiraz hərəkətlərinə qarşı iş aparılması", "əkskontentin yaradılması və yayılması", "memlərin, feyklərin, uzun mətnlərin, araşdırma filmlərinin və s. hazırlanması və yayılması" kimi məqamlara da toxunulur. Bu sənəddə adı çəkilən "Təmizləmə" layihəsininsə məqsədi müxalifətin bütün təbliğat materiallarının internetdən qısa zamanda yox edilməsidir.

Hökumət eyni zamanda hökumət dəstəkçisi olan fəallardan "ərazi xalq özünüidarə təşkilatları" yaradıb. Onların da arasından "müstəqil seçki monitorları"nı seçib.

Antonov hökumətin bölgələrdə işə salmağı planlaşdırdığı 4 min 500 monitoru "psevdo-xalq psevdo-monitorları" adlandırır: "Onların vəzifəsi hər hansı təxribata, yaxud saxtakarlığa yol verməməkdir. Bu o deməkdir ki, onlar həmişə deyəcəklər ki, heç bir pozuntu olmayıb. Onlardan müsahibə alınası olsa, elə bunu deyəcəklər. Onlara verilən təlimat budur. [2017-ci ilin sentyabrında] Udmurtiya rəhbərinin seçkisində onlar bircə pozuntu belə aşkar etməyiblər".

"Putin Rusiyasında seçki özünün məntiqi ideal halına çatdırılıb və SSRİ qaydasına uyğun – seçimsiz, tək namizədlə keçiriləcək", - yenə Antonovun sözləridir.

XS
SM
MD
LG