Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:08

Rusiya Qırğızıstanın qazanclı avtomobil ixracını sıxışdırır


Qırğızıstandan Rusiyaya avtomobillərin irimiqyaslı reeksportu 2022-ci ilin fevralında Moskvanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra bir çox ölkələrin Rusiya ilə ticarətini dayandırdıqdan sonra başlayıb.
Qırğızıstandan Rusiyaya avtomobillərin irimiqyaslı reeksportu 2022-ci ilin fevralında Moskvanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra bir çox ölkələrin Rusiya ilə ticarətini dayandırdıqdan sonra başlayıb.

Biznesmen Yasir Hakimov son iki ildə vətəni Bişkekdə çox dəbdə olan ticarət növü ilə məşğuldur. O, sanksiyalara məruz qalmış Rusiyaya üçüncü ölkələrdən maşın ixrac edir. Hakimov təkcə noyabr və dekabr aylarında Moskvaya daha öncə Qırğızıstana gətirilmiş 200-ə yaxın avtomobil göndərdiyini deyir. Qırğızıstan Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyi ticarət blokunun üzvüdür.

AzadlıqRadiosunun müxbirləri Kubatbek Aybaşov və Kris Rikltonun hazırladığı məqalədə deyilir ki, maşınların çoxu Çin, Şimali Koreya, Birləşmiş Ərəb Əmirlikləri və Avropadan gətirilir.

Gömrük rüsumları 20 faizədək artırıla bilər

Bu biznesə ötən yay başlayan Hakimov bu işin uzun çəkməyəcəyindən narahatdır. Qırğızıstan hökuməti ixracatçıları yaxın gələcəkdə gömrük rüsumlarının 20 faizədək artırılacağı barədə xəbərdar edib.

Hakimovun fikrincə, bu addım Kremlin təzyiqindən qaynaqlanır. Ötən il Rusiya Federal Gömrük Xidməti Qırğızıstana göndərilən maşınların dəyərinin bilərəkdən aşağı salınmasından gileylənirdi. Qırğızıstandan Rusiyaya iri həcmdə ixracat bir çox ölkənin 2022-ci ildə Ukraynaya hücumla bağlı Rusiya ilə ticarəti dayandırmasından sonra başlayıb. Ötən ilin birinci yarısında - Rusiyanın avtomobillərə tələbatı yenidən savaşöncəsi səviyyəyə çatandan sonra bu ticarət daha da çiçəklənib. Ötən ilin ikinci yarısından isə qırğız ixracatçıların problemləri başlanıb. Bu problemlər, əsasən, Rusiya hökumətinin avqust və oktyabr aylarında idxal olunan maşınlar üçün təkrar istifadə rüsumlarını dəyişməsi ilə bağlıdır. Özəlliklə oktyabrda tətbiq edilən qayda dəyişikliyi xaricdən maşın alan fərdlərə mənfi təsir göstərib. İndi onlar rəsmi diler şirkətləri qədər rüsum ödəməlidirlər. Qırğızıstana maşınları, əsasən, fiziki şəxslər gətirirdilər. Çin avtomobillərinin ölkədəki maşın bazarının çox hissəsini ələ keçirməsini kədərlə izləyən Rusiya avtomobil sənayesi bu rüsum dəyişikliyini alqışlayıb.

Ancaq bu dəyişiklik Qırğızıstandakı maşın alverçilərinə ciddi problem törədib.

İnsanlar Moskvada Çin avtomobili "Changan" satılan mağazaya baş çəkirlər.
İnsanlar Moskvada Çin avtomobili "Changan" satılan mağazaya baş çəkirlər.

Qırğızıstan bilgiləndiriləcək

"Olsa-olsa, ən kiçik oyunçuları bazardan itələyib çıxardılar", - Hakimov AzadlıqRadiosuna belə deyib.

Uzun zamandan bəri Qırğızıstan iqtisadiyyatı üçün böyük önəm daşıyan "təkrar ixrac" (reeksport) ölkənin 2015-ci ildə Avrasiya İttifaqına qoşulmasından sonra çətinləşib.

Qırğızıstan bu quruma qoşulandan bəri digər üzvlər tərəfindən dəfələrlə blokun sərhədlərində şübhəli alış-verişlə məşğul olmaqda suçlanıb. Bu, özəlliklə qaçaqmalçıların cənnəti sayılan Çin sərhədinə aiddir. Belə görünür ki, Qırğızıstanın çiçəklənməkdə olan ixracatı Rusiyanın səbrini tükədib. Axı ölkənin daxili bazarında ən çox Çin maşınları var və bu üzdən yeni avtomobillərə elə ehtiyac yoxdur.

Rusiya Federal Gömrük Xidməti iyulda verdiyi bəyanatda Avrasiya İttifaqı ölkələrinə idxal edilən maşınların dəyərinin bilərəkdən aşağı salındığını vurğulayıb və bu pozuntunun əsas mənbəyi kimi Qırğızıstanı göstərib. "Federal Gömrük Xidməti maşınların dəyərinin aşağı salınması hallarını müəyyənləşdirdiyi təqdirdə nəzarətin təşkili və ödənməmiş rüsumların toplanması məqsədilə bununla bağlı məlumat Qırğızıstana ötürüləcək", - bəyanatda deyilir.

Qırğızıstanda avtomobillər üçün gömrük rüsumları 15 faiz, Rusiyada isə istehsal ilindən asılı olaraq, 20-25 faizdir. Maşınlara tətbiq edilən ƏDV də Qırğızıstanda Rusiyadakından daha sərfəlidir. Qırğızıstanda ƏDV təxminən 12 faiz, Rusiyada isə 19-20 faizdir.

Qırğızıstan Avtomobil İdxalatçılarının Hüquqlarını Müdafiə Birliyinin sədri Tilek Kojokulov AzadlıqRadiosunun qırğız xidmətinə bildirib ki, təkrar ixracla məşğul olanlar yeni rüsumların artıq Rusiyadan sifariş olunmuş və yola salınan maşınlara da tətbiq ediləcəyindən qorxurlar.

Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda Avrasiya İqtisadi Birliyinin sammitində Qırğızıstan prezidenti Sadır Japarovla əl sıxır.
Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda Avrasiya İqtisadi Birliyinin sammitində Qırğızıstan prezidenti Sadır Japarovla əl sıxır.

Avtomobil idxalı 10 ayda beş dəfə artıb

Kojokulov iddia edir ki, uzunmüddətli perspektivdə ölkə bu imkanı Belarus və Qazaxıstan kimi ölkələrə uduzmaq riski qarşısındadır. Onun sözlərinə görə, bu ölkələr öz qanunvericiliklərini maşın idxalatçılarının mənfəət götürməsi üçün dəyişməyə çalışırlar. Qırğızıstanın Gömrük Xidməti AzadlıqRadiosunun açıqlama xahişinə cavab verməyib.

Qırğızıstanın 2023-cü ilin ilk 10 ayı üçün rəsmi gömrük rəqəmləri avtomobil idxalının bu dövr ərzində beş dəfə artaraq, demək olar, 160 min ədədə çatdığını göstərir.

Ancaq eyni mənbədən maşın ixracatı ilə bağlı rəqəmləri görmək olmur.

AzadlıqRadiosunun qırğız xidmətinə danışan işadamı Suyunbek Mırzakanov deyir ki, reallıqda yalnız Qırğızıstanda qeydiyyatdan keçən və qırğız nömrə nişanları alan maşınlar ixrac siyahılarına salınır. Mırzakanov bu il idxal edilən maşınların ən çoxu 10 faizinin Qırğızıstanda qaldığını söyləyir.

Qırğızıstanın idxal etdiyi maşınlar arasında sayı 60 mini aşan Çin maşınları ilk sırada gəlir.

Çinin gömrük məlumatları isə ötən ilin ilk 11 ayı ərzində Qırğızıstana avtomobil ixracatının 60 dəfədən çox artdığını göstərir. Məsafələr və logistika qırğız maşın dəllallarının Avropa ilə işləməsini çətinləşdirir. Ancaq Fransa və Almaniya kimi ölkələrin Rusiya ilə bağlarını kəsməsi burada da imkanlar açıb.

Avrasiya İttifaqının "arxa qapı"sı?

Ötən ilin dekabrında Beynəlxalq Valyuta Fondunun keçmiş baş iqtisadçısı Robin Bruks (Robin Brooks) Qırğızıstana maşın və ehtiyat hissələri ixracının 5 min 500 faiz artdığını göstərən rəsmi alman rəqəmlərinə diqqət çəkib. Həmin rəqəmlərə görə, Qırğızıstana avtomobil və ehtiyat hissələri ixracı 2023-cü ilin ilk yarısında ayda 30 milyon avroya (34 milyon dollara) çatıb, ilin sonunda isə 20 milyon avroyadək (23 milyon dollaradək) azalıb.

"İxracatdakı bu artım Rusiyanın Ukraynaya müdaxiləsindən sonra başlayıb. Yəni maşınların Moskvaya getdiyi aydın görünür. Bu, dayanmalıdır", - Bruks X-də belə yazıb.

Qırğızıstan və Qazaxıstan Belarus kimi Rusiyanın Ukraynaya hücumunu dəstəkləməsə də, Avrasiya İttifaqının "arxa qapı"sıdır. Beləcə, Rusiya sanksiyalardan yayınır.

XS
SM
MD
LG