Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:39

Rusiyada nüvə zavodunda sızma baş verib


Ural Elektrokimya Kombinatının uranın zənginləşdirilməsi sexi (Arxiv fotosu)
Ural Elektrokimya Kombinatının uranın zənginləşdirilməsi sexi (Arxiv fotosu)

Rusiyanın Sverdlovsk vilayətindəki Ural Elektrokimya Kombinatının uranın zənginləşdirilməsi sexində nüvə yanacağı balonundan sızma baş verib.

Bir nəfərin öldüyü, sex işçilərinin evakuasiya olunduğu xəbər verilir.

İçində 1 kubmetr uran heksaflüorid olan konteynerdə hermetiklik iyulun 14-də, yerli vaxtla saat 9:13-də pozulub.

Zavodun aid olduğu Rosatom dövlət konsernindən verilən məlumata görə sızma “lokallaşdırılıb” və “əhali üçün risk təşkil etmir”. Hazırda sexin “sanitar işlənməsi” aparılır.

Ekspertlər nə deyir

Rusiyanın RIA Novosti agentliyi bir nəfərin öldüyünü yazsa da, onun kimliyi və vəzifəsi bildirilmir.

E1 saytı yazır ki, baş vermiş fəlakətin ardınca zavodun 100-dən artıq işçisi Novouralsk xəstəxanasında müayinə ediləcək.

Saytın söhbət etdiyi ekspertlər deyiblər ki, uran heksaflüorid konteynerinin zədələnməsi ehtimalən radioloji yox, daha çox kimyəvi təhlükə yaradır.

Dünyada ən böyük müəssisə

Zavodun yerləşdiyi Novouralsk şəhərinin başçısı Vyaçeslav Tyumentsev VKontakte səhifəsində əhalini “panikaya qapılmamağa” və “messencerlərlə bu barədə məlumatlar göndərməməyə” çağırıb:

"Yaxınlarınızı qoruyun, tanışlara və doğmalara izah edin ki, təhlükə yoxdur. Vəziyyət nəzarət altındadır”.

Ural Elektrokimya Kombinatı 1945-ci ildə istifadəyə verilib. Zavod atom elektrik stansiyaları üçün yanacaq istehsal edir.

Burada bu məqsədlə ABŞ və Avropa nüvə stansiyalarının işlənmiş yanacağı təkrar emal olunur. Bu, dünyada bu tipli ən böyük müəssisədir.

Novouralsk şəhəri Ekaterinburqun 50, Nijni Tagilin 75 kilometrliyində yerləşir. Şəhər əhalisinin sayı 78 min nəfərdir.

XS
SM
MD
LG