Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:32

Moskva ittihamları rədd edir, Moldova hava məkanını bağlayır


Maya Sandu
Maya Sandu

Moldova fevralın 14-də hava məkanını müvəqqəti olaraq bağlayıb.

Bundan əvvəl ölkə prezidenti Maya Sandu Rusiyanı onun hökumətini devirmək üçün plan qurmaqda ittiham etmişdi.

Rusiya bu ittihamı dərhal rədd edib.

Reuters agentliyi Kişinau hava limanındakı mənbələrə əsasən yazır ki, hava məkanının bağlanması təhlükəsizlik narahatlığı ilə bağlıdır.

Moldovanın Air Moldova aviasiya şirkətinin Facebook səhifəsində deyilir:

"Əziz sərnişinlər, hazırda Moldova Respublikasının hava məkanı bağlıdır. Biz uçuşların bərpa olunmasını gözləyirik”.

Rusiyanın RIA Novosti dövlət xəbər agentliyi də reyslərin ləğv olunmasına dair məlumatları təsdiq edib.

Serbiya və Monteneqronun reaksiyası

Serbiyanın xarici işlər naziri İviça Daçiç də fevralın 14-də Maya Sandunun Serbiya vətəndaşlarından Moldovadakı təxribat hərəkətlərində mümkün istifadə barədə bəyanatını rədd edib.

Daçiç Moldovadan bu barədə ixtiyarında olan bütün məlumatların verilməsini tələb edib. Nazir əlavə edib ki, bundan əvvəl Moldovadan buna dair heç bir məlumat almayıb:

"Mən Kişinaudakı səfirimizə tapşırmışam ki, bu bəyanat barədə təcili qaydada izahat istəsin, habelə belə zorakı hərəkətlərdə şübhəli bilinən iştirakçılar barədə məlumatları alsın”.

Monteneqronun baş naziri Dritan Abazovic fevralın 14-də deyib ki, onun Monteneqrodan kimlərinsə Moldovada vəziyyəti sabitsizləşdirməyi planlaşdırmasına dair məlumatı yoxdur:

"Əgər lazım gələrsə, bizim təhlükəsizlik xidmətlərimiz əlavə yoxlamalar keçirəcək. Əgər onlarda (Moldovada) hər hansı əlavə məlumat varsa, biz dinləməyə hazırıq. Bu, elə bir təəssürat yaradır ki, guya Monteneqro Moldovadakı problemlərə müdaxilə edir”.

Abazovic xatırladıb ki, onun ölkəsi NATO üzvü kimi Avropa İttifaqının Rusiyaya qarşı sanksiya siyasətini tamamilə dəstəkləyir.

Moskva Moldovada sabitliyi pozmağa çalışmadığını deyir

Rusiya fevralın 14-də Moldovada sabitliyi pozmaq cəhdləri haqda ittihamları rədd edib. Bundan öncə Prezident Maya Sandu demişdi ki, Ukrayna kəşfiyyat xidmətlərinin verdiyi sənədlər Moskvanın onun ölkəsinə qarşı planlarını ifşa edir. Rusiyanın xalq etirazları adı altında hökumət binalarına agent-provokatorlar vasitəsilə hücumlar planlaşdırdığı iddia olunur.

“Ukraynalı tərəfdaşlarımızın verdiyi sənədlərdə bu təxribatların məkanları və logistik aspektləri sənədləşdirilib. Planda zorakı hərəkətlərə ölkədən kənar adamların cəlbi də nəzərdə tutulur”, – deyən prezident “maksimum ayıq-sayıqlığa” çağırıb.

“Bu iddialar tamamilə əsassızdır”, – Rusiyanın Xarici İşlər Nazirliyi bəyanatında bildirir. Qurum Ukraynanı Moskva və Kişinau arasında gərginliyi qızışdırmağa, Moldovanı “Rusiyayla sərt qarşıdurmaya çəkməyə” çalışmaqda suçlayıb.

Ağ evin narahatlığı

Moldovanın Baş naziri Nataliya Qavrilitanın fevralın 10-da istefasından sonra ölkədə hökumət böhranı yaranıb. Sandu isə böhranın dərinləşməsini önləmək məqsədilə müdafiə və təhlükəsizlik müşaviri Dorin Receanı hökumət başçısı təyin edib.

Ağ ev məlumatlardan “dərin narahatlıq” bildirib. Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Körbi (John Kirby) fevralın 13-də deyib ki, müstəqil təsdiqlənməsə də, bütün bunlar "Rusiyanın davranışından kənar deyil və biz qətiyyətlə Moldova hökuməti və xalqının yanındayıq".

Bu iddia olunan plan haqda ilk dəfə Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 9-da Brüsseldə Aİ sammitində danışıb. Onun sözlərinə görə, Kiyev “Moldovanın Rusiya kəşfiyyatı tərəfindən dağıldılması planını aşkarlayıb”.

Zelenski planın Rusiyanın Ukraynanı ələ keçirmək üçün hazırladığı plana çox oxşar olduğunu vurğulayıb. Ancaq onu da əlavə edib ki, Moskvanın planın həyata keçirilməsinə əmr verib-vermədiyini bilmir.

Planın detalları

Sandu deyib ki, plana “hərbi təlim görmüş və mülki geyimli diversiyaçılar” daxil olub, Serbiya, Rusiya, Belarus, Monteneqro vətəndaşlarının Moldovaya daxil olması üçün təlimatlar da aşkarlanıb.

Moskvanın məqsədi “Kişinaudakı legitim hakimiyyəti qeyri-legitim biriylə” əvəzləmək, Moldovanın Avropaya inteqrasiya cəhdlərini boğmaq, Moldovadan Rusiyanın Ukraynaya qarşı müharibəsində istifadə etmək olub, Sandu deyib.

Prezident iddia edib ki, sentyabrdan noyabradək Moldovada antihökumət nümayişlərinin məqsədi də ölkəyə zərbə vurmaq idi. Rusiyayönlü Shor Partiyasının təşkil etdiyi etirazlarda erkən seçkilər tələbi, qərbpərəst Sandunun istefası tələb olunurdu.

XS
SM
MD
LG