Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:01

Qarabağın keçmiş ‘müdafiə naziri’nin saxlandığı deyilir


Levon Mnatsakanyan
Levon Mnatsakanyan

Sentyabrın 29-da “Laçın” dövlət sərhəd-buraxılış məntəqəsində Qarabağda tanınmayan qurumun “müdafiə naziri” olduğu deyilən Lyova Henrixi Mnatsakanyanın saxlandığı bildirilir.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) məlumatına görə, ölkə ərazisinə qeyri-qanuni gələrək 2015-2018-ci illərdə tanınmayan “Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri” vəzifəsində çalışmış Lyova Henrixi Mnatsakanyan Ermənistan istiqamətində hərəkət etməyə cəhd göstərərkən saxlanıb:

“Saxlanılan şəxs Bakı şəhərinə gətirilib və barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib.”

Bu məlumata, hələlik, onun yaxınları və Ermənistanın rəsmi qurumlarının münasibəti bəlli deyil

Qarabağın keçmiş 'müdafiə ordusu komandanın müavini' həbs edilib

Ermənistan vətəndaşı Davit Manukyan sentyabrın 27-də saxlanıb. Bu barədə sentyabrın 29-də Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.

Davit Manukyan
Davit Manukyan

Qarabağın keçmiş "müdafiə ordusu komandanın müavini" olduğu bildirilən D.Manukyanın terrorçuluq əməllərində günahlandırıldığı açıqlanıb.

""Dağlıq Qarabağ Respublikasının Müdafiə Ordusu komandanının birinci müavini" adı altında Azərbaycan ərazisində qanunsuz mütəşəkkil silahlı birləşmələrin fəaliyyətinin təşkilində və idarə edilməsində,... iştirak edib", - məlumatda vurğulanır.

D.Manukyan barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçildiyi bildirilir.

Bu məlumata, hələlik, onun, yaxınlarının və Ermənistan rəsmilərinin münasibəti bəlli deyil.

Qeyd edilən maddələrlə ittiham edilən şəxsə ömürlük həbsə qədər cəza verilə bilər.

Ruben Vardanyan
Ruben Vardanyan

Ruben Vardanyan terrorçuluğu maliyyələşdirməkdə ittiham edilir

Səbail rayon Məhkəməsində tanınmayan "Dağlıq Qarabağ Respublikasının keçmiş dövlət naziri" Ruben Vardanyan barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsinin təqdimatına baxılıb.

Prosesdə təqdimat təmin edilib və R.Vardanyan barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

+++

Tanınmayan "Dağlıq Qarabağ Respublikasının dövlət naziri" vəzifəsində çalışmış Ruben Vardanyan Azərbaycanda həbs edilib.

Bu barədə Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yayıb.

Məlumatda R.Vardanyanın həbsi Azərbaycanın Rusiya sülhməramlı kontingentinin yerləşdiyi ərazilərində terrorçuluq cinayətləri ilə bağlı ibtidai istintaqla əlaqələndirilir.

Açıqlamaya görə, Ermənistan vətəndaşı R.Vardanyan Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin... yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli sayılır.

Həmin ittihamlarla şəxsə ömürlük həbsə qədər cəza verilə bilər.

Bu ittihama, hələlik, R.Vardanyan və yaxınlarının münasibəti bəlli deyil.

David Babayan
David Babayan

David Babayan Şuşaya gedir

Dağlıq Qarabağdakı separatçı rejimin müşaviri, keçmiş xarici işlər naziri David Babayan sentyabrın 28-də bildirib ki, Azərbaycan tərəfi müvafiq təhqiqatla bağlı onun Bakıya gəlməsini tələb edib. Bu haqda AzadlıqRadiosunun erməni xidməti yazır.

"Hamınız bilirsiniz ki, Azərbaycanın qara siyahısına salınmışam, Azərbaycan tərəfi müvafiq təhqiqatlar bağlı mənim Bakıya getməyimi tələb edib. Bu gün Stepanakertdən (Xankəndi) Şuşiyə (Şuşa) getməyə qərar verdim", – yazan Babayan əlavə edib ki, bu qərar ilk növbədə onun yaxınlarına güclü ağrı, narahatlıq və stress yaşadacaq, ancaq əmindir ki, onu anlayacaqlar.

"Getməməyim, daha pisi, qaçmağım, çox əziyyət çəkmiş xalqımıza, çox adama böyük ziyan vuracaq, mən isə... buna yol verə bilmərəm", – Babayan vurğulayıb.

Sentyabrın 27-də separatçı rejimin keçmiş "dövlət naziri" Ruben Vardanyan Laçın nəzarət-buraxılış məntəqəsində saxlanmışdı.

Ermənistan Vardanyanla bağlı məhkəməyə müraciət edib

Ermənistan hökuməti "Qarabağın keçmiş dövlət naziri" kimi təqdim olunan rusiyalı milyarder Ruben Vardanyanın müdafiəsi məsələsi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) müraciət edib.

Hökumətin sözçüsü Asmik Samvelyan bu barədə deyib: "Biz ayrıca olaraq Bakıdan Vardanyanın saxlandığı yer və sağlıq durumu barədə məlumat tələb etmişik".

Ruben Vardanyan saxlanılıb.

Tanınmayan "Dağlıq Qarabağ Respublikasının dövlət naziri" vəzifəsində çalışmış Ruben Vardanyan sentyabrın 27-də "Laçın" sərhəd-buraxılış məntəqəsində saxlanılıb. Bu barədə Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Məlumatda bildirilir ki, o, DSX əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib. "Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib", - məlumatda vurğulanır.

+++

Azərbaycanın təhlükəsizlik qüvvələrinin Qarabağdakı separatçı rejimin keçmiş dövlət naziri Ruben Vardanyanı regiondan çıxmağa çalışarkən saxladığı bildirilir. Xəbəri Rusiyanın RBC agentliyi Vardanyanın həyat yoldaşına istinadla yayıb.

"Ərim, xeyriyyəçi, işadamı və Artsaxın (Qarabağ) keçmiş dövlət naziri Ruben Vardanyan bu səhər Azərbaycan hakimiyyəti tərəfindən sərhəddə həbs olunaraq əsir götürülüb. O, Azərbaycan işğalından qaçan minlərlə digər erməni ilə birlikdə Artsaxı tərk etməyə çalışırdı...", – Veronika Zonabend deyib.

Milyarder bankir Vardanyan 2022-ci ilin noyabrından 2023-cü ilin fevralınadək separatçı rejimin hökumət başçısı olub.

Vardanyan Qarabağdakı rejimin "dövlət naziri" postundan kənarlaşdırılanda Ermənistan mediası yazırdı ki, Azərbaycan onun vəzifədən çıxarılmasını sülh sazişinin şərtlərindən biri kimi irəli sürüb.

Vardanyan 2022-ci ilin sentyabrında Rusiya vətəndaşlığından imtina edib, deyib ki, bütün mümkün riskləri gözə alaraq Qarabağa köçmək qərarı verib.

O deyirdi ki, 2020-ci il müharibəsindən sonra bütün dünya erməniləri Qarabağ ətrafında birləşməlidir.

Vardanyan Rusiyanın "Troika Dialog" investisiya bankının keçmiş sədridir. 2011-ci ildə bu bankı "Sberbank" alıb.

"Forbes" 2021-ci ildə Vardanyanın sərvətini 1 milyard dollar dəyərləndirirdi. Dərgi onu "Rusiya səhm bazarının qurucu atalarından biri" adlandırırdı.

Xatırlatma

Sentyabrın 19-da rəsmi Bakı Qarabağda "lokal antiterror tədbirləri"ni başladıb erməni silahlı qüvvələrinin regiondan çıxarılmasını tələb edib.

Sentyabrın 20-də hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olunduğu açıqlanıb. Razılığa əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Hazırda 40 mindən çox erməninin Qarabağı tərk etdiyi bildirilir. Ancaq rəsmi Bakı heç kəsi Qarabağdan çıxmağa məcbur etmədiyini, onların Azərbaycan cəmiyyətinə reinteqrsiyası üçün paket açıqlanacağını bildirir.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər hələ ki, sülh müqaviləsi imzalaya bilməyiblər.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG