Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:19

Rusiya tarixinə aid mübahisəli dərslik Quzey Qafqazda köhnə yaralara duz səpir


"Rusiya tarixi" dərsliyi
"Rusiya tarixi" dərsliyi

Rusiyanın Təhsil naziri Sergey Kravtsov bu ay Qaraçay-Çərkəz bölgəsinə səfəri zamanı Şimali (Quzey) Qafqazda kəskin reaksiya doğuran yeni dərsliyi bir daha gözdən keçirəcəyinə söz verib. Bu bilgi bölgənin başçısı Raşid Temrezovun sentyabrın 23-də paylaşdığı Telegram postunda əksini tapıb.

Yuxarı sinif şagirdləri üçün yazılmış dərsliyin həmmüəlliflərindən biri prezidentin millətçi köməkçisi, keçmiş Mədəniyyət naziri Vladimir Medinskidir. O, çox vaxt sovet ənənələrinə uyğun ideoloji indoktrinasiyanı təqlid etdiyi üçün tənqid olunur (latıncadan götürülən, öyrədilmə anlamı verən indoktrinasiya deyərkən, birmənalı şəkildə tənqid və mübahisəni qəbul etməyən bir öyrətmə üsulu nəzərdə tutulur. Bu yolla insanlar yönləndirilir, bəlli seçimlərə və bəlli ideoloji məqsədlər güdməyə məcbur edilir, - red.) Çoxlarının tənqid etdiyi bu dərslikdə sovet diktatoru İosif Stalinin bir çox xalqların, o cümlədən çeçenlərin, qaraçayların, inquşların, balkarların, kalmıkların, Ahısqa türklərinin, Krım tatarlarının öz doğma vətənlərindən amansız deportasiyasında oynadığı rol qəsdən kiçildilir. Stalin bu xalqları İkinci Dünya müharibəsi zamanı nasist Almaniyası işğalçıları ilə əməkdaşlıqda günahlandıraraq onlara qarşı kollektiv cəza tətbiq edib. Onun bu siyasəti sonucunda meydana gələn demoqrafik fəlakət zamanı yüz minlərlə insan öldürülüb və ya tarixi travma yaşamalı olub.

Repressiya qurbanlarının sümükləri üstündə qəsəbə
Gözlə

No media source currently available

0:00 0:01:44 0:00

Ədalət bərpa edilib?

İşğalçılarla əməkdaşlıq ittihamları 1991-ci ildə qəbul olunmuş "Repressiyaya məruz qoyulmuş xalqların bəraəti haqda" sovet qanunu ilə ləğv edilib. 2014-cü ildə Rusiya Prezidenti Vladimir Putin də "repressiya olunan millətlərin tam bəraəti" barədə sərəncam imzalayıb.

Di gəl, dərsliyin bu mövzudan söz açan tək abzasında xəyanətlə bağlı stalinist ittihamlar təkrarlanır və deportasiyaların "işğalçılarla əməkdaşlıq hallarına əsaslanaraq" gerçəkləşdirildiyi yazılır.

Dərslikdə deyilir ki, bu kollektiv cəzalandırma siyasətinə görə "təkcə quldurlar və düşmənlə bilincli əməkdaşlıq edənlər yox, çox sayda günahsız insan da repressiya edilib. Deportasiya edilənlər çox əzab-əziyyət çəkməli olublar. 1953-cü ildə [Stalinin ölümündən sonra] ədalət bərpa edilib". Ardınca da bu deportasiyaların müharibə dövründə ABŞ-dakı yaponəsilli amerikalıların həbsi ilə müqayisəsi aparılır.

"Artıq bir həftədən çoxdur ki, xalqları repressiya edilən bölgələrin başçılarından ibarət işçi qrup Təhsil Nazirliyinin rəhbərliyi ilə bu məsələnin üzərində çalışır. İşçi qrupun fikirləri dərsliyin müəllifi Vladimir Medinskinin diqqətinə çatdırılıb və o bu fikirlərlə razılaşıb… onu düzəltməyə razı olduğunu dilə gətirib", - R.Temrezovun sözləridir.

"Hər il bu qorxunc olayı yad edirik"

Dərs ili başlanandan sözügedən dərslik Quzey Qafqazda çox tənqid olunur. Rusiya Qafqaz Xalqları Konqresinin sədri Ali Totorkulov "köhnə stalinist iftiranı" yaydığı, "deportasiyalarda və cəbhədə əhalisinin 30 faizindən yarısınadək itirən milyonlarla Rusiya vətəndaşını bir daha təhqir etdiyi" üçün kitabı qınayıb və onu "Rusiya xalqları birliyinin altına yerləşdirilmiş mina" adlandırıb.

"Hər il biz bu qorxunc olayı yad edirik, bu cinayətkar deportasiyanı anır, məhv edilən günahsız insanların yasını tuturuq. Niyə bu yaraların üzərinə duz səpirlər?", - Konqres sədrinin sözləridir.

Çeçenistan parlamenti sədrinin postu heç bir açıqlamasız silinib

İnquşetiyada "TsORI" vətəndaş təşkilatı bölgə parlamentini dərsliyi "etnik düşmənçiliyi alovlandırma" şübhəsi ilə araşdırmağa və gələcəkdə təhsil materiallarının gözdən keçirilməsi üçün daimi qurum formalaşdırmağa çağırıb.

İnquşetiyanın paytaxtı Maqasın keçmiş meri Beslan Tseçoyev Instagram-da dərsliyi "təhqiredici və ədalətsiz" adlandıraraq Medinskini üzr istəməyə çağırıb.

Çeçenistanda bölgə parlamentinin sədri Maqomed Daudov yazıb ki, dərslik "SSRİ-nin repressiyaya məruz qoyulmuş xalqlarının nümayəndələri arasında qəzəb dalğası doğurub". O, Çeçenistan lideri Ramzan Kadırovun bu dərsliyin məktəblərdən yığışdırılmasını əmr etdiyini də bildirib.

M.Daudovun postu sonradan heç bir açıqlama verilmədən silinib.

XS
SM
MD
LG