Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:07

Qubalı fermerin başına gələnlər: 'Torpağımı əlimdən aldılar, 'bandotdel'də o qədər döydülər...'


R.Məmmədov deyir, onu o qədər döyüblər ki, huşunu itirib.
R.Məmmədov deyir, onu o qədər döyüblər ki, huşunu itirib.

Rusiyaya məhsul ixracı ilə məşğul olan qubalı fermer Rəşid Məmmədova bugünlərdə 11 il 6 ay həbs cəzası kəsilib. Ona noyabrın 16-da Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.

42 yaşlı sahibkar iki ilə yaxındır həbsdədir. Ona Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək üçün hədə-qorxu ilə tələbetmə) maddəsi ilə ittiham verilib. Cinayət işinin materiallarında iddia edilir ki, R.Məmmədov zərərçəkmiş qismində tanınan şəxslərdən - Rusiyaya meyvə-tərəvəz daşınması ilə məşğul olan adamlardan hər yük maşınına görə 200 manat pul tələb edib və alıb.

R.Məmmədov bunun yalan olduğunu deyir. O, zərərçəkmiş kimi tanınan adamlardan bir neçəsini heç tanımadığını, onları ilk dəfə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (el arasında sovetlər dönəmindəki ilk adı ilə - "bandotdel" kimi xatırlanır-red.) gördüyünü söyləyir. R.Məmmədov həbsinin səbəbini yaşadığı Quba rayonunun Zərdabi kəndində bələdiyyədən icarəyə götürüb alma bağları saldığı torpaqların saxta sənədlərlə əlindən alınmasına etirazında görür və iddia edir ki, torpaqlarını keçmiş baş prokuror Zakir Qaralovun qohumu Kahin Əsgərov əlindən alıb.

"Sən kimsən Kahin müəllimə ilişirsən?"

Qubalı sahibkarın sözlərinə görə, ötən il yanvarın 12-də "bandotdel"in əməkdaşı telefon açaraq onu Bakıya – Nərimanov parkına çağırıb. O da şikayətinin araşdırılacağını düşünərək sənədlərini də götürüb, gedib. Ancaq parkdan elə həmin qurumun bir neçə əməkdaşı onu götürüb idarəyə aparıb: ""Bandotdel"də masanın üstünə üç büküm qoydular ki, "boynuna götürməlisən, sən kimsən Kahin müəllimə ilişirsən? O necə istəyirsə, elə də olmalıdır". Məni o qədər döydülər, toka verdilər... Üst-başım cırıq-cırıq, özüm qan içində, atdılar kameraya. Səhər də sir-sifətim o gündə Nərimanov məhkəməsinə aparıb 15 günlük həbs qərarı aldılar".

R.Məmmədovun söylədiyinə görə, hakim üzündəki, boynundakı, qollarındakı işgəncə izlərini, hətta qan ləkələrini görsə də, heç maraqlanmayıb ki, onu kim və niyə bu vəziyyətə salıb. Məhkəmədə təqdim edilən protokolda iddia olunub ki, bir gün öncə Nərimanov parkında ictimai asayişi pozub. Bu üzdən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları onu saxlayanda da tabesizlik göstərib. Ancaq R.Məmmədov elə həmin məhkəmədə də deyib ki, yalandır, onu torpaq söhbətinə görə tutublar. Di gəl, hakim onun dediklərinə önəmsəməyib.

Məhkəmədən sonra onu yenə "bandotdel"ə qaytarıblar. R.Məmmədov deyir, onu o qədər döyüblər ki, huşunu itirib. Vəziyyətinin ağır olduğunu görüb həkim çağırıblar, sonra da başına torba keçirib təcili xəstəxanaya çatdırıblar: "Bir də oyandım ki, "Respublikanski" xəstəxanada sistemin altındayam".

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi

Ötən il yanvarın 14-də Binəqədidə inzibati qaydada həbs olunanların saxlandığı təcridxanaya köçürülüb və həmin ayın 27-dək orada qalıb. Yanvarın 27-də R.Məmmədov yenidən idarəyə gətirilib və bu dəfə barəsində hədə-qorxu ilə tələbetmə ittihamı ilə cinayət işi başlanıb. İddia edilib ki, "bandotdel"ə ondan şikayət edənlər var.

R.Məmmədovun vəkili onun işgəncəyə məruz qalması ilə əlaqədar prokurorluğa şikayət verib. 2023-cü ilin aprelində Nərimanov rayon Prokurorluğu cinayət işi başlanmasını rədd edib. Prokurorun köməkçisi Rafiq Şıxəliyev qərar verib ki, "bandotdel"də R.Məmmədova işgəncə verilməyib, onun şikayətində göstərilənlər təsdiqini tapmayıb.

Bakı Apellyasiya Məhkəməsi prokurorluğun qərarını ləğv edib. Məhkəmə qərar çıxarıb ki, prokurorluq işgəncə şikayətini yenidən araşdırmalıdır. Nərimanov rayon Prokurorluğunda R.Məmmədovun işgəncə şikayəti ilə bağlı bir daha araşdırma aparılsa da, nəticə dəyişməyib – 27 fevral 2024-cü ildə yenə də qərar çıxarılıb ki, işgəncə faktı sübuta yetirilmədiyindən cinayət işi başlanması rədd edilsin. Şikayətçi tərəf bundan iki ay sonra xəbər tutub və yenə də prokuror köməkçisinin qərarından məhkəməyə şikayət verib.

R.Məmmədovun vəkili şikayətində göstərib ki, prokurorluğun budəfəki araşdırması da əvvəlkindən fərqlənməyib: "Yalnız "bandotdel" əməkdaşlarını dindirməklə obyektiv araşdırma aparmaq mümkün deyil. Bu şəxslərin özləri işgəncə veriblər və onların ifadələri obyektiv hesab oluna bilməz".

"Bu gün də işgəncə izləri mənim bədənimdə qalır"

R.Məmmədov deyir ki, "bandotdel"də döyüləndən dörd ay sonra – 2023-cü ilin aprelində ekspertizadan keçirilib. Ekspertlər onun bədənində xəsarət izlərinin olması haqda rəy veriblər: "Görün işgəncələr nə qədər ağır olub ki, dörd ay sonra da izləri qalıb. Üstündən iki il keçir, bu gün də işgəncə izləri mənim bədənimdə qalır".

Nərimanov rayon Məhkəməsi yenə də prokurorluğun qərarını ləğv edib. Məhkəmə qərar verib ki, prokurorluq "bandotdel"də baş verənlərlə bağlı obyektiv və hərtərəfli araşdırma aparmayıb.

Məhkəmənin fikrincə, prokurorluq R.Məmmədovun bədənindəki xəsarətlərin niyə yaranması, 2023-cü ilin yanvarında onun hansı səbəbdən Respublika Klinik Xəstəxanasına aparılması, Nərimanov rayon Məhkəməsində barəsində inzibati həbs qərarı çıxarılan məhkəmə prosesinin audio və videoyazısının iş materiallarında olmaması və s. halları mütləq araşdırmalıdır.

'Nə baş nazir, nə hökumət reaksiya verir' - Məhsul ixracı ilə bağlı həyəcan təbili çalınır
Gözlə

No media source currently available

0:00 0:07:42 0:00

"Mən gömrüyün rəisiyəm ki?"

Ancaq Sumqayıt Ağır Cinayətlər Məhkəməsi hökmdə işgəncə məsələsini nəzərə almayıb.

"Hakim bir düşünmür ki, necə oldu, bu adamlar birdən-birə hamısı gəlib yanvarın 13-də "bandotdel"ə şikayət ərizəsi verdilər? Deməli, quramadır da. O boyda "bandotdel"in işçiləri deyirlər ki, guya mən təkbaşına bunlara Nərimanov parkında müqavimət göstərmişəm. Belə biabırçılıq olar? Mən gömrüyün rəisiyəm-nəyəm ki, meyvə maşınının buraxılmasına görə pul alım?", - R.Məmmədovun sözləridir.

Onun həbsinə görə ittiham etdiyi Kahin Əsgərov oktyabrda Baş Prokurorluqda xaricə köçürülmüş pulun geri qaytarılmaması ilə əlaqədar başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub və axtarışa verilib. Bu barədə Baş Prokurorluqdan bildirilib.

XS
SM
MD
LG