Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:42

ABŞ və Aİ seçkiqabağı Gürcüstanın hakim partiyasına səbrinin tükəndiyinin mesajını verir


"Gürcü Arzusu" partiyasının faktiki lideri milyarder Bidzina İvanişvili Tbilisidə aprel mitinqi zamanı nümayişçiləri salamlayır.
"Gürcü Arzusu" partiyasının faktiki lideri milyarder Bidzina İvanişvili Tbilisidə aprel mitinqi zamanı nümayişçiləri salamlayır.

Gürcüstan on illərdir ABŞ və Avropa ilə sıx əməkdaşlıq edir, ancaq Qərb tərəfdaşları bu Qafqaz ölkəsinin daxili siyasətində tərəf tutmayıblar. Hakim "Gürcü Arzusu" son vaxtlar antiqərb ritorikasına üz tutandan isə Tbilisinin Qərb tərəfdaşları da bu partiyanın oktyabrda parlament seçkilərində uduzmasına üstünlük verdiklərini dair güclü siqnallar səsləndirirlər.

AzadlıqRadiosunun əməkdaşı Coşua Kuçera yazır ki, siqnallar dolayısı ilə verilir, Qərb rəsmiləri seçkilərin taleyini gürcüstanlı seçicilərin müəyyənləşdirdiyini deyirlər. Di gəl, Gürcüstanda çoxları ABŞ və Avropadan son həftələr gələn mesajları diqqətçəkən sayır.

Gürcüstanda xaricdən maliyyələşən media və QHT-lərə nəzarəti gücləndirən "xarici agent" qanunu qəbul olunandan beynəlxalq tərəfdaşların da yanaşması sərtləşib. Qanun maliyyəsinin azı 20 faizini xaricdən alan qurumlara aiddir. Rusiya da müxalifət və müstəqil media ilə bağı oxşar qanun qəbul etmişdi.

Aİ-nin Gürcüstandakı səfiri deyib ki, ölkənin birliyə üzvlük prosesinə fasilə verilib, o, gürcüstanlıların seçkidə "düzgün seçim" edəcəyinə ümid bəsləyir. Aİ rəsmən bəyan edib ki, Gürcüstan hökumət rəsmiləri ilə siyasi təmasları azaltmaq, vətəndaş cəmiyyəti ilə əməkdaşlığı gücləndirmək istəyir. Pentaqon bu yaya planlaşdırılan ABŞ-Gürcüstan təlimlərini təxirə salıb, gələn il bərpa olunacağına ümidini bildirib.

Ehtiyatlı reaksiya

"Gürcü Arzusu" təmsilçiləri bütün bunlara ehtiyatlı reaksiya verərək deyiblər ki, bu hərəkətlər azından favoritizm təəssüratı yaradır.

"Bunun Gürcüstana faydası yoxdur. Ölkə daxilində bu, müxalifətin əlinə oynayır, onlar strateji tərəfdaşlarımızla durumun pisləşdiyini göstərirlər", -- hakim partiyadan deputat Maka Boçorişvili deyib.

O, Qərbin seçkidə müxalifətə dəstək niyyətinin "spekulyasiya" məsələsi olduğunu deyib: "Amma o da faktdır ki, Gürcüstanda bunun rolu var. Niyyəti olsa da, olmasa da, bu belədir".

Ancaq hakim partiya müttəfiqlərinin heç də hamısı belə ehtiyatla danışmır.

Sozar Subari
Sozar Subari

ABŞ-nin hərbi təlimləri təxirə salmasının "yalnız bir məqsədi var, patronlarının tələb etdiyi istənilən müharibəni kortəbii dəstəkləyəcək partiyalara səs verməkdən ötrü Gürcüstan elektoratına təzyiq göstərmək", -- bunu isə "Gürcü Arzusu"nun törəmə partiyası, "Xalqın Gücü"nü parlamentdə təmsil edən Sozar Subari televiziyaya müsahibəsində deyib.

2012-ci ildə hakimiyyətə gələn "Gürcü Arzusu" ölkənin Qərb trayektoriyasını qoruyub saxlamaq vədi verib, eyni zamanda, dörd il öncə ölkəni işğal etmiş Rusiya ilə gərginliyi azaltmağa çalışıb. Bu partiya rəsmiləri Mixeil Saakaşvili hökumətini 2008-ci ildə Rusiyanı hücuma təhrik etməkdə suçlayıb.

Ancaq Rusiya ilə razılığa gəlmək səyləri müxalifətin "Gürcü Arzusu"nu Kremlin əlinə oynamaqda ittiham etməsinə yol açıb. Bu ittihamlar Moskva 2022-ci ildə Ukraynaya qarşı tammiqyaslı işğala başlayandan daha da güclənib, çünki Tbilisi daha ehtiyatlı, aradabir anti-Ukrayna mövqeyi sərgiləyib.

Qərb rəsmiləri son zamanlara qədər Gürcüstanın Rusiya qarşısında zəif mövqedə olmasına anlayış göstərirdilər. 2023-cü ilin dekabrında Gürcüstana hətta çoxdan arzulanan namizəd statusu belə verildi.

Di gəl, şəfqətin də bir həddi varmış.

Hakim partiya son vaxtlar antiqərb ritorikasını artırıb, "qlobal müharibə partiyası"nı Gürcüstanı Ukrayna müharibəsinə çəkmək cəhdləri ilə bağlı ittihamlar səsləndirib. "Xarici agent" qanunu isə kasanı daşdıran son damla oldu.

Bu ilin yazında Gürcüstanda "xarici agentlər" haqqında qanun qəbul edildikdən sonra minlərlə etirazçı küçələrə çıxdı.
Bu ilin yazında Gürcüstanda "xarici agentlər" haqqında qanun qəbul edildikdən sonra minlərlə etirazçı küçələrə çıxdı.

Qərblə oynamaq alınmır

Tbilisidə bir Qərb diplomatı müəllifə anonimlik şərti ilə deyib ki, "Gürcü Arzusu" Aİ ilə oynamağa çalışıb, həm üzvlük yolunda proqres əldə edib, həm də blokun tələblərinə meydan oxuyub, amma bu strategiya işləməyib.

"Bu dəfə də oynayırlarsa, keçməyəcək. "Xarici agent" qanunu son damla idi", - diplomat vurğulayıb.

Ancaq Kuçera yazır ki, ABŞ və Avropanın seçkilərə təsir göstərməsi həssas məsələdir. Qərb rəsmiləri ölkə siyasətində tərəf tutmadıqlarını vurğulayırlar.

"Birləşmiş Ştatlar hər hansı siyasi partiyaya dəstək vermir. Ancaq tərəfdaşlarımızdan əsl rəqabətli demokratik prosesini təmin etməyi gözləyirik. Qərarı Gürcüstan xalqı verəcək", - ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə köməkçisi Uzra Zeya civil.ge xəbər saytına müsahibəsində bildirib.

Gürcüstan müxalifəti isə çoxdandır ABŞ və Aİ-nin "Gürcü Arzusu"na, hakim partiyanın Qərbə meydan oxumasına aşırı hörmətlə yanaşmasından şikayətçidir. 2020-ci ildə ABŞ və Aİ səfirləri seçkinin legitimliyini qəbul etdiyinə görə müxalifətin sərt tənqidinə tuş gəlmişdi. "Gürcü Arzusu" seçkini üçüncü dəfə udsa da, müxalifət saxtakarlıqların olduğunu deyirdi. Paytaxt Tbilisi və başqa şəhərlərdə etirazlar keçirilmişdi.

Tina Bokuçava
Tina Bokuçava

Qərb o vaxt müxalifətə aşkar dəstək verər ki...

İndi isə müxalifət liderləri Qərbin daha sərt yanaşmasını alqışlayır.

"ABŞ və Aİ-nin siyasətində dəyişikliyin olması aydındır, Avropa və Amerikanın siyasi liderləri aydın şəkildə deyiblər ki, bu hökumət dövründə Gürcüstanın avroatlantik inteqrasiya yönündə irəliləməsinin perspektivini görmürlər", -- ölkənin ən böyük müxalifət qüvvəsi olan Vahid Milli Hərəkat Partiyasının lideri Tina Bokuçava AzadlıqRadiosuna deyib.

"Ölkə kənarından heç kəs heç kimə demir ki, kimə səs versin. Yalnız ölkəmizin bu hökumətlə gələcəyi barədə aydın danışırlar. Bu ədalətli və gərəklidir, çünki gürcü xalqını yanlış yönəltmək olmaz", - o, sözlərinə əlavə edib.

Almaniyada yerləşən Henrix Böll Fondunun Tbilisi ofisinin direktoru Sonya Şiffers deyir ki, Qərb hökumətləri "Gürcü Arzusu"nun gerçək kursunu inkar edə bilməyənə qədər daxili siyasətdə az-çox neytral qalırdılar: "Aİ və Gürcüstanın bütün Qərb tərəfdaşları demokratik, qərbyönlü hökumətlə işləmək istərdilər, bu, heç kimə sirr deyil".

Ancaq Şiffers əlavə edir ki, hökumət dramatik antidemokratik addım atmayanadək Qərbin müdaxiləsi məhdud səviyyədə qalacaq: "Deməzdim ki, Aİ və ABŞ tamamilə müxalifətin tərəfini tutur. Bu onların işi deyil, böyük seçki saxtakarlığı, dövlət səviyyəsində zorakılıq baş verməyənəcən onların müxalifətə aşkar dəstək verəcəyini düşünmürəm".

Gürcüstanda dövlət çevrilişi hazırlanır? 'Bunu deyən axmaqdır'
Gözlə

No media source currently available

0:00 0:01:56 0:00

"Gürcü Arzusu"nun mesajı

Kuçera yazır ki, Avropa və Amerikanın hərəkətlərinin seçkilərə hansı təsiri göstərəcəyi qaranlıq qalır. "Gürcü Arzusu" seçiciləri mobilizə etməyə çalışır, onlara ölkənin müstəqilliyi və suverenliyinin keşiyində durmaları mesajını verir, müxalifətin heç də gürcüstanlıların maraqlarına tam xidmət etməyən Qərbin nəzarətində olduğunu iddia edir.

İyulun 16-da hakim partiyanın rəsmi seçki kampaniyasına start verilib. Partiyanın qurucusu və de-fakto lideri Bidzina İvanişvili Avropa və ABŞ bürokratiyası vasitəsilə fəaliyyət göstərən "qlobal müharibə partiyası"nı müxalifəti təbliğ etməkdə suçlayıb.

"Ya müharibəyə başlamalısan, ya da hakimiyyətdən getməlisən: bu, qəbuledilməzdir və gürcü xalqı oktyabrın 26-da buna aydın reaksiya verəcək", -- İvanişvili vurğulayıb.

Hakim partiyadan Boçorişvili isə deyir ki, Aİ və ABŞ-nin burada seçkilərə təsir göstərən kimi görünməsinin əks təsiri olar.

"Bunun müxalifətə faydası dəyməz, "Gürcü Arzusu"na isə ziyan vurmaz. Amma Birləşmiş Ştatlar və Avropa İttifaqının Gürcüstanda, gürcü cəmiyyətində necə görünməsinə zərbə vuracaq", - o söyləyib.

Amma Vahid Milli Hərəkatdan Bokuçavanın fikrincə, Qərbin daha sərt mövqe tutması "Gürcü Arzusu"na dəstək verən, amma ölkənin Qərblə münasibətlərindən narahat seçiciləri cəlb edə bilər: "Düşünürəm ki, bunun seçkiyə təsiri böyük olacaq".

XS
SM
MD
LG