Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:05

Azərbaycana sanksiya qoyularsa... 'O vaxta qədər Qərbin gözləntiləri var idi'


Azərbaycan prezidenti İlham Əliyev Strasburqda Avropa Şurası Parlament Assambleyasında çıxış edir. 2014
Azərbaycan prezidenti İlham Əliyev Strasburqda Avropa Şurası Parlament Assambleyasında çıxış edir. 2014

Son günlər Avropa Şurası, Avropa İttifaqı (Aİ) kimi Avropanın rəsmi qurumları Azərbaycanla bağlı hərəkətə keçdilər.

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini məhdudlaşdırmasını müzakirə edir və yanvarın 24-də bu məsələ ilə bağlı yekun qərar gözlənilir. Bunun səbəbləri sırasında ölkədə insan hüquqları pozuntuları, siyasi məhbusların sayının artması da var.

Aİ rəsmisi Jozep Borrel də Azərbaycanla bağlı kəskin açıqlama verib. O bildirib ki, "Prezident Əliyevin son ərazi iddiaları böyük narahatlıq doğurur. Ermənistanın ərazi bütövlüyünün hər hansı pozulması yolverilməzdir və Azərbaycanla münasibətlərimiz üçün ciddi nəticələrə səbəb olacaq".

Azərbaycan Xarici İşlər Nazirliyi (XIN) isə Aİ rəsmisinin dediklərini "əsassız iddia" adlandırıb və qətiyyətlə rədd etdiyini bildirib. XİN-dən qeyd olunub ki, bu cür hədələyici ritorika Azərbaycan-Aİ münasibətlərini daha da gərginləşdirən ikili standartın bariz nümunəsidir.

Ekspertlər düşünür ki, Avropa Azərbaycana sanksiyalar tətbiq etməyə çox yaxındır. Bunun fonunda da, onların fikrincə, Azərbaycan Rusiya ilə yaxınlaşır. Məsələn, iki ölkə arasında növbəti iki illik yol xəritəsi açıqlanıb, müxtəlif sənədlər imzalanır.

E.Nəsirov
E.Nəsirov

Bəhanə, yoxsa...

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov "Turan"a bildirib ki, hazırda Qərb siyasi dairələri ilə Azərbaycan arasındakı bu gərginliyə görə bütün məsuliyyət həmin o dairələrin üzərinə düşür: "Azərbaycan dövlətinin siyasəti çoxvektorludur, biz müxtəlif güc mərkəzləri ilə bərabər məsafədə dayanmaq siyasətini həyata keçiririk".

Deputat qeyd edib ki, Avropa İttifaqına üzv olan ölkələrin doqquzu ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb. Bu gün də Azərbaycan Avropa üçün yeni alternativ bir mənbədir və "bunu orada çox yaxşı bilir və qiymətləndirirlər".

Amma komitə üzvünün sözlərinə görə, eyni zamanda başqa bir tendensiya müşahidə olunmaqdadır: "Bu da onunla bağlıdır ki, bu gün həm ABŞ Dövlət Departamenti, həm Avropa İttifaqının siyasi rəhbərliyi, həm AŞPA səviyyəsində Azərbaycana qarşı intensiv təzyiqlər yeni müstəviyə keçib. Onlar əvvəlki hədələyici bəyanatlardan konkret işə keçdiklərini nümayiş etdirirlər".

Əliyevin oyunu: Azərbaycan #əslində niyə Qərbə yox, Rusiyaya güvənir?
Gözlə

No media source currently available

0:00 0:16:17 0:00

E.Nəsirovun fikrincə, bu sərt davranışın motivlərin hamısı bəhanədir və heç bir əsası yoxdur. Deputat yeganə səbəbi Azərbaycanın Avropa ölkələrinin, ABŞ-ın siyasi iradəsinə zidd olaraq öz torpaqlarını işğaldan azad etməsində görür.

Rəsmi Bakı 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə bir günlük hərbi əməliyyatlarla Qarabağ üzərində suverenliyini bərpa edib, regiondakı separatçı qurum özünü buraxıb, liderləri saxlanılaraq Bakıya gətirilib. Tərəflər sülh sazişi imzalamayıb.

"Rusiya iqtisadiyyatında artım tempi var"

E.Nəsirov Azərbaycanla təzyiq dilində danışmağın heç bir mənası olmadığını, sanksiyalarla heç nəyə nail ola bilməyəcəklərini vurğulayır: "Fikir verin, Rusiyanı sanksiyalara tuş gətiriblər, amma Rusiya iqtisadiyyatında bu gün artım tempi var. Avropanın bir çox paytaxtlarını isə nümayişlər bürüyüb, çünki sanksiyaların əks üzü özünü göstərib və Avropanın iqtisadiyyatı çox gərgin mərhələsinə daxil olub".

Deputat Azərbaycanın heç bir ölkənin torpağında gözü olmadığını bildirir. O, Azərbaycanla təzyiq dili ilə danışan Qərb siyasi dairələrini Azərbaycanın yerləşdiyi coğrafiyanı gözləri qabağına gətirməyə çağırır, "çünki bu onların bizim regiondakı strateji maraqlarını sual altına qoya bilər".

Ə.Oruclu
Ə.Oruclu

Moskva ilə anlaşma

Siyasi şərhçi Ərəstun Oruclu isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycan-Qərb münasibətlərinin pisləşməsi Azərbaycanda demokratik dəyərlərə münasibətlə deyil, Rusiyaya daha çox yaxınlaşması və bu ölkə ilə müxtəlif siyasi layihələrdə aktiv iştirak etməsi ilə bağlıdır: "Rusiyanın Azərbaycan hakimiyyətinin keçirdiyi bir günlük antiterror əməliyyatına münasibətindən açıq-aşkar görünüb ki, Bakı Moskva ilə anlaşıb və Azərbaycana münasibət məhz bundan sonra dəyişməyə başladı".

Ekspertin sözlərinə görə, o vaxta qədər Qərbin gözləntiləri var idi ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanacaq və Qarabağdakı ermənilərlə bağlı məsələ sonrakı mərhələdə həll olunacaq: "Amma Azərbaycan başqa bir addım atdı və Qarabağ ermənilərinin və onların separatçı rejiminin məsələsini birdəfəlik həll etmək yolunu tutmaqla Qərblə münasibətlərə xələl gətirildi. Ölkə maraqları, bəlkə də, bunu tələb edirdi, amma hər bir halda bunu Rusiya ilə anlaşılaraq edilməsi Azərbaycana münasibəti dəyişdi".

'İlham Əliyevin indi səhv etmək riski daha çoxdur...'
Gözlə

No media source currently available

0:00 0:07:53 0:00

Qərb platformasından imtinanın rolu

Bakı sentyabr əməliyyatından sonra Qərbin vasitəçiliyi ilə bir neçə danışıqdan imtina edib. Ə.Oruclu deyir ki, məhz bunlardan sonra Qərbdə insan haqları, demokratik normaların pozulması yada düşdü və sanksiyalar mexanizmi faktiki olaraq işə salındı: "Bu, fərdlərə sanksiyalara qədər gedəcək və Avropa İttifaqı müstəvisində məsələ böyüdükcə, ola bilsin ki, Azərbaycanın enerji sektoruna və Azərbaycanın aktivlərinə də qoyula bilər".

Politoloq burada Azərbaycan-Rusiya münasibətlərinin də öz sözünü deyəcəyini düşünür. O, eyni zamanda, sanksiyaların effektiv olmayacağını bildirib: "Ona görə ki, Azərbaycan sanksiyalar altında olan iki ölkə ilə qonşudur. Bunlar Rusiya və İrandır. Bu faktiki olaraq üç ölkənin birliyini yaradacaq ki, Azərbaycan bu ölkələrin vasitəsilə vəziyyətdən çıxmağa çalışacaq. Eyni zamanda son vaxtlar Azərbaycan Ərəbistan yarımadasının ölkələri ilə yaxınlaşmasının səbəblərdən biri, böyük ehtimalla, həmin o sanksiyaları yarmaq üçün hazırlıq görməyə yönəlmiş addım olub".

XS
SM
MD
LG