Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:40

Qazaxıstan hakimiyyəti neftçi tətillərinə görə Manqıştauya polis qüvvələri gətirib


Manqıştaudakı tətilçilər
Manqıştaudakı tətilçilər

Qazaxıstanda hakimiyyət neft sənayesi işçilərinin ötən həftədən başlanmış tətilinin davam etməsinə görə Manqıştau vilayətinin Jetıbay şəhərinə əlavə iğtişaş polisi qüvvələri gətirib.

AzadlıqRadiosunun müxbiri bildirir ki, iğtişaş polisi qüvvələri şəhərə dekabrın 17-də daxil olub və yerli Mədəniyyət Evində yerləşdirilib.

Dekabrın 17-də həmçinin yaxınlıqdakı Janaozen şəhərinin onlarca sakini tətilçilərlə həmrəylik ifadəsi üçün Jetıbay şəhərinə gəlib.

Hazırda neftçilər və onların yaxınları şəhər meriyasının binası qarşısına toplaşıblar.

West Oil Software şirkətinə qarşı tətil edən 500-dən çox neftçi və onların yaxınları şikayət edirlər ki, dekabrın 13-də 7 tətilçi işdən qovulduqdan sonra da şirkətin rəhbərliyi daha çox etirazçının işdən çıxarılacağı ilə hədələyir.

Yerli məhkəmə dekabrın 11-dən başlanan tətili “qanunsuz” elan edib.

Tətilçilərin tələbi nədir?

Qarlı və şaxtalı havada düşərgə salmış tətilçilər onların əməhaqqı sisteminin KazMunayQaz dövlət enerji korporasiyasının maaş sisteminə inteqrasiyasını tələb edirlər. Onlar habelə texniki avadanlığın yenilənməsini istəyirlər.

Regiondakı neft və qaz şirkətlərinə nəqliyyat xidməti göstərən West Oil Software şirkəti dekabrın 18-də tətili qanunsuz elan edib.

Şirkət xəbərdarlıq edib ki, tətil “neft quyularında ciddi qəzalarla” nəticələnə bilər.

Şirkət bunu da bildirir ki, tətil olsa da, olmasa da işçilərlə bağlanmış müqavilələrə uyğun fəaliyyət göstərir və öhdəliklərinə əməl etməkdə davam edəcək.

Hakimiyyətin çəkindiyi Manqıştau

Qazaxıstan hakimiyyəti Manqıştaudakı etirazlara həssaslıqla yanaşır, çünki burada ölkə büdcəsinin əsasını təşkil edən qaz və neft ehtiyatları istismar olunur.

Qazaxıstanda ötən ilin yanvarında azı 238 nəfərin ölümü ilə nəticələnmiş etirazlar 2021-ci ilin dekabrında məhz Janaozendə başlanmışdı.

Prezidnet Kasım-Jomart Tokayev həmin böhrana ölkə boyunca fövqəladə vəziyyət elan etməklə və Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qoşunlarını köməyə çağırmaqla reaksiya vermişdi.

Ötən həftəsonu, dekabrın 16-da keçirilən Müstəqillik Günü şənliklərində “mümkün qanunsuzluq və cinayətlərin” qarşısının alınması məqsədilə Qazaxıstanın ən böyük şəhəri olan Almatıda təhlükəsizlik tədbirləri gücləndirilmişdi.

Jeltoqsan qiyamı

Qazaxıstanda insan haqları pozuntularını monitorinq edən #NotExtremists Teleqram kanalı yazır ki, ötən həftə 8 tanınmış fəal ya həbs edilib, ya da inzibati qaydada cəzalandırılıb.

2011-ci ilin 16 dekabrında Janaozendə polis etiraz edən neftçilərə atəş açmış, azı 16 nəfər həlak olmuşdu.

1986-cı il etirazçıları
1986-cı il etirazçıları

Qazaxıstanəın Müstəqilliyi Günü habelə 1986-cı ildə gənclərin anti-Kreml nümayişlərinin ildönümünə təsadüf edir.

Jeltoqsan adı ilə tanınan həmin nümayişlər ovaxtkı sovert lideri Mixail Qorbaçovun Qazaxıstanın qocaman başçısı Dinmuxammed Kunayevi Gennadi Kolbin adlı etnik rusla əvəz etməsinə etiraz olaraq keçirilmişdi.

Sovet hökuməti həmin etirazları amansızlıqla yatırmışdı. Bu hadisələrdə yüzlərlə insanın öldürüldüyünə inanılır, hərçənd rəsmi rəqəmlərə görə üç gün davam edən toqquşmalarda bir neçə nəfər həlak olmuşdu.

XS
SM
MD
LG