Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:07

Neftlə zəngin Qazaxıstandakı yoxsul ailələr hələ də evdə hamam və tualet həsrəti çəkir


Müvəqqəti "əl damı" kimi tikilən birotaqlı daxma qaz və elektrik şəbəkəsinə qoşulsa da, sanitar qovşağı yoxdur.
Müvəqqəti "əl damı" kimi tikilən birotaqlı daxma qaz və elektrik şəbəkəsinə qoşulsa da, sanitar qovşağı yoxdur.

Günlük neft hasilatı 1.86 milyon barrel olan Qazaxıstan Orta Asiyanın ən zəngin ölkəsidir. Təkcə ötən il neft ixracatından gələn gəlir 46.8 milyard dollardır. Ölkəyə gələn neft pulları bir ovuc adamı dünyanın milyarderlər siyahısına salıb. Yaxşı əlaqələri olan insanlar 30 illik müstəqillik dövründə həddən çox varlanıblar.

Neft pulları Qazaxıstan hökumətinin regiondakı qonşularından qat-qat daha zəngin olması, üstəlik, təhsil, səhiyyə və digər sosial xidmətlərə daha çox investisiya yatırmaq imkanına sahiblənməsi deməkdir.

Maaşlar daha yüksək, iş imkanları daha böyük olan Qazaxıstanın bir çox yerində orta sinif qonşu ölkələrdəkindən daha yaxşı yaşayır.

Di gəl, sərvətin böyük hissəsi hələ də kiçik siyasi və biznes elitasının əlində qalmaqdadır. Varlı və yoxsul təbəqə arasındakı uçurum çox dərindir. Ötən ilin yanvarında baş qaldıran iğtişaşlar həm də bundan qaynaqlanmışdı.

AzadlıqRadiosu ölkənin cənubunda yerləşən Şımkent şəhərinin yoxsul məhəllələrində yaşayan və sərvətlərdən fayda görməyən bir neçə qazax ailəsi ilə söhbətləşib.

Qauhar Aybekova soyuducusunun içindəkiləri nümayiş etdirir
Qauhar Aybekova soyuducusunun içindəkiləri nümayiş etdirir

Uşaqlarını evdə tək qoymağa məcbur qalır

Yaşı 34-ü haqlayan Qauhar Aybekova üç övladı ilə birgə Şımkentin kənarında 25 kvadratmetrlik daxmada yaşayır və ayda 56 dollar kirayəhaqqı ödəyir. Əslində müvəqqəti "əl damı" kimi tikilən birotaqlı daxma qaz və elektrik şəbəkəsinə qoşulsa da, sanitar qovşağı yoxdur. Ərazidəki yeddi buna bənzər evin sakinləri yalnız ortaq həyət tualetindən yararlanır.

Dul qadın günün birində öz evinin olmasını arzulayır, ancaq bilir ki, arzusu bu tezlikdə çin olmayacaq. Ailə sosial güzəştlərdən asılıdır. Aybekovanın oğullarından biri əlilliyə görə müavinət alır. Qadın ayda 100 dollardan az rəsmi maaşı ilə dolana bilmədiyindən imkan düşdükcə əlavə təmizlik işləri görür. Ərini dörd il öncə itirən qadın işə gedərkən uşaqlarını evdə tək qoymağa məcbur qalır.

"İçində hamam və ayaqyolu olan ev tutmağa imkanımız çatmır. Şımkentdə birotaqlı mənzilin qiyməti ayda 180-225 dollardır. Bu mənim üçün əlçatmazdır", - Aybekovanın sözləridir.

Ailə sosial ev üçün müraciət etsə də, Şımkentdə 50 mindən çox insanın növbə gözləməsi bu müraciətin gerçəkləşməsini çətinləşdirir. Normal şəraitli mənzilə köçməsi bir neçə il vaxt alacaq.

Elmira və övladlarının axşam yeməyi, adətən, soğanla qızardılmış çörəkdir
Elmira və övladlarının axşam yeməyi, adətən, soğanla qızardılmış çörəkdir

"Bu ay paltar yumağa yuyucu toz almağa pulumuz çatmadı"

33-yaşlı Elmira Kemelova da Aybekovanın yaşadığı ərazidə yaşayır. Onun evində axşam yeməyi, adətən, soğanla qızardılmış çörəkdir.

Ət, tərəvəz və yumurta ictimai hamamda təmizlikçi çalışan iki uşaq anası üçün əlçatmaz lüksdür. O da Aybekova kimi əlavə təmizlik işləri görür ki, uşaqların yeməyini və ayda 45 dollarlıq kirayəhaqqını ödəyə bilsin.

Kemelova deyir ki, ayın sonunda paltar, ayaqqabı və digər gərəkli şeyləri almağa pulu qalmır.

"Bu ay paltar yumağa yuyucu toz almağa pulumuz çatmadı", - bunu söyləyən Kemelova qalaqlanıb qalmış çirkli paltarları göstərir.

Kemelovanın qumar düşkünü olan əri üç il öncə cinayət törətdiyindən həbs edilib. Beləcə, qadın azyaşlı uşaqlarına tək baxır.

Aygül Almaqanbetova
Aygül Almaqanbetova

"Ev sahibləri çox vaxt evi boşaltmağımızı tələb edirlər"

Kemelovanın qonşusu və dostu 45-yaşlı Aygül Almaqanbetova günün birində öz evini ala bilmək ümidi ilə pul yığır. Ərini itirən qadın iki ilə yaxındır ki, 7- və 9-yaşlı iki oğlu ilə birlikdə Şımkentin bu yoxsul məhəlləsində yaşayır. Ailə son 10 ildə, azı, beş dəfə köçməli olub.

"Ev sahibləri çox vaxt evi boşaltmağımızı tələb edirlər. Biri evi təmir etməli olduğunu deyir, o biri uşaqlarımın ora-bura qaçıb səs-küy salmasından bezir... Uşaq uşaqdır. Nə qədər desən də, sakit durmur. Buna görə də köçməkdən başqa seçim qalmır", - onun sözləridir.

Almaqanbetova xəstəliyinə görə əlillik müavinəti və başqa sosial güzəştlər alır. Bütövlükdə bu məbləğ ayda 270 dollardır.

Əri sağkən ev tikməyə torpaq sahəsi alıb. Qadın ailənin illər boyunca yalnız 1 milyon tenge (2 min 260 dollar) pul yığa bildiyini deyir.

İnflyasiya və artan yaşayış qiymətlərinə görə Almaqanbetovanın yığdığı pul arzuladığı balaca evi tikmək üçün çox azdır.

Ailə son 10 ildə, azı, beş dəfə köçməli olub.
Ailə son 10 ildə, azı, beş dəfə köçməli olub.

Qazaxıstanda bu ilin yanvarında orta aylıq əməkhaqqı 775 dollar olub. Ancaq bu göstərici bölgədən-bölgəyə dəyişir.

1.2 milyon sakini olan Şımkent əhalisinə görə Almatı və Astanadan sonra ölkənin üçüncü şəhəridir. Şəhər eyni zamanda əyalət sayılır. Ancaq bura ölkənin ən zəngin bölgələrindən biri deyil.

Hökumətin statistikasına görə, Şımkent həm də ölkənin üçüncü ən yoxsul ərazisidir. Bu mənada o, yalnız Türkistan və Mangistau bölgələrindən geri qalır. Şəhər sakinlərinin 6.6 faizinin qazancı minimum maaşdan azdır. Ölkə üzrə orta göstərici isə 5.2 faizdir.

XS
SM
MD
LG