Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:54

Qazaxıstan hadisələrinin iqtisadi təsirləri


Dünyanın ən böyük uran istehsalçısı

Son günlərdə ən çox müzakirə olunan ölkələrdən biri də Qazaxıstandır. Ölkədə təbii və sıxılmış qaz qiymətləri artırılandan sonra başlanan etirazlar miqyasca artdı və bu, durumu kökündən dəyişdirdi.

Qazaxıstanda baş verənlər dünya iqtisadiyyatına da təsirsiz ötüşmədi. Nəzərə almaq lazımdır ki, qlobal uran istehsalının təxminən 40 faizi Qazaxıstanın payına düşür. Qazaxıstana məxsus “Kazatomprom” şirkətinin dünya uran bazarındakı payı 23 faizdir və şirkət bu göstərici ilə dünyada liderdir.

“Kazatomprom” son olayların hasilat və ixraca ciddi təsir göstərmədiyini bəyan etsə də, dünya bazarlarında uranın qiyməti bahalaşmağa başlayıb. İndi bir funt (0.45 kq) uranın qiyməti 45 dolları ötüb. Bu, 10 faizə yaxın bahalaşma deməkdir. Uranın qiyməti artsa da, "Kazatomprom" şirkətinin səhmləri London birjasında 8.8 faiz ucuzlaşıb.

Dünyada ən çox kriptovalyuta hasil edilən ölkələrdən biri

Qazaxıstandakı olayların qlobal miqyasda təsir etdiyi sahələrdən biri də kriptovalyuta bazarıdır. Ötən ilin göstəricilərinə əsasən, Qazaxıstan 18 faizlik payla kriptovalyuta hasilatı üzrə dünyada ABŞ-dan sonra ikinci yerdədir.

Etirazlar ucbatından internetə girişin məhdudlaşdırılması ölkədə kriptovalyutaların da qiymətini ucuzlaşdırıb. Nəzərə almaq lazımdır ki, söhbət Qazaxıstanda internetin məhdudlaşdırılmasından da deyil, bütövlükdə söndürülməsindən gedir və belə bir şəraitdə, təbii ki, kriptovalyuta hasilatından danışmaq olmaz.

Bütün dünya üzrə internet təminatını monitorinq edən “NetBlocks” şirkəti də Qazaxıstanda internetin söndürülməsi ilə bağlı açıqlama yayıb.

Açıqlamada bildirilir ki, ölkə daxilində internet üzərindən olan bütün servislərin, bütün dövlət, özəl, maliyyə-bank sektorunun, bütün messencerlərin fəaliyyəti dayandırılıb. Bunun nəticəsində rəqəmsal xidmət sektoru iflic vəziyyətindədir.

Tokayev danışanda...

Eyni zamanda mobil şəbəkəyə də giriş yoxdur, çünki mobil rabitə də söndürülüb. Qeyd edək ki, internetin bu cür söndürüldüyü hallarda heç bir yardımçı texnologiyalar, eləcə də VPN-lər internet resurslara girişi təmin edə bilmir. “NetBlocks” şirkətinin açıqlamalarından məlum olur ki, ölkədə internet trafikinin bərpası, sadəcə, prezident Kasım-Jomart Tokayevin çıxış etdiyi dəqiqələrə təsadüf edir. Çıxış başa çatınca internet yenidən qapadılır.

Qazaxıstanın kriptovalyuta bazarında payının artması Çində kriptovalyuta ilə bağlı fəaliyyətin yasaqlanmasından sonra baş vermişdi. Ölkənin Çinə yaxın olması və eləcə də enerji resursları Çindən olan kriptovalyuta hasilatçılarının axınını doğurmuşdu. Kriptovalyuta mədənçiliyi üçün Çindən Qazaxıstana köçürülən kompüter sayının 90 minə yaxın olduğu ehtimal edilir.

Qazaxıstan olayları enerji sektoruna da təsirsiz ötüşməyib. OPEC+ qrupuna daxil olan Qazaxıstanda baş verən hadisələrlə bağlı dünya bazarında neftin qiyməti 80 dollar həddini aşıb. Bu, noyabrdan bəri ən yüksək qiymət sayılır.

Azərbaycan və Qazaxıstanın iqtisadi əlaqələri

Azərbaycan və Qazaxıstan arasındakı iqtisadi əlaqələr də yetərincə miqyaslıdır. Başa çatan 2021-ci ilin 11 ayının nəticələrinə görə, iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi 111 milyon dollar yaxın olub.

Qazaxıstan bu göstərici ilə Rusiya, Ukrayna və Belarusdan sonra Azərbaycanın MDB ölkələri arasında ən yüksək ticarət dövriyyəsinə malik olduğu ölkədir.

2020-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 142 milyon dollar, pandemiyadan öncə - 2019-cu ildə isə 230 milyon dollar idi.

Qazaxıstan və Azərbaycan arasındakı ticarət əlaqələrində Qazaxıstanı daha qazanclı tərəf saymaq olar. Axı iki ölkənin ticarət dövriyyəsində əsas yeri Qazaxıstanın Azərbaycana ixracı tutur. Məsələn, 2021-ci ilin 11 ayı ərzində qeydə alınan 111 milyon dollarlıq ticarət dövriyyəsinin 75 milyon dollarını, yəni bütün dövriyyənin 68 faizini Qazaxıstanın Azərbaycana ixracı tutur. Yerdə qalan 36 milyon dollarlıq (32 faiz) hissə isə Azərbaycanın Qazaxıstana ixracından ibarətdir.

Azərbaycanın Qazaxıstandan ən çox idxal etdiyi məhsullardan biri də buğdadır. Qazaxıstan Azərbaycanın Rusiyadan sonra ən böyük buğda tədürükçüsüdür. 2020-ci ildə Azərbaycana Qazaxıstandan 15 min tona yaxın buğda gətirilib. Bunun toplam dəyəri 3 milyon 400 min dollara yaxın olub.

Bununla yanaşı, Azərbaycan Qazaxıstandan 4 milyon 551 min dollar dəyərində təbii barium sulfatı, 1 milyon 900 min dəyərində düyü, 1 milyon 820 min dollar dəyərində çörək və unlu qənnadı məhsulları, 1 milyon 700 min dollar dəyərində elektrik akkumulyatorları, 1 milyon 350 min dollar dəyərində polad prokatı, 700 min dollarlıq marqarin, yarım milyon dollar dəyərində tərəvəz, 1 milyon dollar dəyərində şokolad və qənnadı məhsulları və s. idxal edib.

Azərbaycanın Qazaxıstana ixrac etdiyi əsas məhsullar isə təzə meyvə (2 milyon 119 min dollar dəyərində), izolə edilmiş məftil və kabellər (1 milyon 281 min dollar dəyərində), tərəvəz (748 min dollar dəyərində) və kerosin yanacağıdır (302 min dollar dəyərində).

Xaricdən Azərbaycana ən çox pul göndərilən ölkələrdən biri də Qazaxıstandır. Mərkəzi Bankın sonuncu açıqlamasına görə, ötən ilin ilk doqquz ayı ərzində Qazaxıstandan Azərbaycana pulköçürmə sistemləri ilə 23 milyon 413 min dollar göndərilib.

Bu göstərici ilə Qazaxıstan Rusiya, Türkiyə, ABŞ və Birləşmiş Krallıqdan sonra Azərbaycana ən çox pul göndərilən 5-ci ölkədir. Qazaxıstanda çalışmağa gedən Azərbaycan vətəndaşları ilə yanaşı, bu ölkənin vətəndaşı olan etnik azərbaycanlılar da yetərincədir.

2017-ci ildə iki ölkənin prezidentləri arasında görüş zamanı ozamankı prezident Nursultan Nazarbayev bildirmişdi ki, 130 min etnik azərbaycanlı Qazaxıstan vətəndaşıdır.

XS
SM
MD
LG