Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:51

Qaribaşvili ukraynalıları Gürcüstanın işinə qarışmaqda ittiham edir


Gürcüstanın baş naziri İrakli Qaribaşvili
Gürcüstanın baş naziri İrakli Qaribaşvili

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Ukrayna siyasətçilərinin onun ölkəsində baş verən etirazlar barədə şərhlərini Gürcüstanın daxili işlərinə “birbaşa müdaxilə” adlandırıb.

Qaribaşvili bu barədə fikirlərini İmedi telekanalına müsahibəsində bildirib.

O Ukrayna prezidenti Volodimir Zelenski haqqında danışarkən deyib ki, “müharibə aparan adam çıxıb Gürcüstanda bir neçə min adamın destruktiv hərəkətlərini şərh edirsə, deməli bu adam burada baş verənlərlə birbaşa bağlıdır”.

Qaribaşvili habelə Ukrayna siyasətçilərinin və onun təbirincə deyilərsə, “hansısa əfəllərin” dəyişikliyə və çevrilişə çağırışlarını ölkəsinin daxili işlərinə birbaşa qarışılması adlandırıb.

O həmçinin Ukraynaya müharibənin qurtarmasını, torpaqlarını yenidən birləşdirməsini və sülh arzuladığını deyib:

"Amma əvvəlcə öz ölkənizin qeydinə qalın. Biz də öz ölkəmizin qeydinə qalarıq. Mən bunu hamıya deyirəm”.

Zelenski nə demişdi

Zelenski martın 8-də özünün ənənəvi gecə müraciəti zamanı Gürcüstanda “xarici agent” qanununun qəbuluna etiraz edənlərlə həmrəylik bildirmişdi:

"Elə bir ukraynalı yoxdur ki, bizim dost Gürcüstanımıza uğur arzulamasın. Demokratik uğur arzulamasın. Avropa uğuru arzulamasın”.

Zelenski əmin olduğunu bildirmişdi ki, Ukrayna, Gürcüstan və Moldova Avropa İttifaqının üzvü olacaqlar.

Qaribaşvili habelə Kiyevin meri Vilai Kliçkonun, rusiyalı hüquqşünas Mark Feiginin və Ukrayna parlamentində hakim fraksiyanın rəhbəri David Araxamiyanın şərhlərini tənqid edib.

Xatırlatma

Gürcüstan parlamenti martın 7-də xarici agentlər haqqında qanunu birinci oxunuşda qəbul edəndən dərhal sonra Gürcüstanda izdihamlı etirazlar başlanıb.

Tbilisidə keçirilən aksiyalarda etirazçılar və polis arasında toqquşmalar olub. Kutaisi və Batumidə aksiyalar nisbətən dinc keçib.

Martın 9-da Gürcüstan parlamenti, o cümlədən bu qanunvericilik aktının təşəbbüsçüsü olan hakim “Gürcü arzusu” və onun müttəfiqi “Xalqın gücü” partiyaları ikinci oxunuşda bu qanun layihəsindən imtina ediblər. Beləliklə etirazçıların tələbi qismən yerinə yetirilib.

Rəsmi adı “Xarici təsirin şəffaflığı” olan qanun layihəsi maliyyəsinin azı 20 faizini xaricdən alan bütün qeyri-hökumət təşkilatlarının icbari qaydada qeydiyyatdan keçməsini tələb edirdi. Qeydiyyatdan keçmiş təşkilatlara xarici agent titulu verilməliydi.

Bu tələbi yerinə yetirməyənlərə cərimələr nəzərdə tutulurdu.

Bundan başqa Ədliyyə Nazirliyi belə təşkilatlarla bağlı araşdırma apara bilərdi.

XS
SM
MD
LG