Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:52

Azərbaycan Qərbin vasitəçiliyinə yaşıl işıq yandırır, yoxsa...


Ermənistan baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Azərbaycan prezidenti İlham Əliyevin Brüsseldə üçtərəfli görüşü. 2022
Ermənistan baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Azərbaycan prezidenti İlham Əliyevin Brüsseldə üçtərəfli görüşü. 2022

Bugünlərdə Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Estoniyanın ERR yayım şirkətinə müsahibəsində deyib ki, "Azərbaycanla Ermənistan arasında sülh sazişi tezliklə imzalansa, Avropa bundan yalnız faydalanacaq".

O, bölgədə maraqlı olan tərəfləri bu perspektivə xələl gətirə biləcək hər cür hərəkət və ifadələrdən çəkinməyə çağırıb.

E.Əmirbəyov
E.Əmirbəyov

"Düşünürəm ki, Ermənistan və Azərbaycan ən yaxın gələcəkdə sülh müqaviləsi imzalasa, Avropa bundan yalnız qazanar", - E.Əmirbəyov vurğulayıb. Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) vahid struktur deyil, ayrı-ayrı Aİ ölkələrinin mövqeləri Cənubi Qafqaz regionunda uzunmüddətli sülhün əldə edilməsi prosesinə mənfi təsir göstərir.

Son zamanlar Azərbaycan rəsmiləri bəzi Qərb dövlətlərini Ermənistanın revanşist qüvvələrini dəstəkləməkdə, həmin ölkəyə silah satmaqda ittiham edir və hətta bəzən Qərbin vasitəçiliyinə ehtiyac olmadığını bildirirlər. Halbuki Qərb rəsmiləri, bir qayda olaraq, iki ölkə arasında sülhün təmin edilməsində maraqlı olduqlarını vurğulayırlar. Üstəlik, Ermənistan rəsmiləri də Qərbin vasitəçiliyindən hər hansı narazılıq ifadə etməyiblər.

Belədə indi Azərbaycan yalnız Rusiyanınmı vasitəçiliyinə yaşıl işıq yandırır, ya iksindən də faydalanmağa çalışır? Bu suala, hələlik, Azərbaycan Xarici İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb. Amma bundan öncə nazirlik Ermənistanla ikilikdə danışıqlara hazır olduğunu bəyan edib.

S.Rüstəmxanlı
S.Rüstəmxanlı

"ABŞ, Rusiya ayrı-ayrılıqda Cənubi Qafqazda söz sahibi olmaq istəyirlər"

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələrin komitəsinin üzvü Sabir Rüstəmxanlı "Turan"a mövzu ilə bağlı deyib ki, münaqişə zamanı Avropanın müxtəlif ölkələri birmənalı şəkildə Ermənistanı dəstəkləyiblər: "Baxmayaraq ki, 30 il Azərbaycan torpaqları işğal olunub".

Deputatın sözlərinə görə, bu məsələ bu gün də davam edir: "Baxmayaraq ki, bu qondarma qurum artıq yoxdur, özləri könüllü şəkildə köçüb-gediblər... Bu, Avropanın ikili standartların göstəricisidir".

S.Rüstəmxanlı hesab edir ki, Avropa, ABŞ, Rusiya ayrı-ayrılıqda Cənubi Qafqazda söz sahibi olmaq istəyirlər: "Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin dəstəyi ilə İlham Əliyevlə Nikol Paşinyanın Brüsseldə keçirilən görüşləri sülhlə bağlı ümid verir, amma Rusiya da buna qısqanclıqla yanaşır. Rusiya istəyir ki, bu müqavilə məhz onun patronajı altında həll olunsun".

Ə.Oruclu
Ə.Oruclu

"Sanki prosesə sıfırdan başlayıb vaxt udmağa çalışır"

Siyasi şərhçi Ərəstun Oruclu isə AzadlıqRadiosuna bildirib ki, E.Əmirbəyovun Avropaya ünvanlanmış bu bəyanatı ondan sülh prosesinə dəstək istəmək deyil: "Azərbaycan Qərbin bütün sülh təşəbbüslərini rədd etdi, prezident və xarici işlər nazirləri səviyyəsində iki mühüm görüşdən imtina etdi. İlham Əliyev Yeni il gecəsi xalqa müraciətində bir xeyli antiqərb fikirlər səsləndirdi. Sonra Bakıda başa düşdülər ki, bu yanlışdır".

Ekspertin fikrincə, Azərbaycan hakimiyyəti faktiki olaraq Ermənistanla sülh məsələsində Qərbi vasitəçi kimi tam inkar edir: "İndi isə Qərbi bu prosesə cəlb etməklə sanki prosesə sıfırdan başlayıb vaxt udmağa çalışır. Təbii ki, seçkiyə qədər heç bir sülh sazişi imzalanmayacaq. (fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək) Amma indi Qərbdən loyallıq qazanmaq üçün "gəlin sülhə vasitəçi olun" mesajı vacibdir. Ona görə də bu şəkildə bəyanat ortaya çıxır. Avropada da bu niyyəti başa düşürlər və bəyanata heç bir cavab verilməyəcək".

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib. 2023-cü il sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandırdığını elan edib.

Ancaq tərəflər sülh sazişi imzalamayıb. Danışıqlar həm Avropa İttifaqının, həm də Rusiyanın ayrılıqda vasitəçiliyi ilə aparılır.

XS
SM
MD
LG