Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:49

'25 ildir bir qovluq sənədlə veteran statusu ala bilmirəm'


İrza Nəcəfovun Qarabağ döyüşlərində iştirak etdiyini təsdiqləyən sənəd.
İrza Nəcəfovun Qarabağ döyüşlərində iştirak etdiyini təsdiqləyən sənəd.

“Əlil ola-ola Qarabağda könüllü vuruşmuşam. Qoltuğumda bir qovluq sənədlə illərdir ki, qurumları dolaşa-dolaşa qalmışam. Deyirlər, sən döyüşməmisən”.

Bunu Sumqayıt sakini İrza Nəcəfov deyir. Onun sözlərinə görə, 1992-ci ildə Qarabağ döyüşlərində iştirak etdiyini təsdiqləyən sənədləri də var. Ancaq illərdir ki, ona qalan bu sənədləri eləcə çoxaldıb rəsmi qurumlara göndərməkdir:

Buna da bax:​ Kalva kəndinin iki çağrılmayan qonağı var: soyuq və zülmət

“DÖYÜŞDÜYÜMÜ SÜBUT EDƏ BİLMİRƏM”

“Qubadlıda döyüşmüşəm. Yaş ötdü, qocaldım getdim, mən bu ölkədə döyüşdüyün halda veteran status almağın nə demək olduğunu gördüm. Döyüşdüyüm barədə məlumatlar hərbi biletimdə, digər sənədlərimdə rəsmən qeyd olunsa da, döyüşdüyümü sübut edə bilmirəm. Başa düşmürəm, daha hansı sübutları təqdim etməliyəm ki…”

İrza Nəcəfovun sözlərinə görə, SSRİ dövründə hərbi xidmətini Ukraynada keçib. 1983-85-ci illərdə Kiyev Ali Hərbi Tank Mühəndisləri Məktəbində tank idarəetməsi üzrə instruktor kimi xidmət edib. 1992-ci ildə könüllü cəbhəyə yazılıb. Qubadlının müdafiəsində tankçı olub:

“1992-ci ilin təxminən mart-aprel aylarında 29 yaşımda hərbi xidmətə çağırış üçün bildiriş gəldi. Mən də getdim. İsrafilov soyadlı podpolkovnik rütbəli hərbçi soruşdu ki, “nə bacarırsan?” Mən bütün sənədlərimi təqdim etdim. 3-cü qrup əlil idim. Əlillik vəsiqəmi də təqdim etdim. Dedi, “əlilliyinə görə olmaz, xidmətdən azadsan”.

Buna da bax:​ 'Hökumətlə çəkişmə növbəsi bizə çatdı'

“DEYİRLƏR, SƏN DÖYÜŞMƏMİSƏN”

İrza Nəcəfov da təklif edib ki, onu könüllü cəbhəyə yazsınlar. Podpolkovnik ona ərizə yazdırıb:

“Məni könüllü kimi sənədləşdirdi. Sənədlərimi də Sumqayıtın həmin vaxtkı hərbi komissarına verdi. Milli Ordunun təzə yaranan vaxtları idi. Hərbi mütəxəssislərə ehtiyac var idi. Çağırışçılarla birlikdə əvvəl Pirəkəşküldə poliqonda təlimlər keçdik. 2-3 aydan sonra cəbhə xəttinə yolladılar. Qubadlıda o boyda döyüş texnikasını idarə etmişəm. “BMP-2”-nin ekipaj komandiri olmuşam. İndi deyirlər, sən döyüşməmisən”.

Deməsinə görə, Qubadlının Güləbirddə yerləşən və Lənkəran diviziyasının tərkibində olan, Vaqif Cabbarovun komandiri olduğu 5-ci batalyona qoşulub və döyüşlərə girib. Həmin ilin noyabrında əmrlə ordudan tərxis olub:

“Neçə milyonluq “BMP 2” sürmüşəm, dəyəri milyonlarla ölçülən texnika ixtiyarımızda idi. Bütün əmrlər, arayışlar, sənədlər olduğu halda, arxivdə bu barədə heç bir məlumatın olmaması gülüncdür. Hətta cəbhə bölgəsindən komandanlığın göstərişi ilə Bakıya şəhid də gətirmişəm. Məzuniyyət kağızlarım da var hətta... Tərxis olunmağım barədə Qərargah rəisinin imzalı sənədi də var. Yəni bütün xidməti dövrüm aşıq-aşkar sənədlərdə öz əksini tapıb. Bununla belə, deyirlər, “sübut elə ki, döyüşmüsən”. 25 ildir sübut eləyə-eləyə gəlirəm, bir azdan ömrüm sona çatacaq, hələ də sübut istəyirlər”.

Buna da bax:​ Prezidentin açdığı gözdən əlillər üçün binaya kimlər köçürülüb?

İrza Nəcəfovun Qarabağ döyüşlərində iştirak etdiyini təsdiqləyən sənəd.
İrza Nəcəfovun Qarabağ döyüşlərində iştirak etdiyini təsdiqləyən sənəd.

“HƏR HANSI MƏLUMAT AŞKARLANMAYIB”

İrza Nəcəfov ordudan tərxis olunandan sonra bir müddət Rusiyada yaşadığını deyir. Qayıtdıqdan sonra isə Sumqayıt hərbi komissarlığına müraciət edib, komissarlıq da Müdafiə Nazirliyinin arxivinə sorğu göndərib. Arxivdən gələn cavabda onun döyüşçü kimi qeydiyyatda olmadığı bildirilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsindən “Qaynar xətt”ə bildirilib ki, İrza Nəcəfovla bağlı məlumat alınması üçün Müdafiə Nazirliyinin Mərkəzi Arxivlər İdarəsinə sorğu göndərilib. İradədən sorğuya gələn cavabda belə bir şəxsin cəbhə xəttində döyüşməsi ilə bağlı hər hansı məlumatın aşkarlanmadığı qeyd edilib. Bu barədə vətəndaş bilgiləndirilib.

Buna da bax:​ 'Şikayətə başladım, 4 gün sonra vaqonu yandırdılar'

ANCAQ MƏHKƏMƏ YOLU

Bəs nə etməli? Hüquqşünas Namizəd Səfərov deyir, İrza Nəcəfov özündəki sənədlərlə çoxdan məhkəməyə müraciət etməliydi:

“Əlində daşdan keçən sənədləri varsa, məhkəməyə müraciət etsin. Bundan başqa, döyüş yoldaşlarından azı üç nəfər məhkəmədə şahidlik etsə, yaxud həmin illərdə döyüş bölgəsində olduğunu əks etdirən fotolar, videolar olsa, daha yaxşı... İrza Nəcəfov könüllü döyüşdüyünü təsdiqləyən sənədlərin arxivdən tapılmaması ilə üzləşən nə birinci, nə də sonuncu azərbaycanlıdır”.

Bir sözlə, döyüşdüyünü 25 ilə yaxındır isbatlaya bilməyən İrza Nəcəfov veteran vəsiqəsinə sahiblənməkdən ötrü bunu məhkəməyə yolu ilə sübut etməli olacaq.

XS
SM
MD
LG