Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:07

Rumıniya, Macarıstan, Gürcüstan və Azərbaycan Qara dənizin dibi ilə kabel çəkəcəklər


Rumıniyanın enerji naziri Sebastian Burduja
Rumıniyanın enerji naziri Sebastian Burduja

Rumıniya, Macarıstan, Gürcüstan və Azərbaycan Avropa İttifaqına daha çox bərpa olunan enerji nəql olunması məqsədilə Qara dənizin dibi ilə kabel çəkilməsi üçün müştərək şirkət yaradıblar.

Associated Press yazır ki, dörd ölkənin liderləri tərəfindən 2022-ci ildə təsdiqlənmiş layihənin aktuallığı xüsusilə də Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsi ilə artıb.

Aİ o vaxtdan bəri Rusiyadan hər hansı enerji asılılığına, ümumiyyətlə son qoymağa can atır.

Kabel Azərbaycanda Xəzər dənizində qurulacaq külək generatorlarının istehsal etdiyi enerjini Gürcüstandan keçməklə Avropa İttifaqı üzləri – Rumıniya və Macarıstanın ərazilərinə nəql edəcək.

Dörd ölkənin hökumət nazirləri sentyabrın 3-də Rumıniya paytaxtı Buxarestdə keçirilən iclasda layihəyə start veriblər.

Rumıniyanın enerji naziri Sebastian Burduja deyib ki, bu layihənin onun ölkəsi və bütövlükdə Aİ üçün strateji əhəmiyyəti var:

“Əgər son bir neçə ayda Avropanın enerji xəritəsinə baxsanız, görərsiziniz ki, biz burada – İttifaqın şərq cinahındakılar elektrik üçün daha çox pul xərcləyirik. Bu ondan irəli gəlir ki, şəbəkə kifayət qədər şaxələndirilməyib”.

Növbəti iclas COP29-da

Azərbaycanın enerji naziri Pərviz Şahbazov isə deyib ki, bərpa olunan enerjinin inkişaf etdirilməsi iqlim dəyişikliyi problemlərinin həllinə kömək edəcək.

Onun sözlərinə görə sualtı kabel xətti enerji təhlükəsizliyi üçün mühümdür, amma eyni zamanda bu xətlə yaşıl enerji nəql ediləcək. Bu isə beynəlxalq icmanın gündəliyində duran əsas məsələlərdən biridir.

Sentyabrın 3-də keçirilən iclasa Bolqarıstan enerji nazirinin müavini də qoşulub. O deyib ki, ölkəsinin bu layihəyə daxil olması müzakirə edilir.

Şahbazov və Burduja bəyan ediblər ki, layihənin növbəti iclası bu ilin noyabrında Azərbaycanda açılacaq BMT iqlim konfransının çərçivəsində keçiriləcək.

XS
SM
MD
LG