Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:09

AŞPA qətnamələri: Putin və Rusiya hərbiyyəsi üçün xüsusi tribunal


Bu ilin əvvəllərində Budapeştdə keçirilmiş anti-Putin etiraz aksiyasında
Bu ilin əvvəllərində Budapeştdə keçirilmiş anti-Putin etiraz aksiyasında

Avropa Şurası Parlament Assambleyası (AŞPA) iyunun 27-də Ukraynada törədilmiş hərbi cinayətlərlə bağlı Rusiya prezidenti Vladimir Putinin və Rusiya hərbi komandanlığının mühakiməsi üçün xüsusi tribunalın yaradılmasına çağıran qətnamə qəbul edib.

Bu barədə məlumat AŞPA-nın saytında dərc olunub.

Məlumatda deyilir ki, iyunun 27-də qəbul edilmiş üç qətnamə Vladimir Putin və onun generallarının Ukraynaya qarşı təcavüzə görə məsuliyyətə cəlb edilməsini, Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini və Moskvanın Ukraynanın milli kimliyini yox etmək niyyətinə qarşı mübarizəni nəzərdə tutur.

Bu da vurğulanır ki, xüsusi tribunalın yaradılması hüquqi əsas və siyasi legitimlik baxımından Rusiya rəhbərliyinin məsuliyyətə cəlb edilməsi üçün “ən yaxşı mümkün” variantdır.

Bu da bildirilir ki, xüsusi tribunal Avropa Şurası və Ukrayna arasında razılaşma əsasında təşkil edilməlidir.

AŞPA bir daha Rusiya aktivlərinin müsadirə olunmasına və onların Ukrayna üçün beynəlxalq kompensasiya fonduna verilməsinə çağırır.

Ukraynalı deputat Yelizaveta Yaskonun hesabatı əsasında qəbul edilmiş ayrıca qətnamədə Rusiyaya qarşı mövcud sanksiyalardan yayınma yollarının bloklanması təklif edilir.

Əsas həbs orderləri artıq verilib

Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsi (BCM) iyunun 25-də Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqunun və Rusiya silahlı qüvvələri baş qərargahının rəisi Valeri Qerasimovun həbslərinə order verib.

Onlarin ikisi də Rusiyanın Ukraynaya qarşı müharibəsində hərbi cinayətlər törətməkdə ittiham edilir.

BCM-nin 24 iyun tarixli məlumatında deyilir ki, onlar mülki obyektlərə zərbələr endirilməsi və mülki əhaliyə ifrat ziyan vurmuş epizodalar da daxil, ehtimal olunan hərbi cinayətlərdə ittiham edilirlər.

BCM-in məlumatında söhbət həm də insanlığa qarşı cinayətlərdən gedir.

BCM-in məlumatından az sonra Rusiya Təhlükəsizlik Şurası beynəlxalq instansiyanın Şoyqu barədə qərarını “əhəmiyyətsiz” adlandırıb:

"Bu sadəcə olaraq boş hay-küydür, çünki Rusiya BCM-in yurisdiksiyasına daxil deyil. Bu, Qərbin bizim ölkəmizə qarşı hibrid müharibəsinin bir hissəsidir”.

Rusiya BCM-i tanımadığı deyir

Mart ayında Vladimir Putinin sözçüsü Dmitri Peskov demişdi ki, Rusiya BCM-in qərarlarını tanımır.

O jurnalistlərlə söhbətində Rusiya uzaq aviasiyasının komandanı general-leytenant Sergey Kobılaş və Qara dəniz donanmasının komandanı admiral Viktor Sokolov barəsində BCM-in həbs orderlərini şərh edərkən vurğulamışdı ki, "biz statut iştirakçısı deyilik və onu tanımırıq”.

BCM 2023-cü ildə Rusiya prezidenti Vladimir Putin və Rusiya uşaq haqları ombudsmanı Mariya Lvova-Belovanın həbslərinə order vermişdi.

Onlar Ukrayna uşaqlarının işğal olunmuş ərazilərdən qanunsuz deportasiyasında ittiham olunurlar.

Beynəlxalq Cinayət Məhkəməsi 1998-ci ildə Roma əhdnaməsinə uyğun olaraq yaradılıb.

Bu məhkəmə BMT-nin strukturuna daxil deyil, lakin hərbi cinayətlər, soyqırım və insanlığa qarşı cinayətlərə görə məsuliyyətə cəlb etmək mandatına malikdir.

Rusiya Roma statutunu 2000-ci ildə imzalasa da, sənədi ratifikasiya etməyib.

XS
SM
MD
LG