Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:56

Ehtiyatsız irad, yoxsa siyasi teatr?


Rusiya prezidenti Vladimir Putin dekabrın 8-də veteranların mükafatlandırılması mərasimində yenidən seçilmək niyyətində olduğunu bildirib.
Rusiya prezidenti Vladimir Putin dekabrın 8-də veteranların mükafatlandırılması mərasimində yenidən seçilmək niyyətində olduğunu bildirib.

Azı 2021-ci ildən bəri Rusiya siyasətini yaxından izləyənlər Putinin bəyanat və çıxışlarını diqqətlə dinləyib onun yenə prezidentlik niyyətinin olub-olmadığını anlamağa çalışırlar.

Prezident Boris Yeltsinin 1999-cu ildə baş nazir vəzifəsinə təyin etdiyi, ölkədə, demək olar, heç kimin tanımadığı adam Yeni il ərəfəsində prezident oldu. Ardınca da düz beş ay ölkəni terror və Çeçenistanda yeni savaş xofu bürüdü.

"Anlayıram ki, başqa yol yoxdur"

Putin o zamandan bəri iki müddət prezident olub, sonra bu vəzifəni öz adamı Dmitri Medvedevə ötürərək özü baş nazir olub ki, qaydalara əməl etmiş kimi görünsün. Daha sonra 2012-ci ildə üçüncü müddətə prezident olub. Kremlin iki il öncə gerçəkləşdirdiyi daha bir konstitusiya dəyişikliyi isə Putinə indiki – dördüncü prezidentlik müddətindən, yəni 2024-cü ildən sonra da hakimiyyətdə qalmaq imkanı verdi. Bu dəyişikliklərdən sonra Putin, nəticə etibarilə, 2036-cı ilədək hakimiyyətdə qala bilər. Həmin vaxt onun 83 yaşı olacaq!

Bütün bunlara görə Putinin 2024-cü ilin martında yenidən prezidentliyə namizəd olacağına heç kimin şübhəsi yox idi. Siyasi rıçaqlar və dövlətin mediaya sərt nəzarəti, müxalifətin aramsız izlənməsi və genişmiqyaslı saxtalaşdırma isə onun qalib gələcəyinə şübhə yeri qoymur.

Putinin ötən ilin fevralında başladığı müharibə İkinci Dünya müharibəsindən bəri Avropanın ən irimiqyaslı münaqişəsi sayılır. Müharibə hərbi komandirlərin proqnozlaşdırdığından xeyli uzun çəkdi. Qərb mütəxəssislərinin hesablamalarına görə, Rusiya ordusunun itkiləri 300 mini keçib. Bu say həm ölənləri, həm də yaralananları əhatə edir.

Di gəl, Putin populyarlığını qoruya bilib. AzadlıqRadiosunun müxbiri Mayk Ekelin məqaləsində deyilir ki, Rusiya cəmiyyəti onun ətrafında birləşib. Onun ən üzdə olan opponentləri, məsələn, Aleksey Navalnı həbs edilib.

Rusiyanı izləyənlər Putinin namizədliyini elan etməsindən çox bunu təsdiqləməsini gözləyirdilər.

Vladimir Putin Kremldə Ukrayna separatçılarının lideri Artyom Joqa ilə foto çəkdirir.
Vladimir Putin Kremldə Ukrayna separatçılarının lideri Artyom Joqa ilə foto çəkdirir.

Dekabrın 8-də Putin Kremldə Ukrayna savaşına qatılan bir neçə nəfərə "Rusiya Qəhrəmanı" adını təqdim etmək üçün növbəti mərasim keçirib. Mərasimdən sonra - polkovnik-leytenant Artyom Joqa ilə söhbəti əsnasında Joqa ondan yenidən namizədliyini verməsini xahiş edib. Putin belə cavab verib: "Müxtəlif vaxtlarda fərqli düşündüyümü gizlətməyəcəyəm. Ancaq indi qərar vermək vaxtıdır. Mən Rusiya Federasiyasının prezidentliyinə namizədliyimi irəli sürəcəyəm. Anlayıram ki, başqa yol yoxdur".

"Əttökən, bayağı siyasi teatr"

Maraqlıdır ki, namizədlik açıqlamasının tam məzmunu yayımlanmayıb. Əvəzində əvvəlcə TASS dövlət xəbər agentliyinin müxbiri bildirib ki, Putin Joqanın xahişinə cavabında "razılıq verib".

Üstündən bir saat keçmədən Kreml reportyorlarının Telegram kanallarında sözügedən söhbətin videosu paylaşılıb. Az sonra da video və onun qısa təsviri Kremlin saytında yayımlanıb.

Ancaq Putinin namizədliyinin təntənəli elanının dekabrın 14-də keçiriləcək mətbuat konfransında açıqlanacağı istisna edilmir.

2017-ci il, dekabrın 6-da Putin Nijni Novqorod regionunda avtomobil zavodunu ziyarət edərkən işçilərdən biri ona yaxınlaşaraq növbəti ilin martında namizəd olmasını xahiş etmişdi: "Bu gün bu zamanda, istisnasız olaraq, hər kəs sizi dəstəkləyir. Bizə hədiyyə verin - qərarınızı bildirin!". Cavabında Putin yenidən namizəd olacağını demişdi.

Putin 2013-cü ildə Xodorkovskinin əfvini və özünün boşanmasını da buna bənzər şərtlərdə elan edib. Bu anlamda dekabrın 8-də namizədliyini irəli sürəcəyini bildirdiyi ortam heç də yeni deyildi.

London Universitet Kollecinin Rusiya siyasəti üzrə professoru Ben Nobl (Ben Noble) X-də paylaşdığı postunda belə davranışı "əttökən, bayağı siyasi teatr" adlandırıb.

XS
SM
MD
LG