Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:34

Putin deyib ki, Ukraynada 600 min Rusiya hərbçisi var


Rusiya prezidenti Vladimir Putin Ukraynadakı hərbi əməliyyatlar zonasında olan Rusiya hərbçilərinin 600 min nəfər olduğunu deyib.

Bu, bütün Rusiya ordusunun rəsmi sayının demək olar yarısı deməkdir və orduda müqavilə ilə xidmət edənlərin sayına uyğundur.

Putin Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin iştirakçıları ilə görüşdə deyib ki, müharibə zonasında Rusiya ordusunun mexanizmi daimi “köklənmə” tələb edir.

O bəyan edib ki, “döyüş əməliyyatlarının meydanı böyükdür, demək olar 2 min kvadrat kilometri əhatə edir və mexanizm nəhəngdir”.

Rusiya ordusunun 45 faizi Ukraynadadır?

Putin dekabrın 1-də Rusiya ordusunun ştatlı heyətinin 130 min nəfər artırılaraq 1 milyon 320 min nəfərə çatdırılmasına dair fərman imzalamışdı.

Beləliklə onun sözlərindən belə çıxır ki, hazırda Rusiya ordusunun 45 faizi Ukraynadadır.

AzadlıqRadiosu yazır ki, həqiqi rəqəm bundan çox və ya az ola bilər, çünki ordunun ştat heyəti həmişə natamamadır.

Digər tərəfdən prezidentin dediyi rəqəm onun başqa bir fərmanı ilə səfərbər edilmiş 300 min hərbçini nəzərə almır.

10 illik Əfqanıstan müharibəsindən iki dəfə çox hərbçi

Putinin dediyi rəqəmi müstəqil şəkildə yoxlamaq mümkün deyil və bu rəqəm həqiqətdən fərqli ola bilər. Amma onun sözləri həqiqətə yaxındırsa, bu o deməkdir ki, Ukraynaya müdaxilədə 1 milyondan çox hərbçi iştirak edir.

Dekabr ayında CNN telekanalı ABŞ kəşfiyyatındakı mənbələrə istinadla xəbər verirdi ki, Rusiya ola bilsin 2022-cil müdaxiləsində iştirak etmiş 360 min hərbçinin artıq 315 minini itirib.

Bundan başqa Rusiyanın Ukrayanaya ilkin müdaxiləsində Donetsk və Luhansk vilayətlərinin separatçı birləşmələri də iştirak edirdilər.

Bunlar hazırda Rusiya silahlı qüvvələrinə inteqrasiya olunublar.

Bu isə o deməkdir ki, Ukrayna müharibəsində onun üçüncü ildönümündə SSRİ-nin 10 il ərzində keçirdiyi Əfqanıstan kampaniyasından iki dəfə çox insan iştirak edib.

Əfqanıstana sovet müdaxiləsində 620 min hərbçi iştirak etmişdi.

XS
SM
MD
LG